İran Prezidentinin etirafı - dəyişməyən düşmən - ŞƏRH

İran Prezidentinin etirafı - dəyişməyən düşmən - ŞƏRH Hakimiyyət belə bir vəziyyətdə inqilabın 40-cı ildönümünü qarşılayır
Analitika
31 Yanvar , 2019 11:23
İran Prezidentinin etirafı - dəyişməyən düşmən - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 31 yanvar. REPORT.AZ/ İran Azərbaycana bir çox baxımdan ən yaxın dövlət olduğundan bu ölkənin siyasi, sosial və mədəni həyatında baş verənlər maraqlıdır. Bu il ölkə üçün elə də uğurlu başlamayıb. Ötən illərdən qalmış çoxsaylı problemlər hələ də öz həllini gözləməkdədir. 

Fevralın 11-də İran İslam inqilabın 40-cı ildönümü qeyd ediləcək. Ötən gün isə İslam Respublikasının ali rəhbəri, ayətullah Seyid Əli Xamənei və İran Prezidenti Həsən Ruhani inqilabın lideri sayılan ayətullah Ruhullah Xomeyninin məqbərəsini ziyarət ediblər. Əslində, bu yazıda məqsədimiz inqilabın İrana xeyir və zərərini dəyərləndirmək deyil. Sadəcə, son zamanlar qonşu ölkədə baş verənləri qısaca olaraq xatırlayıb ildönümüqabağı vəziyyətə nəzər yetirməkdir.

H.Ruhani ayətullah Xomeyninin məqbərəsindəki çıxışında bildirib ki, 40 ildir ən ağır təzyiqlərə məruz qalırlar. O, hətta bu günlərdə hakimiyyətin atdığı bir sıra yanlış addımları da etiraf edib. H.Ruhani ölkədə internetə məhdudiyyət qoymaqla səhvə yol verdiklərini söyləyib: “Göydən bizə səlahiyyət verildiyini və buna görə də yerüzündəkilər haqqında əmrlər verəcəyimizi zənn edirik, ancaq belə bir nəsnə yoxdur. Allah belə peyğəmbərinə, sadəcə olaraq, xalqa mesajları ötürməyi əmr etdi. Seçki isə xalqa aiddir. Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə hüquqi, nə də qanunidir”. O, yeni texnologiyalarda təhlükələrin də olduğunun qeyd edərək demişdi: “Ancaq bu texnologiyaları xalqın həyatından çıxarmaq mümkün deyil. Cəmiyyətin iradəsinə qarşı savaşa bilmərik. Texnologiya və innovasiyalara qarşı müqavimət göstərmək mürtəcelikdir. İnternetə mane olmaqla səhv etmişik. Bir təlimatla hər şeyi qadağan edə biləcəyimizi düşünürdük. Ancaq insanlar süzgəci qıran proqramlarla bu maneəni dəf etdi. Tətbiq edilən qadağalar isə uğrusuz oldu”. İran Prezidenti hicab və başörtüsü məsələsinə işarə edərək bildirmişdi: “Biz hicab məsələsini, ilk olaraq, qadınlara tətbiq edirik. Ancaq "Qurani-Kərim"də bu məsələ kişilərlə başlayır. Onların gözü ilə baxışına istinad edilir”. Hökumət başçısının bu etirafları mühafizəkar din xadimlərinin kəskin etirazına səbəb olub. 91 yaşlı ayətullah Nasir Məkarim-Şirazi onu “İslam dəyərlərinin əleyhdarı” adlandırıb: “O, özünü İslam Respublikasının deyil, kübar sistemin demokratik ölkəsinin prezidenti kimi aparır". 89 yaşlı ayətullah Cəfər Sübhani isə hökumət başçısına ölkənin iqtisadiyyatı ilə məşğul olmağı, İslam Respublikasının dini prinsiplərinə toxunmamağı məsləhət görüb.

Əslində, hakimiyyətdaxili mühafizəkar xətlə islahatçı sayılanlar arasında belə mübarizə illər uzunudur davam edir. Bu qarşıdurmada hələlik mühafizəkarlar qalib gəlir. Bunun başlıca səbəbi isə güc strukturlarının bu xətti müdafiə etməsidir. Elə ölkə parlamenti də mühafizəkarların əlindədir. Bu qurumda da hakimiyyətdaxili islahatçılara qarşı çıxışlar baş verir. Yanvarın 28-də İran parlamentinin deputat Qasım Mirzayi 2009-cu ildə keçirilmiş prezident seçkisinin nəticələrinə etirazlarını bildirən siyasətçilərin ev dustaqlığı ilə bağlı çıxış edib. Bu parlament üzvlərinin bir çoxunun xoşuna gəlməyib. Onlar şüarlar səsləndirərək Q.Mirzayini mövzudan yayınmamağa, belə məsələlərin yerinə, xalqın iqtisadi problemlərindən danışmağa çağırıblar. Xatırladaq ki, 2009-cu ildə keçirilmiş seçkidə hakimiyyətdaxili islahatçıları təmsil edən prezidentliyə namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi hələ də ev dustağıdırlar. Həsən Ruhani hökumətə, icra strukturuna başçılıq etsə də, fəaliyyət dairəsi məhdud olduğundan sanksiyanın bütövlükdə İrana tətbiqinə görə müxtəlif siyasi, sosial mövzulara diqqəti çəkməyə çalışır. Bəhs etdiyimiz etiraflar da buna nümunədir. Elə parlamentdə də müxtəlif siyasi hadisələri dilə gətirməklə cəmiyyətin diqqətini bu xəttin təmsilçilərindən uzaqlaşdırmağa səy edirlər. İstər hökumət başçısı, istərsə də onun təmsil etdiyi xəttin nümayəndələri bu sayaq çıxışları ilə ölkədə baş verənlərə görə məsuliyyəti mühafizəkarlarn, dolayı yolla İranın ali rəhbərinin daşıdığını bildirməyə cəhd edirlər. Sosial şəbəkələrdən istifadə ilə bağlı müxtəlif formada təzyiqlər, tutulanlar olub. Ancaq Həsən Ruhani bunlara görə vətəndaşlardan üzr istəməyib. Ölkədə ali rəhbərdən tutmuş adi dövlət məmurunadək hamı korrupsiyanın olduğunu etiraf edir. Beynəlxalq təşkilatların hesabatına əsasən, İran korrupsiyalaşmış ölkələrin reytinq cədvəlində 180 ölkə içərisində 138-ci yerdədir. Halbuki bu göstərici 2017-ci ildə 130, 2016-ci ildə isə 131 olmuşdu.

