İspaniyanın ikiüzlülüyü – bölücülükdən əziyyət çəkən ölkə erməni separatizmini dəstəkləyir - ŞƏRH

İspaniyanın ikiüzlülüyü – bölücülükdən əziyyət çəkən ölkə erməni separatizmini dəstəkləyir - ŞƏRH İllər uzunudur ki, İspaniya öz ərazisində separatizmə qarşı mübarizə aparır, onun fəsadlarını yaşayır. İspaniyanın üzləşdiyi problemləri Azərbaycan nə az nə çox, düz 30 il yaşayıb və bu mənada, onu yaxşı başa düşür. Fərq ondadır ki, İspaniyada separatizmə
Analitika
15 Avqust , 2023 14:01
İspaniyanın ikiüzlülüyü – bölücülükdən əziyyət çəkən ölkə erməni separatizmini dəstəkləyir - ŞƏRH

İllər uzunudur ki, İspaniya öz ərazisində separatizmin fəsadlarını yaşayır, ona qarşı mübarizə aparır. İspaniyanın üzləşdiyi problemləri Azərbaycan nə az nə çox, düz 30 il yaşayıb və bu mənada, onu yaxşı başa düşür. Beynəlxalq dəstək baxımından korluq çəkməyən İspaniyadan fərqli olaraq Azərbaycan illərdir ki, bu məsələdə ikili standartların, ayrı-seçkiliyin qurbanı olub. Problemlərini təkbaşına, beynəlxalq dəstək olmadan həll etməyə çalışanda isə təzyiq və təpkilərlə üzləşir. Təzyiqlərə rəğmən də problemi təkbaşına həll etməyə çalışır. Rəsmi Bakının illər uzunu İspaniyanın separatizmlə mübarizəsində haqq işini, ərazi bütövlüyünü müdafiə etdiyi sirr deyil. Bu səbəbdən də qarşı tərəfdən analoji addımın atılacağına ümid edirdi. Yəni, İspaniya dünyanın istənilən ölkəsində separatizmə qarşı mübarizə aparan dövlətlərlə həmrəylik nümayiş etdirib, bir mövqedən çıxış edəcək. Lakin görünən odur ki, rəsmi Madrid nəinki bu prosesə qarşı çıxır, əksinə separatçılara dəstək verir. Söhbət İspaniyanın Rusiyadakı səfirliyinin Qarabağdakı erməni separatçılarına yardım göstərməsindən gedir. Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəkləməsi sadəcə bu ölkənin ermənilərin təsiri altında olduğunun göstəricisidir. Ən rəzalət doğuran hal həm də odur ki, İspaniya səfirliyi öz “X” (tviter) hesabında paylaşım edib və bu zaman Qarabağ separatçılarının qondarma “bayrağından” da istifadə edib. Bu yardımın erməni lobbisinin güclü olduğu Rusiyadan edildiyi də diqqət çəkir.

Faktiki olaraq illər uzunu Kataloniyada separatizm çıxışlarına sərt reaksiya verən rəsmi Bakı bu məsələdə İspaniya hökumətinin yürütdüyü siyasəti dəstəkləyib, onunla həmrəylik nümayiş etdirib. Bəs necə olur ki, bu halda İspaniyanın Rusiyadakı diplomatik nümayəndəliyi belə bir məsuliyyətsiz addıma imza atır. Maraqlıdır, Azərbaycanın hansısa bir diplomatik nümayəndəliyi ispan separatçılarına qarşı belə bir yardımla çıxış etsəydi, hansı reaksiya ilə üzləşərdi? Təbii ki, genişmiqyaslı təpki və sanksiyaların sayı-hesabı olmazdı. Lakin Azərbaycanın nəinki dövlət qurumu, heç qeyri-dövlət təşkilatı belə bu illər ərzində belə bir addım atmağı özünə rəva bilməyib.

İspaniyanın diqqətinə başqa bir məsələni çatdıraq. Madrid 2017-ci ildə bu ölkədə Kataloniyanın müstəqilliyinə dair referendumu, 90 faiz insanın müstəqilliyə səs verməsini və Azərbaycan XİN-in baş verənlərə reaksiyasını nə tez unudub? Halbuki, həmin bəyanatda bildirilmişdi ki, Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir. İspaniya isə bunun əvəzini Qarabağdakı separatçılara dəstək vermək formasında çatdırır? Beynəlxalq hüququn prinsiplərini kobudcasına pozaraq Qarabağ separatçılarına açıq dəstək nümayiş etdirməsi nəyə hesablanıb?

Yeri gəlmişkən, İspaniya tərəfinin diqqətinə ölkəsinin Azərbaycandakı İqnasio Sançes Taboadonun səsləndirdiyi fikirləri çatdırmaq istərdik. Diplomat bir neçə il öncə “Report”a müsahibəsində Qarabağ məsələsi ilə Kataloniya ətrafındakı vəziyyət arasında paralellər aparıldığının əleyhinə olduğunu, bunun erməni təbliğatı olduğunu bəyan etmişdi. “Çünki erməni təbliğatı Kataloniya ətrafındakı vəziyyətin separatçı millətin mübarizəsinə bənzətməsinə çalışır. Əslində isə bunlar tamamilə fərqli vəziyyətlərdir. Biz separatizm təzahürlərini dəstəkləmirik” deyən diplomatın fikirləri necə olur ki, indi qulaqardına vurulur.

Təbii ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara və selektiv yanaşmaya yol verilməməli olduğu halda, Madridin bu addımı sadəcə rüsvayçılıqdan başqa bir şey deyil. Kataloniyada baş verən hadisələrə separatçılıqdan başqa ad vermək mümkün deyil və baş verən hadisələr Avropa qarşısında çox təhlükəli bir çağırışdır. Lakin görünən odur ki, nə Avropa, nə də separatizmdən əziyyət çəkən İspaniya baş verənlərdən nəticə çıxarmır. Görünür, asılı olduğu erməni havadarlarının təsir imkanları daha güclüdür.

İspaniya diplomatik nümayəndəliyinin bu addımı hökumətin xeyir-duası ilə həyata keçirdiyi bəllidir. Bu iyrənc hadisə belə deməyə əsas verir ki, İspaniya dünyanın siyasi sabitliyinə böyük təhdid törədən separatizm meyillərindən ibrət götürmür.

Bir sözlə, İspaniyanın diplomatik nümayəndəliyi vasitəsilə etdiyi bu hərəkət rəzillikdir. Ümid etmək olar ki, İspaniya səhvini düzəldib Qərbin əlində siyasi alətə çevrilməyəcək. Çünki belə siyasətin bumeranq kimi sahibinə qayıtmasının da bir reallıq olduğunu hamı öz gözlərilə görür. Bu gün İspaniya başqa ölkədə separatizmə dəstək verirsə, öz ərazisində də separatizm dalğasının güclənə biləcəyini unutmamalıdır.

Son xəbərlər

Orphus sistemi