Karapetyanın Sarqsyanı tərifləməsi - baş nazir düşmənlərini hürkütmür - ŞƏRH

Karapetyanın Sarqsyanı tərifləməsi - baş nazir düşmənlərini hürkütmür - ŞƏRH Ermənistanda baş nazir, əvvəllər də prezident vəzifəsinin “hə”sini Moskva, erməni lobbisi, kilsə verib və bundan sonra da belə olacaq
Analitika
16 Noyabr , 2017 15:52
Karapetyanın Sarqsyanı tərifləməsi - baş nazir düşmənlərini hürkütmür - ŞƏRH

Bakı. 16 noyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyana hökumətə başçılığı uğrunda açıq mübarizə aparması üçün hələ də icazə verilməyib. Bunu onun parlamentin ötəngünkü iclasında səsləndirdiyi fikirlər bir daha sübut etdi.

K.Karapetyan parlamentin hökumət saatı iclasındakı çıxışında deputatların sullarını cavablandırıb. “Çıxış” adlı müxalifət sayılan parlament fraksiyasının sədri Nikol Paşinyan ondan 2018-ci ildə baş nazirliyə namizəd olub-olmayacağını soruşub: “Ermənistan Respublikaçılar Partiyasının (hakim partiyadır – S.İ.) mətbuat katibi Eduard Şarmazanov bildirib ki, təmsil etdiyi siyasi təşkilatdan fəaliyyətdə olan prezident Serj Sarqsyanın namizədliyi irəli sürüləcək. Siz öz namizədliyinizi irəli sürməyə hazırsınızmı, yoxsa baş nazirin müavini olmaqla barışacaqsınız”. K.Karapetyan isə suala cavab olaraq deyib: “Namizədliyimi irəli sürüb-sürməyəcəyimlə bağlı haqqım icazə verin, özümdə qalsın. Sizi əmin edirəm ki, bu məsələ ilə bağlı hər kəs öz fikrini söyləyəcək. Bununla belə, hamımızın təcrübəsinə və roluna görə ona (Serj Sarqsyanı nəzərdə tutur – S.İ.) yüksək dəyər verdiyimizi də təsdiqləməliyəm”.

K.Karapetyan Ermənistan Respublikaçılar Partiyasının üzvü olduğuna görə belə ehtiyatla danışıb. Çünki Ermənistan hökumətinə nə əvvəl, nə də ötən il boş və mənasız yerə gətirilməyib. O, rəqiblərini və düşmənlərini hürkütməmək üçün ehtiyatla, ürkək-ürkək danışıb.

Əslində, onun deputata cavabını belə də yozmaq olar: Serj Sarqsyan onlar üçün dəyərli adamdır və onu hörmətlə yola salmaq lazımdır. Əgər imkan olsa və mənə üstünlük verilsə, baş nazir olaram, əks təqdirdə, müavinliklə də keçinmək mümkündür. Ancaq bütün hallarda K.Karapetyan hökumətdə mümkün olarsa, birinci, olmazsa isə ikinci yerlə razılaşdığını indidən bildirir.

Oktyabrın sonunda və noyabrın 14-də Yerevandakı “Arinch Mall” və “Surmalu” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar həm də yeni Vergi Məcəlləsinə qarşı imza toplayıblar. “Arinch Mall”un Ermənistan parlamentindəki “Tsarukyan” blokunun, “Çiçəklənən Ermənistan” Partiyasının lideri, milyonçu Qaqik Tsarukyana məxsus olduğu vurğulanır. 

Serj Sarqsyan və Karen Karapetyan

Ötəngünkü iclasda “Tsarukyan” blokunun deputatı Gevorq Petrosyan baş nazirdən həmin ticarət mərkəzlərindəki vəziyyəti soruşub, vergi müfəttişlərinin vəhşiliyindən danışıb. K.Karapetyan vəhşiliyi pislədiyini və əgər belə fakt varsa, onun araşdırılmasının vacibliyini söyləyib: “Ancaq siz “Arinch Mall” haqqında soruşursunuzsa, o zaman sualı fərqli şəkildə qoymalısınız”. Əslində, baş nazir bununla Qaqik Tsarukyana cavab verib.

Ümumiyyətlə, “Tsarukyan” bloku 2018-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı hökuməti kəskin tənqid edib. Bununla da həm “Arinch Mall”la bağlı baş nazirə hücuma keçib, həm də Serj Sarqsyanın gizli adamı və “müxalifət” kimi Karen Karapetyana qarşı açıq mübarizəyə başlayıb. Ona görə də Respublikaçılar Partiyasından olan deputatlar “Tsarukyan” blokunun hökuməti tənqid etməsinə cavab verməyiblər. “Tsarukyan” bloku həmçinin parlamentdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin əleyhinə səs verəcəyini bildirib.

Deputat Tiqran Urixanyan “Qazprom Armeniya”nın Rusiyaya səhmlərini satması ilə bağlı sual verib: “Ermənistan “Qazprom Armeniya”nın sonuncu 20 faiz səhmlərini Rusiyaya 300 milyon dollara ucuz satmayıb?”. Karen Karapetyan sualın cavabında “Qazprom”u tərifləyərək şirkətin Ermənistana bir milyard sərmayə qoyduğunu söyləyib. Baş nazir İran-Ermənistan təbii qaz kəmərinin tikintisinə, habelə ölkənin qazlaşdırılmasına “Qazprom”un 18-96 faizədək sərmayə yatırdığını vurğulayıb.

Yeri gəlmişkən, Ermənistan Rusiyadan təbii qazın min kubmetrini 150 dollara alıb əhaliyə üç dəfə baha satır. “Qazprom-Armeniya” isə Karen Karapetyana məxsusdur.

Karen Karapetyan və Qaqik Tsarukyan

Karapetyan Sarqsyana qarşı açıq mübarizə aparmasa da, ara-sıra öz iddialarını gizlətmir və sanki bu istəklə yaşayır: “Bu dəfə baş nazirin birinci müavini, növbəti dəfə baş nazir”.

Onsuz da Ermənistandakı siyasi, sosial, iqtisadi, bir sözlə, bütün sahələrdəki vəziyyətin mövcud halı Serj Sarqsyanın adı ilə bağlıdır. Karen Karapetyan isə prezidentin yaratdığı mövcud vəziyyətə daha çox yuxarıdan, Moskvadan tapşırılacağı halda varislik edə bilər. Əks təqdirdə, indiki şəraitdə onu qane edir.

Ötən gün Ermənistan prezidenti Serj Sarqsyan Aqveranda erməni iş adamları ilə görüş keçirib. Onlara gələcəkdə Ermənistana sərmayə qoymaq daha optimal şəraitin yaradılacağını vəd edib. Həmin görüşdə Karen Karapetyanı görən olmayıb.

Rusiyada yaşayan erməni milyarder Samvel Karapetyanla baş nazirin çox isti münasibətlərinin olduğunu deyirlər. Ötən günlərdə Karen və Samvel Karapetyanlar Ermənistanda bir sıra tədbirlər həyata keçiriblər. Bununla da Karen Karapetyan Ermənistan iqtisadiyyatına milyarderləri cəlb etdiyini nümayiş etdirmək istəyib. Serj Sarqsyan isə 30-a yaxın iş adamı ilə görüşərək sanki baş nazirə ismarıc göndərib.

Baş nazirlik uğrunda mübarizənin hansı formada gedəcəyi maraqlıdır. Ancaq bunun şou olduğu da gizli deyil. Ermənistanda baş nazir, əvvəllər də prezident vəzifəsinin “hə”sini Moskva, erməni lobbisi, kilsə verib və bundan sonra da belə olacaq. Bu təbliğatlar isə ictimaiyyətin gözündən pərdə asmaq üçün lazımdır. Çünki baş nazir parlament tərəfindən seçiləcək. Bu qurumun da 105 üzvü var. Onların 65-i hakim koalisiyanın (onların 58-i Respublikaçılar Partiyasını, 7-si isə daşnakları təmsil edir), müxalifəti isə 40 deputat (“Çiçəklənən Ermənistan” Partiyası, “Tsarukyan” bloku 31, “Çıxış yolu Birliyi” Partiyası, “Çıxış” bloku 9) təmsil edir. Başqa sözlə, hakim koalisiya parlamentdəki səslərin yarısından çoxuna malik olduğundan baş nazir postuna da onların istədiyi təsdiqlənəcək.

Qaqik Tsarukyan və Serj Sarqsyan

Ermənistan parlamentinin noyabrın 15-də “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etməsi bunu bir daha təsdiqləyib. İclasda iştirak edən 86 deputat qanun layihəsinin lehinə, 6-sı isə əleyhinə səs verib. Halbuki üst-üstə 40 müxalif deputat var. Çünki müxalifət sayılan “Çıxış” bloku deputatları bu qanun layihəsinin əleyhinə səs verməyə çağırmışdı. Hətta bu blok bütövlükdə belə sənədin əleyhinə səs verməyib.

Demokratik və normal dövlətlərdə prezident və baş nazirlik uğrunda mübarizə aparan insan öz namizədliklərini az qala bir il əvvəldən açıqlayırlar. Niyə? Çünki onlar səsvermə yolu ilə hakimiyyətə gəlirlər. Geri qalan, mürtəce dövlətlərdə isə siyasətçilər bu məsələ ilə bağlı öz istəklərini az qala seçki günü açıqlayırlar.

Beləliklə, Karen Karapetyan özünü şikarının ovçusu kimi apararaq gözləmə mövqeyindədir. Onsuz da Moskvadan kimin seçilməsi məsləhət görülsə, parlament onu dəstəkləyəcək. Karen və Serj bu oyunda piyadadırlar. 

Son xəbərlər

Orphus sistemi