Kataloniyanın müstəqilliyinin təxirə salınması - Avropa separatçılara yanaşmasını dəyişir? - ŞƏRH

Kataloniyanın müstəqilliyinin təxirə salınması - Avropa separatçılara yanaşmasını dəyişir? - ŞƏRH Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq güclərin maraq dairəsində olan aktual məsələ deyil
Analitika
11 Oktyabr , 2017 15:01
Kataloniyanın müstəqilliyinin təxirə salınması - Avropa separatçılara yanaşmasını dəyişir? - ŞƏRH
Getty Images

Bakı. 11 oktyabr. REPORT.AZ/ Kimin nəyi nəzərdə tutmasından asılı olmayaraq, dünyada baş verən bir sıra siyasi, iqtisadi, maliyyə və bəzən də sosial hadisələr müxtəlif mərkəzlərdən idarə edilir. Elə olmasaydı, dollar bahalaşıb, ucuzlaşmazdı, neftin qiyməti tez-tez dəyişməzdi, yeni dövlətlər yaranmazdı, yaxud buna cəhdlər olunmazdı.

Düzdür, iqtisadi məsələlərdə bazarın tələb və təklif kimi qızıl qaydası da var. Ancaq bu prosesin də idarə edildiyi təsdiqlənir.

Siyasi məsələlərin idarə edilməsi isə maraqların təmin olunması ilə tənzimlənir. Məsələn, Afrikanın şimalında “ərəb inqilabı” lazım idi və bu, siyasi texnoloqların fəaliyyəti nəticəsində baş tutdu. Məhəmməd Mursi Misirdə hakimiyyətə gəririldi, daha sonra maraqların təmini fonunda vəzifədən uzaqlaşdırıldı, həbs olundu və s.

İkinci Dünya müharibəsi dövründə Almaniyada faşizm dünyaya meydan oxumağa başlamışdı. Güclər birləşdi və dünyanı bu bəladan qurtardı. Bununla bağlı çoxlu sayda nümunələr göstərmək mümkündür.

Son illərdə müxtəlif dövlətlərdə separatçılıq meylləri güclənib. Buna başçılıq edən şəxslər mərkəzi hakimiyyətləri dövlətləri parçalamaqla hədələyir, "müstəqillik" uğrunda mübarizə apardıqlarını bildirirlər. Bu proses dünyanı idarə edənlərdən heç olmazsa birinin marağına uyğun olanda separatçılıq az da olsa öz “hədəfi”nə çatır. 

İspaniya Krallığının Kataloniya Muxtar Əyalətində baş verən hadisələr də qeyd etdiyimiz yanaşmadan kənar deyil. Oktyabrın 1-də əyalətdə “müstəqilliklə bağlı referendum” keçirilib. Bölgə əhalisinin “müstəqillik” tərəfdarları olan hissəsi oktyabrın 10-da Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemonun əyalət parlamentində bunu bəyan edəcəyini gözləyirdilər.

Karles Puçdemon

Hökumət başçısı deyib: “Muxtariyyət İspaniyanın tərkibindən çıxmaq üçün oktyabrın 1-də keçirilən referendum nəticəsində mandat alıb. Əyalətin milyonlarla sakininin fikrincə, özünüidarəetməni saxlamağın yeganə yolu Kataloniyanın müstəqil olmasıdır”.

Bununla belə, K.Puçdemon parlamenti müstəqilliyi elan etməyi bir neçə həftəliyə təxirə salmağa, rəsmi Madridlə danışıqları davam etdirməyə çağırıb.

Əyalətin statusu ilə bağlı rəsmi Madridlə Kataloniya arasında ötən əsrdə də problem olub. Məsələn, 1934-cü ildə Kataloniyanın müstəqilliyi üçün atılan addımlar əyalət üçün faciə ilə başa çatmışdı. 1981-ci ildə isə krallıqda hərbi çevriliş olandan sonra hakimiyyətə gələn hərbçilər xəbərdarlıq edərək bildirmişdi ki, əyalətin müstəqilliyinin birtərəfli qaydada elan olunmasına təcili olaraq qanun və demokratiyanın bərpası prinsipi ilə cavab veriləcək.

Görünür, İspaniyanın baş naziri Mariano Rahoy də bu hadisələri nəzərdə tutaraq Kataloniyanın müstəqil olmayacağını hələ “referendum”dan əvvəl söyləmişdi. Mərkəzi hakimiyyət bildirmişdi ki, Kataloniya müstəqilliyini elan edəcəyi təqdirdə İspaniya konstitusiyasının 155-ci maddəsinə əsasən əyalətin muxtariyyəti də ləğv ediləcək. Bu isə əyalətdəki hökumətin səlahiyyətlərinin qanundankənar elan olunması, krallığın əsas qanununu pozduqları üçün onların cinayət məsuliyyətinə cəlb edilməsi, hətta Kataloniyada fövqəladə vəziyyətin elan olunması, bölgəyə hərbçilərin yerləşdirilməsi ilə nəticələnə bilərdi.

