“Lion” - “Beşiktaş” oyunu: kimlər stadionları kin və nifrətin yayıldığı yerə çevirir? - ŞƏRH

“Lion” - “Beşiktaş” oyunu: kimlər stadionları kin və nifrətin yayıldığı yerə çevirir? - ŞƏRH Gələcəkdə stadionların, yarış meydançalarının təhlükəsizliyinin təmin edilməsi daha da aktuallaşacaq
Analitika
14 Aprel , 2017 17:50
“Lion” - “Beşiktaş” oyunu: kimlər stadionları kin və nifrətin yayıldığı yerə çevirir? - ŞƏRH

Bakı. 14 aprel. REPORT.AZ/ İdman millətlər, dövlətlər və insanlar arasında daha çox sülhü, dostluğu təbliğ edən vasitə sayılır.

İnformasiya texnologiyalarının inkişafı nəticəsində kiçilən dünyamızın insanları bir-biri ilə həm də beynəlxalq səviyyəli idman oyunlarında tanış olurlar. Futbol dünyada yayılmış ən kütləvi oyunlardan biri, bəlkə də birincisidir. Təəssüf ki, son illər futbol meydançaları kin, hiddət və nifrətin yayıldığı, iğtişaşın baş verdiyi yerə dönüb.

Düzdür, bütün əyləncəli oyunlarda, o cümlədən futbolda təəssübkeşlik, emosiya var. Onun gözəlliyindən biri də bu hisslərin olmasıdır. Ancaq bu emosiyadan doğan haldan bir dövlət və millətin əleyhinə də istifadə edilir.

Ötən gün Avropa Liqasında "Lion" və "Beşiktaş" komandaları arasındakı 1/4 final mərhələsinin ilk oyunu nəzərdə tutulduğu vaxtdan 45 dəqiqə gec başlayıb. Buna səbəb tribunada iki komandanın azarkeşləri arasında baş vermiş insident olub. Bəzi azarkeşlər səs bombaları atılandan sonra meydana eniblər. Onlar mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra tribunaya qayıdıblar. 

Bu hadisəni dünyanın bir neçə KİV-i Türkiyəyə və türk futbol həvəskarlarına qarşı qarayaxma olaraq istifadə edib.

Türkiyənin “Beşiktaş” futbol komandasının baş məşqçisi Şenol Güneş Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olanın bu kollektivlər arasında İstanbulda keçiriləcək Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasının azarkeşsiz oynanılmalı olduğuna dair səsləndirdiyi fikrə münasibət bildirərək rəqib klubun prezidentinin səhv düşündüyünü söyləyib. O, J.M.Olanın sözlərinin aranı qızışdırmağa xidmət etdiyini vurğulayıb: “Hadisə burada oldu, İstanbulda deyil. Burada ən böyük səhv tribunaların istifadə olunma formasıdır. Mən çox böyük bir hadisə olduğunu düşünmürəm, atılan səs bombalarından narahat olanlar meydançaya girdi. “Lion”nun prezidenti bu cür düşünürsə, səhv düşünür. Biz səhvlərin aradan qaldırılmasını istəyirik, siz səhvə sürükləyirsiniz. Hakimə də, onların baş məşqçisinə də meydana getməyi təklif etdim. Biri bir şey atıbsa, bunu səhv hesab edirəm. Təxribat törədilib. “Lion”nun “Roma” ilə ev oyununu da izlədim. Künc zərbəsi zamanı meydana kənar əşyalar atıldı”.

“Lion” klubunun prezidenti aprelin 20-də bu komandalar arasında İstanbulda keçiriləcək cavab görüşünün azarkeşsiz oynanılmasını tələb etməklə bərabər, təxribatların əvvəlcədən planlaşdırıldığını iddia edib. O, “L'Equipe” nəşrinə açıqlamasında bildirib ki, bəzi azarkeşlər Almaniyadan gəlib: “İğtişaş törədən fanatlar yaxşı təşkilatlanmışdılar. Lakin kimlərsə onlara bilet satıb. Bunlar təhlükəli adamlardır”.

Fransa Futbol Federasiyası ölkə çemponatında aprelin 7-də keçirilən “Metz” - “ Lion” oyununu Şenol Günəş və “Beşiktaş”ın prezidenti Fikret Ormanın izləməsinə icazə verməyib. Federasiya buna səbəb olaraq həmin oyunun azarkeşsiz keçirildiyini əsas göstərsə də, əslində, belə münasibətin bəhanə olduğu sirr deyil.

Aprelin 11-də yenə idman adına ləkə vuracaq, daha doğrusu, ondan çirkli məqsədlərin həyata keçirilməsinin əyani sübutu olan hadisə baş verdi. Çempionlar Liqasının "Borussiya" (Almaniya) və "Monako" (Fransa) arasında ¼ final oyunundan əvvəl dortmundluların avtobusu qarşısında törədilən üç partlayış nəticəsində Almaniya klubunun ispaniyalı müdafiəçisi Mark Bartra xəsarət aldı.