Yeri gəlmişkən, ölkədə iqtisadiyyatı neft və təbii qazın satışından əldə edilən gəlirdən asılıdır. Yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından bir barelinin qiyməti 52,42 dollar olan 1 milyon barel neft satılmayıb. Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədilə ötən ilin oktyabrından başlayaraq İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb. Göründüyü kimi, İran xam netinin satışında ciddi problemlə üzləşib. Onun ən yaxın alıcısı Türkiyə 2018-ci ilin noyabrından İrandan neft almır. Bildirilib ki, 2018-ci ilin mayından Türkiyə bu ölkədən idxalı azaldıb, noyabrda isə tamamilə kəsib.

Ümumiyyətlə, hakimiyyət iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşib. Rialın dollara mübadiləsi rəsmi olaraq belədir: 1 dollar 42500 rial. İqtisadi problemlərə baxmayaraq, rəsmi Tehran Suriya və İraqla bağlı siyasətinə elə ciddi dəyişiklik edənə oxşamır. Ötən gün İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri Suriyaya səfər edib. O, rejimin başçısı Bəşşar Əsəd və ona bağlı Suriya parlamentinin sədri Həmudə Səbbağla görüşüb. İranlı qonaq görüşdə deyib: “İran və Suriya müştərək düşmənə malikdirlər. Bu gün bu düşmən hər iki ölkə xalqının maraqlarına zərbə vurmağa çalışır”. İ.Cahangiri Bəşşar Əsəd hakimiyyətinin Baş naziri İmad Hamislə bir araya gələrək əməkdaşlığa dair 9 müqavilə imzalayıb. Ehtimal etmək olar ki, bu səfərlə Tehran Bəşşar Əsədə təsir etmək imkanının olduğunu nümayiş etdirir.

Son günlər İranda partlayış və güc strukturlarının nümayəndələrinə hücumlarla bağlı xəbərlər də yayılır. Ərəblərin daha sıx yaşadığı Xuzistan əyalətinin Mahşehr şəhərində naməlum şəxslərin avtomobilə silahlı hücumu nəticəsində bir hərbçi və bir polis əməkdaşı ölüb. 0İranın cənub-şərqində, bəlucların yaşadığı Sistan-Bəlucistan əyalətinin paytaxtı Zahidan şəhərindəki ardıcıl iki partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşının yaralandığı bildirilib. Hər iki hadisə ilə bağlı araşdırmanın aparıldığı deyilir. Bəlucistan və Xuzistan İranın həssas bölgələridir. Hətta ötən ilin sentyabrında Xuzistan əyalətinin mərkəzi Əl-Əhvaz şəhərində keçirilən parad iştirakçılarının atəşə tutulması nəticəsində 28 nəfər ölüb, daha 60 nəfər yaralanmışdı. Terror aktına görə məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqədə olan "Əl-Əhvazın Vətənpərvər Ərəb Demokratik Hərəkatı" üzərinə götürmüşdü. Ötən ilin dekabrında isə İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanmışdı. Bu ilin yanvarında İranda “Boeng-707” tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həyatını itirmişdi. Onların hamısı İran vətəndaşlarıdır. Xuzistan və Bəlucistanda baş verənləri daha çox İrandakı milli münasibətlə əlaqələndirirlər. Təyyarənin partlamasının və ya qəzaya uğramasının səbəblərindən birinin sanksiyalar olduğunu ehtimal etmək olar. Çünki ABŞ İrana təyyarələrin və onun ehtiyat hissələrinin satılmasını qadağan edib. Bu isə İslam Respublikasına yeni təyyarələrin alınmasında ciddi maneə yaradır.

Beləliklə, İran hakimiyyəti bu və başqa bu kimi hadisələrin çox olduğu bir vəziyyətdə inqilabın 40-cı ildönümünü qarşılayır. Ötən illər ərzində ölkə həyatında təməl məsələlər istiqamətində dəyişikliklər yox dərəcəsindədir. İranın bu vəziyyətdə olmasının əsas səbəbi isə “düşmənlərinin” dəyişməməsi sayılır. Ölkənin düşdüyü vəziyyətə görə bir-birini ittiham edən hakimiyyətdaxili qüvvələr isə düşmənlərini dəyişməyə cürət etmirlər.

Son xəbərlər

Orphus sistemi