KTMT Baş katibinin səfəri - İrəvanın baş tutmayan təxribatı - ŞƏRH

KTMT Baş katibinin səfəri - İrəvanın baş tutmayan təxribatı - ŞƏRH Ermənistan ordusu kapitulyasiyadan və növbədənkənar parlament seçkilərindən sonra yenidən qurulur.
Analitika
10 Avqust , 2021 13:58
KTMT Baş katibinin səfəri - İrəvanın baş tutmayan təxribatı - ŞƏRH

Ermənistan ordusu kapitulyasiyadan və növbədənkənar parlament seçkilərindən sonra yenidən qurulur. Orduya yeni rəhbərlər təyin olunur. Baş nazir Nikol Paşinyanın istefasını tələb etmiş generallar və başqa yüksək rütbəli zabitlər işdən çıxarılır.

Ermənistan dünya ictimaiyyətinin diqqətini özünə çəkmək üçün Azərbaycanla dövlət sərhədində təxribatlar törədir. SSRİ dövründə hamı tərəfindən qəbul edilən ərazilərdən çıxmaq istəmir. Həmin torpaqların guya onlara məxsus olduğunu iddia edir. Beynəlxalq ictimaiyyət isə həmişəki kimi yenə Ermənistana yerini göstərməkdən vaz keçir. Azərbaycan torpaqları işğal altında olanda həmin beynəlxalq vasitəçilər Ermənistanın işğalçı olduğunu bildirmirdi. Bu cinayətinə görə İrəvan sanksiyaya məruz qalmırdı. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan eyni tutulurdu.

İndi də yenə İrəvanın başı sığallanır. Ermənistandan öz sərhədlərinə çəkilməsi, Azərbaycan torpaqlarından hərbçilərini çıxarması tələb olunmur. Çünki tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün şərtlərə sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanın işğalçı istəklərindən əl çəkməsi kimi məsələlər də daxildir. Təəssüf ki, beynəlxalq vasitəçi rolunda çıxış edənlər, yaxud bu istəkdə olanlar bu şərtlərin ödənilməsini İrəvandan tələb emirlər.

Bu arada ABŞ-da Ermənistanı nəzarətsiz qoymayıb. Birləşmiş Ştatların İrəvandakı səfiri Linn Treysi Azərbaycanla sərhədyanı Qərbi Zəngəzur bölgəsinə (Sünik vilayətinə) səfər edib. O, avqustun 9-da Ermənistan hökuməti administrasiyasının nümayəndələrilə birlikdə polisin yeni patrul xidmətinin işi ilə tanış olub. Linn Treysi Ermənistandakı patrul xidmətinin təşkilində və bu sahədə islahatların aparılmasında ABŞ-ın İrəvana dəstək verəcəyini bildirib. Belə çıxır, beynəlxalq vasitəçilər Ermənistanın sülh müqaviləsi imzalamasında maraqlı deyillər. Ona görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında hələ də hərbçilər əsas rolu oynayır.

Deməli, Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini kimi iyulun 27-də Moskvaya səfər etmişdi. Bundan iki həftə sonra, yəni avqustun 10-da o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə yenə Moskvaya yola düşüb. Ötən gün isə Kollektiv Təhlıükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas İrəvana səfər edib. Maraqlıdır, Ermənistanın müdafiə naziri iki həftədən bir Moskvaya niyə gedir? Zas İrəvanda daha çox nəyi müzakirə edib? Belə ehtimal etmək olar ki, Arşak Karapetyanın birinci müavin kimi səfəri nazir postuna təyinatı ilə bağlı olub. Çünki o, Rusiyadan gələndən sonra nazir təyin olundu. Bu baxımdan onun iyulun 27-dəki səfərini Rusiyanın testindən keçib xeyir-duasını almaq kimi də dəyərləndirmək olar. Qeyd edək ki, Nikol Paşinyan 2018-ci ildə hökuməti formalaşdıranda Rusiya ilə məsləhətləşməyib özbaşınalıq etdiyi üçün sonradan bunun əziyyətini çəkdi. Odur ki, güc strukturlarına təyinata Kremlin nəzarət etməsini bu dəfə vacib sayıb.

Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri postu hələ də boşdur. Çünki Rusiya Ermənistan xarici işlər nazirinin birinci müavini Armen Qriqroyanın nazir təyin olunmasını istəmir. Moskvanı bu vəzifədə daha çox Ermənistan parlamentinin keçmiş sədri Ararat Mirzoyan qane edir.

Arşak Karapetyanın avqustun 10-da etdiyi səfər zaman danışıqların Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq məsələləri ilə yanaşı, rəsmi İrəvanın bu sahədə qarşısında duran vəzifələr müzakirə ediləcək. Habelə erməni general-mayora Sergey Şoyqunun tapşırıqlar verəcəyi də istisna olunmur. Bu, Azərbaycandakı Rusiya sülhməramlı hərbçilərin fəaliyyəti, Xankəndindəki Ermənistan ordusunun vəziyyəti, Ermənistan-Azərbaycan sərhədindəki atışmalarla da bağlı ola bilər. Odur ki, bu dəfə Karapetyanın Şoyqudan konkret tapşırıqlar alacağı ehtimal olunur.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas avqustun 9-da İrəvana səfər edib. O, Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri səlahiyyətlərini icra edən Armen Qriqoryan, müdafiə naziri Arşak Karapetyan və başqa rəsmilərlə görüşüb. Baş katiblə görüşlərdə daha çox Azərbaycanla sərhəddəki vəziyət müzakirə olunub. Heç şübhəsiz, rəsmi İrəvan sərhəddə KTMT hərbçilərinin yerləşdirilməsinə nail olmağa çalışır. Yaxud sərhəddəki vəziyyətlə bağlı İrəvanın təxribatçı mövqeyinin müdafiə olunmasına cəhd göstərir. Ancaq Ermənistanın KTMT və üçüncü qüvvələri bölgəyə cəlb etmək cəhdi hələ ki baş tutmur. Qurumun baş katibi Stanislav Zas erməni rəsmilərlə keçirdiyi görüşlərdə bunu bir daha bildirib: “Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”. O qeyd edib ki, məsələnin həlli üçün Ermənistan-Azərbaycan-Rusiya formatında fəaliyyət vacibdir. S.Zas bildirib ki, vəziyyət KTMT-nin diqqətindədir və Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə uyğun monitorinq həyata keçirirlər.

Qeyd edək ki, bu hərbi təşkilatla Paşinyan hökuməti arasında ciddi problem yaşandı. Həmin hadisə səbəbindən Ermənistan baş katib postuna növbəsini belə itirdi. Bu il sentyabrın 15-də Düşənbədə KTMT xarici işlər və müdafiə nazirlərinin, təhlükəsizlik şurası katiblərinin birgə iclası, sentyabrın 16-da isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammiti keçiriləcək. Bu toplantıda təşkilata sədrlik Ermənistana veriləcək. Şuranın sessiyasında 4 sənədin imzalanacağı gözlənilir. Onlardan biri KTMT sülhməramlılarının fəaliyyəti ilə bağlı razılaşmanın dəyişdirilməsi, onların cəlb edilməsi imkanlarının müəyyənləşdirilməsidir. Odur ki, Moskva və İrəvanın Azərbaycanla sərhədə, Rusiya sülhməramlı hərbçilərinin nəzarəti altında olan Azərbaycan bölgələrinə KTMT-nin sülhməramlıları adı altında hərbi qüvvə yerləşdirəcəyini ehtimal etmək olar.

Beləliklə, ABŞ Ermənistan polisi üçün yeni patrul xidmətində yardım edir. Ağ Evin bu kimi işlər də daxil olmaqla rəsmi İrəvana islahatlara yardım adı altında milyonlarla maliyyə vəsaiti ayıracağı, yaxud bu istiqamətdə işin təşkilinə dəstək olacağı gözlənilir. Rusiya isə KTMT sülhməramlılarını regiona gətirmək üçün İrəvanla yeni planı müzakirə edir...

Son xəbərlər

Orphus sistemi