İranda iki terror - “üçüncü əl” ehtimalı - ŞƏRH

İranda iki terror - “üçüncü əl” ehtimalı - ŞƏRH Ona görə də Yaxın Şərqdə birbaşa toqquşan dövlətlərin sayının artacağı gözlənilir
Analitika
7 İyun , 2017 15:46
İranda iki terror - “üçüncü əl” ehtimalı - ŞƏRH

Bakı. 7 iyun. REPORT.AZ/ "Terrordan heç bir dövlət sığortalanmayıb" deyimi özünü bir daha doğrultdu. 

Bu gün səhər qonşu İran İslam Respublikası üçün heç də xeyirli açılmayıb. Ölkə parlamenti və ayətullah Xomeyninin məqbərəsinə eyni vaxtda iki silahlı hücum olub. Hadisə nəticəsində ölən və yaralananlar var.

Hələlik yalnız ölkənin rəsmi KİV-i hücumları terror aktı adlandırıb. Bu yazı hazırlanan vaxtadək İran rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Heç şübhəsiz, rəsmi açıqlamanın verilməməsi yanlış və doğru olmayan xəbərlərin yayılmasına da səbəb olur. Ola bilsin ki, hadisənin miqyası böyük olduğundan rəsmilər məsələyə münasibəti gecikdirirlər.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzl hadisələrlə bağlı təcili iclas keçirib. O, bu səbəbdən hadisələrlə bağlı açıqlama verə bilməyəcəyini bildirib.

İranda nə baş verib? İyunun 7-dəki silahlı hücumlardan bir gün əvvəl Tehran metrosunda iki qatarın toqquşması nəticəsində 48 nəfər xəsarət alıb.

Metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Moqaddəmin sözlərinə görə, tuneldən çıxan qatar şəhərin qərbində yerləşən Taraşt stansiyasında dayanan başqa qatarla toqquşub. Hadisə nəticəsində xəsarət alanlar şəhərin üç xəstəxanasına yerləşdiriliblər.

Metro qatarlarının toqquşmasının bugünkü silahlı hücumla əlaqəsinin olub-olmadığı hələlik məlum deyil. Ancaq hər halda bunun təsadüfi olmadığını da ehtimal etmək olar.

İranla bağlı başqa bir aksiyanı isə bölgə dövlətləri keçirib. İyunun 5-də Körfəzdəki ərəb dövlətləri İqtisadi Əməkdaşlıq Təşkilatının 4 üzvü Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətər ilə diplomatik əlaqələri kəsdi. Sonradan onlara Yəmən, Liviya, Maldiv, Mavriki və Mavritaniya ölkələri də qoşuldu.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri Şeyx Təmim bin-Həməd Al-Taninin adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasəti yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

İran ətrafında yaranan bu vəziyyət gərginliyin yaranacağını əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi.

Bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının keçmiş komandanı Möhsün Rzayi hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatının hücumlarına hazır olmaqla bağlı çağırış etmişdi.

Ancaq “Al-Arabiyya” telekanalı bildirib ki, hücumların məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Deməli, terroru törədəcəyi ehtimal olunun iki təşkilatdan birinin hadisə ilə bağlı açıqlaması yayılıb.

Bundan başqa, terroru bilinməyən və görünməyən “üçüncü əl"də törədə bilər. Bu qüvvə ən təhlükəlidir. O, yaranmış vəziyyətdə hücumun məsuliyyətini İŞİD-in öz üzərinə götürəcəyini ehtimal edib. Hələlik bu ehtimal özünü doğruldur.

Habelə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn başda olmaqla Qətəri boykot edən dövlətlərin İranla münasibətləri çox kəskinləşib. Ona görə də “üçüncü əl” onu da ehtimal edib ki, İran həm də bu ərəb dövlətlərini qınayacaq.

Onda İrana qarşı belə hücum niyə indi, yəni ərəblərin Qətəri boykot etdiyi bir vaxtda olub? Heç şübhəsiz, hadisənin əsl mahiyyəti belə tezliklə açılmayacaq. İran hökuməti “Günahkar İŞİD-dir deyib” ya vəziyyətin sakitləşəcəyini gözləyəcək, yaxud vəziyyəti sakitləşdirməyə çalışacaq.

Son zamanlar İranın İraqdakı “Haşdi Şabi” silahlılarının Suriya ərazisinə girdiyi barədə xəbərlər yayılmışdı. Ancaq İran tərəfi bu xəbəri tez təkzib etdi.

General Qasim Süleymaninin komandanlığı altında qvardiyanın “Qüds” qolu İraq hökuməti və Suriyada isə Bəşşar Əsədi müdafiə etməkdə fəallıq göstərməkdədir. Ona görə də ehtimal etmək olar ki, bu hücumlar İrana xəbərdarlıqdır.

Hadisə öz növbəsində Qətərə qarşı da hesablanan aksiya ola bilər.

Nəhayət, ehtimal etmək olar ki, bu terror hadisəsi İranda vəziyyətin qarışmasına, yaxud ölkədə sabitliyin pozulması məqsədilə edilib. Ancaq meydanda təkcə İran deyil, Qətəri boykot edən dövlətlər də olduğundan hadisə nəticəsində bölgədə yeni qarşıdurmanın yaranacağı ehtimalı da var.

Ona görə də Yaxın Şərqdə birbaşa toqquşan dövlətlərin sayının artacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi