İslam Respublikasında seçkilər, dəyişəcək bölgə, yeni İran - ŞƏRH

İslam Respublikasında seçkilər, dəyişəcək bölgə, yeni İran - ŞƏRH İranda dəyişikliyin bu qüvvələr tərəfindən ediləcəyi ehtimalı daha böyükdür
Analitika
25 Fevral , 2016 16:06
İslam Respublikasında seçkilər, dəyişəcək bölgə, yeni İran - ŞƏRH

Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 26-da İran Məclisi ilə eyni vaxtda Dini Ekspertlər Şurasına da seçkilər keçiriləcək.

Bununla bağlı bəzi məlumatları diqqətinizə çatdıraq.

Parlament seçkilərində namizəd olaraq iştirak etmək istəyən iddiaçılardan 6 220 nəfərini Daxili İşlər Nazirliyi qeydə alıb. Halbuki seçkilərdə iştirak üçün ilkin olaraq 12 123 nəfər ərizə vermişdi.

İranda seçicilərin səsvermə hüququ 18 yaşdan başlayır. Namizədin yaşı isə 30-75 arasında olmalıdır. 54 milyon 915 min seçicinin səsverməsi üçün 53 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

İran parlamenti bir palatadan və 290 deputatdan ibarətdir. Deputatların səlahiyyət müddəti 4 ildir. Yeni parlament seçkilərdən 3 ay sonra - 2016-cı il mayın 27-də fəaliyyətə başlayacaq.

Ölkə konstitusiyasına əsasən, dini azlıqların, yəhudi, xristian və atəşpərəstlərin təmsilçilərinə kvota ayrılıb. X çağırış parlament seçkilərinə namizədlər arasında 9 erməni də var. Onların namizədliyini daşnaklar dəstəkləyir. Parlamentdə xristianlar üçün ayırılan 2 deputat yeri bir qayda olaraq ermənilərə verilir.

Dini Ekspertlər Şurası Məclisi (Məclise-Şuraye-Xübreqan) ölkənin ən ali qurumudur. O, ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir. Ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub.

Şuradakı 88 yerə 161 namizəd iddia edir. Dini alim və şəriət bilicilərindən formalaşdırıldığı əsas götürülən şura üzvləri 8 il müddətinə seçilir.

Seçkidə iki xətt - islahatçılar və mühafizəkarlar (sərt xətt tərəfdarları) mübarizə aparır.

Ölkə prezidenti Həsən Ruhaninin də tərəfdarı olan islahatçılar seçkiqabağı kampaniyada Məhəmmədrza Arifin başçılıq etdiyi "İslahatçılar və hökuməti dəstəkləyənlər Birliyi" adı altında seçki bloku "Ümid və Sabitlik, İqtisadiyyatda irəliləyiş!" şüarı ilə iştirak edirlər.

İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adilin başçılığı ilə kampaniyada iştirak edən mühafizəkarlar isə "Güzəran, Təhlükəsizlik, İrəliləyiş!" şüarı ətrafında birləşiblər. Onlar həm də Xameneini dəstəkləyirlər.

Maraqlı mübarizənin Dini Ekspertlər Şurasında da gedəcəyi istisna edilmir. Elə İrandakı İslam inqilabının lideri Xomeyninin nəvəsi Həsən Xomeyninin şura üzvlüyünə namizədliyinin qeydə alınmaması da bunun göstəricilərindəndir.

İlk baxışdan elə görünür ki, iki tərəf - islahatçılar və mühafizəkarlar arasında kəskin mübarizə gedir. Düzdür, bu iki şərti tərəf arasında müəyyən mənada mübarizə də yox deyil.

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, briqada generalı Məsud Cəzairi BBC-nin seçkilərlə bağlı hazırladığı reportaja münasibət bildirərkən deyib: "Bir müddətdir ingilislər Dini Ekspertlər Şurası və parlamentə keçiriləcək seçkiləri bəhanə edərək İranın daxili işlərinə qarışır. İranın Xarici İşlər Nazirliyi bu məsələdə İngiltərə hökumətinə və onların Tehrandakı səfirliyinə təzyiq göstərməli, şeytan sifət ingilislərin daha çox fitnə-fəsad törətmələrinə imkan verməməlidir. İngiltərə qarşısında nazirliyin susması şübhəlidir".