Almaniya Baş Prokurorluğu Dortmunddakı partlayışın terror aktı olduğunu açıqlayıb. Prokurorluq hadisənin törədilməsində “İslam izi"nin olduğunu istisna etməyib. Məlumata görə, terror aktının törədilməsində iki dini ekstremist şübhəli bilinir. Onlardan biri həbs olunub.

Ötən illərdə futbolda idman və xoşməramlılıq adına yaraşmayanları da xatrlamaq istərdik. 2014-cü il noyabrın 13-də Fransa yığmasının Almaniya ilə keçirdiyi yoldaşlıq oyunu zamanı “Stad de Frans” stadionunun qarşısında partlayış baş verib. Oyunu tribunadan izləyən Fransa prezidenti Fransua Olland dərhal evakuasiya edilib.

Həmin ilin iyulunda İsrailin "Makkabi" (Hayfa) və Fransanın "Lill" komandaları arasında Avstriyada keçirilən yoxlama görüşü yarımçıq qalıb. Buna fanatların meydana girmələri səbəb olub. Oyunun 82-ci dəqiqəsində bir qrup azarkeş Fələstin bayraqları ilə israilli futbolçuların üzərinə hücum ediblər. Həmin vaxt "Lill" 2:0 hesabı ilə öndə olub. İnsidenti aradan qaldırmaq mümkün olsa da, oyunun davam etdirilməsi məqsədəuyğun sayılmayıb.

Ötən il iyulun 2-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tbilisidə baş tutan "Dinamo" - "Qəbələ" oyununda Gürcüstanın bir qrup vətəndaşı Azərbaycan və “Qəbələ” futbol klubuna aid bayraqları ayaqları altına ataraq tapdalayıb. 2014-cü il iyulun 31-də Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda, “Bakcell Arena" stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident yaşanıb. Qonaq klubun azarkeşləri tribunada Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən plakat qaldırmışdılar. Bu sayaq kin, nifrət, iğtişaş yayan hadisələrin sayını artırmaq da olar.

Odur ki, yazının əvvəlinə qayıdaq. “Lion” - “Beşiktaş” oyununda baş vermiş xoşagəlməz hadisənin əvvəlcədən təşkili istisna edilmir. Avropadakı Türkiyə əleyhinə olan qruplar, o cümlədən terrorçu PKK-nın təəssübkeşləri bu dövlət haqqında pis təəssürat, ölkə vətəndaşları barədə mənfi ictimai rəy yaratamaq məqsədilə belə addımlar ata bilər. Onların Almaniyadan gəldiyi bildirilir. Ona görə də belə qruplaşmalar Fransa ilə Türkiyə arasında münasibətlərin gərginliyindən istifadə edirlər. Onların əsas hədəfi hər hansı klubu dəstəkləmək deyil, sadəcə Türkiyəyə qarşı nifrət yaratmaqdır.

Nəzərə almaq lazımdır ki, aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcək. Ona görə də oyun başlamazdan əvvəl baş verənləri bu siyasi kampaniyaya qarşı aksiya da saymaq olar. Bütün hallarda kimliyindən asılı olmayaraq, həmin hadisə Türkiyəyə qarşı yönəlmiş təxribatdır.

Əvvəllər də azarkeşlər komandalarına sevgilərini müxtəlif şəkildə ifadə ediblər, hətta rəqib klubun oyunçuları təhqir belə edilib. Bu, emosional vəziyyət adlandırılıb, üstündən keçilib. Ancaq dünya siyasətində yeni hadisələr futbola yanaşmadan da yan ötməyib. Heç futbolla əlaqəsi olmayanlar oyunu izləmək məqsədilə bilet alıb, tribunadan təmsil etdiyi siyasi-ideoloji xəttin təbliğatını apara bilər. Təhlükəsizlik xidmətinin əməkdaşları onları tribunadan yalnız fikirlərini söylədikdən sonra uzaqlaşdıra bilərlər. Əlbəttə, əgər istəsələr. Çünki təhlükəsizliyə cavabdeh onların belə davranışı dövlətin mənafeyinə xidmət etməsindən də asılıdır.

Beləliklə, yaxın perspektivdə futbol və başqa idman oyunlarının keçirildiyi meydanların tribunalarında daha ağır hadisələrin olacağı istisna edilmir. Çünki azarkeşlər idmandan çox rəqibə qarşı nifrət ruhunda köklənirlər. Bunun səbəblərindən biri isə oyunları şouya çevirib, daha çox pul qazanmaq istəyidir. Digər səbəb isə siyasi xarakterlidir. Ehtimal etmək olar ki, belə dağıdıcı hiddət beynəlxalq yarışlarda özünü daha çox göstərəcək. Ona görə də gələcəkdə stadionların, yarış meydançalarının təhlükəsizliyinin təmin edilməsi məsələsi daha da aktuallaşacaq. 

Son xəbərlər

Orphus sistemi