Əyalət hökumətinin başçısı Karles Puçdemon Kataloniyanın müstəqilliyini elan etsəydi, o, qiyamda ittiham olunaraq 30 il müddətinə azadlıqdan məhrum edilə bilərdi. Bundan başqa, Kataloniya hökuməti administrasiyasının üzvlərinə qarşı Cinayət Məcəlləsinin səlahiyyət həddini aşmaq maddəsi ilə cinayət işi başlanılıb. 

“Referendum”dan sonra Avropa İttifaqına üzv dövlətlər, ABŞ və dünyanın bir çox dövlətləri bu aksiyanı qanunsuz adlandırmış, İspaniyanın ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdilər.

Beləliklə, Kataloniyanın müstəqilliyi məsələsi baş tutmadı. Niyə? Çünki bu “müstəqillik” dünyanı idarə edən güclər tərəfindən dəstəklənmədi. Başqa sözlə, İspaniyanın parçalanmasının daha ağır fəsadlarının olacağı qənaətinə gəlindi.

Böyük Britaniyanın tərkib hissəsi olan Şotlandiya üç il əvvəl müstəqilliklə bağlı referendum keçirmişdi. Onda nəticə müstəqilliksevərlərin xeyrinə olmadı. Bununla belə, o zaman nə ABŞ, nə də Avropa İttifaqı bu prosesi dəstəkləmirdi. Ancaq referendum keçirildi. Şotlandiya özünü müstəqil elan etsəydi, onun da çoxsaylı problemlərlə üz-üzə qalacağı ehtimal edilirdi.

Kataloniyada nəticə “müstəqillik” istəyənlərin xeyrinə, Şotlandiyada isə əksinə olsa da, bu ideya gerçəkləşmədi. Niyə? Çünki aparıcı güclər, yaxud siyasi hadisələri idarə edənlər bunun baş verməsində maraqlı deyillər. Ancaq Britaniyanın Avropa İttifaqından çıxması vəziyyəti dəyişə bilər. Şotlandiya rəhbərliyi yenidən eyni mövzuda referendum keçirəcəyini açıqlayıb. Bundan başqa, onlar Avropa İttifaqına üzv olmaq istədiklərini də bəyan ediblər.

Mariano Rahoy

Deməli, bu məsələdə dünyanın aparıcı güclərindən birinin marağı üçün şirnikləndirici şərt mövcuddur.

Beynəlxalq hüquqa əsasən, aborigen etnoslar müstəqil dövlət qura bilərlər. Təbii ki, burada da həmin ölkələrin qanunları əsas rol oynayır. Başqa sözlə, birtərəfli qaydada müstəqillik, adətən, tanınmır.

Referendumdan sonra rəsmi London Şotlandiyaya krallıq daxilində əlavə səlahiyyətlər verdi. İspaniyanın mərkəzi hakimiyyəti də Kataloniyanın muxtariyyətinin genişləndirilməsini təklif edir.

Hər halda yeni Kataloniyanın qurulacağı istisna edilmir.

Son zamanlar bu sayaq “referendum”lar dünyanın siyasi gündəliyini zəbt edib. Elə İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən oxşar aksiya da dünyanın aparıcı gücləri tərəfindən tanınmır. Onlara İraqla konfederasiya yaratmaq təklif edilib.

Bütün bunlar Dağlıq Qarabağdakı erməni icmasının separatçılığını və dünyanın aparıcı dövlətlərinin buna münasibətini yada salır. Müqayisə qüsurlu da olsa, yaranmış vəziyyətin görünən tərəfi ilə bağlı bəzi paralellər aparmaq olar. Qarabağdakı ermənilər yerli sakin, aborigen deyillər. Bu baxımdan onların Azərbaycanın bu bölgəsində dövlət yaratmağa heç bir haqqı və hüququ yoxdur. Ancaq onlar Azərbaycanın ərazisində “referendum” keçirir, özləri üçün “dövlət" elan edirlər. Onlar bunu niyə edə bilirlər? Çünki siyasi hadisələri idarə edənlərin əksəriyyəti bu prosesi dəstəkləyir. Yoxsa Rusiyanın kölgəsində, bu ölkənin hesabına dolanan Ermənistan Dağlıq Qarabağdakı erməni icmasını heç bir sahədə təmin edə bilməzdi.

Yeri gəlmişkən, ötən ilin hesabatına əsasən, Ermənistan Rusiyadan maliyyə yardımı alan üç dövlətdən biridir.

Deməli, Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq güclərin maraq dairəsində olan aktual məsələ deyil. Axı Azərbaycan tərəfi də torpaqlar işğaldan azad ediləcəyi halda Dağlıq Qarabağdak erməni icmasına genişləndirilmiş muxtariyyətin verilməsi ilə bağlı danışıqların aparılmasının mümkünlüyünü bildirib.

Nə qədər acınacaqlı olsa da, dünya güclərinin ədalətinə inanmaq sadəlövhlük olardı. Çünki onlar milyonlarla insanı “geopolitik” və “milli” adlanan maraqlarına qurban verirlər. 

Son xəbərlər

Orphus sistemi