Elə qarşı tərəf də boş durmayıb. İslahatçı sayılan prezidentin müavini Şahinduxt Mollaverdi bildirib ki, İranın Sistan-Bəlucistan əyalətindəki kəndlərdən birində kişilərin hamısı narkotik maddələrin qanunsuz satışı ilə məşğul olduqları üçün edam olunublar. Həmin dövrdə isə ölkəyə mühafizəkar Mahmud Əhmədinejat prezidentlik edib.

Ayətullah Seyid Əli Xameneinin də seçkiqabağı çıxışlarında İranın gələcəyi ilə bağlı əsas istiqamətlər bəyan edilib.

Ölkənin ali lideri dindar və ABŞ-a aldanmayan bir parlament qurmaq istədiklərini, yaxud belə bir məclisin formalaşacağını bildirib.

Ümumiyyətlə, Xamenei çıxışlarında Qərbi tənqid edib, bəyanatlarında ona qarşı davranışını dəyişməyib: "Mən həqiqətləri söyləməkdən yorulmayacağam. Düşmən inqilabın ilk günlərindən Nəzarət Şurasına ("Şuraye-Negahban" - bu qurum rəhbərlik əsas qurumu sayılır - S.İ.) qarşı olub... Amerikadan qorxan məclis ölkəni məhv edər".

Beləliklə, fevralın 26-da iqtisadi sanksiyalar götürüldükdən sonra İranda ən böyük siyasi aksiya keçiriləcək. Suriya və İraqdakı hadisələrin gedişatı bölgədə İran hakimiyyətinin mövqeyinin müəyyən mənada güclənməsinə təsir göstərib. Belə bir hal isə bütövlükdə ölkə rəhbərliyi üçün üstün vəziyyət sayıla bilər.

İranın 5-ci prezidenti Məhəmməd Xatəminin dövründəki birinci parlament daha çox islahatçılardan ibarət idi. O zaman mühafizəkarlar onlara qarşı çox kəskin mübarizə aparırdı. Səlahiyyətlərinə görə, tərəfsiz qalması vacib olan Xamenei də bir sıra hallarda vəziyyətə müdaxilə edirdi.

Bu baxımdan mühafizəkarlar indiki üstün vəziyyəti islahatçı sayılan xəttə çətin verə. Çünki onlar hesab edir ki, hakimiyyətin yürütdüyü siyasətin başında Xamenei durur və sanksiyalar, bölgədəki vəziyyətlə bağlı əldə etdikləri üstünlüyün müəllifi də onlardır. Başqa sözlə, bu cərəyanın təmsilçiləri istəyir ki, Qərb mühafizəkarlarla hesablaşsın, islahatçı sayılanları isə icraatçı kimi tanısın.

Bütün bunlarla yanaşı, onu da vurğulamaq lazımdır ki, İranda keçirilən seçkilər deputatlığa bəzi namizədlərin adları və soyadları dəyişməklə bir-birinin təkrarıdır. Çünki ölkənin siyasi-ideoloji təməl şüarları ("Amerikaya ölüm!", "İsrailə ölüm!") və prinsipləri dəyişməyib.

Ümumiyyətlə, ötən 37 ildə İranda elə siyasi, sosial, mədəni və iqtisadi baxımdan ciddi dəyişiklik müşahidə olunmayıb. Yeni parlamentin də mühafizəkarların istədiyi kimi olacağı istisna edilmir.

İranda dəyişikliyin daha çox Suriya və İraqda yaranacaq sabitlikdən asılılığını da ehtimal etmək olar. Bir də ölkə daxilində dəyişiklik edə biləcək müxalif siyasi təşkilat demək olar yoxdur. O zaman bütövlükdə ölkədə yeni keyfiyyət halının yaranması daha çox hakimiyyətdən, onun daxilindəki mövcud vəziyyətlə barışmayanlardan asılıdır. İranda dəyişikliyin bu qüvvələr tərəfindən ediləcəyi ehtimalı daha böyükdür.

Odur ki, seçkilərin keçirilməsi qaydasından, xətlərin hansı birinin bu siyasi kampaniyanı udacağından asılı olmayaraq, İranın bundan sonra belə qalmayacağını demək mümkündür. Yəni dəyişən bölgədə yeni İranın olacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi