İran altı ay əvvəlki səhvini yenə təkrarlayır? - ŞƏRH

İran altı ay əvvəlki səhvini yenə təkrarlayır? - ŞƏRH Maraqlıdır, ölkə rəsmiləri, elə Tehranın Azərbaycandakı səfiri bu məsələni necə ört-basdır etməyə cəhd göstərəcək?!
Analitika
7 Fevral , 2017 16:24
İran altı ay əvvəlki səhvini yenə təkrarlayır? - ŞƏRH

Bakı. 7 fevral. REPORT.AZ/ İran tərəfi yenə Azərbaycana qarşı təxribatla məşğuldur. Tehran rəsmiləri Azərbaycana xoş görünməyə çalışsa da, əməlində bunun tam əksini etməkdədir.

Ermənistan KİV-in məlumatına görə, ermənilərin “Artsaxın səsi” adlı musiqi qrupu fevralın 8-də İranda konsert proqramı ilə çıxş edəcək.

Bunu musiqi kollektivinin bədii rəhbəri Lira Koçaryan bildirib. Onun sözlərinə görə, bu kollektivin 13 üzvü var. Qrup üzvlərinin İran İslam İnqilabının 38-ci ildönümünə həsr edilən tədbirlərdə iştirak etməsi planlaşdırılıb.

Belə tədbirlərə, ümumiyyətlə, İslam Respublikasında keçirilən istənilən mədəni, ictimai və başqa mərasimlərə fərdi qaydada dəvət mümkünsüzdür. Onlara dəvəti bir qayda olaraq rəsmi qurumlar göndərir. Heç şübhəsiz, bu, erməni musiqi kollektivini də islam inqilabı tədbirlərinə dövlət qurumları dəvət edib. 

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Ötən ilin sentyabrında Tehranda keçirilən 48-ci “Erməni Olimpiadası”nın açılışında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin yığması da iştirak etmişdi.

Tehrandakı "Ararat" stadionunda Ümumerməni Oyunlarının təntənəli açılışına İran prezidentinin köməkçisi, höccətülislam Əli Yunisi və İran Milli Olimpiya Komitəsinin sədri Kiyamərs Haşimi, Tehranın erməni yeparxiyasının nümayəndəsi, arxiyepiskop Sebuh Sarkisyan, Tehranın qubernatoru Seyid Hüseyn Haşimi, İranın gənclər və idman nazirinin müavini Əbdülhəmid Əhmədi, habelə İranın Ermənistandakı səfiri Kazım Səccadi və Ermənistanın tanınmış atletləri də qatılmışdı.

Sebuh Sarkisyan və Əli Yunisi

Ongünlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atletin 9 idman növü üzrə yarışdığı olimpiadada Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılan qondarma rejim də təmsil olunmaqla yanaşı, erməni idmançıların geyimində "Artsax" yazısı və separatçı-terrorçuların “rəmzləri” əks olunmuşdu.

Onda İranın Azərbaycandakı o vaxtkı səfiri Möhsün Pakayin məsələyə münasibət bildirərək demişdi: “İştirakçılardan hər hansı birinin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə etməsi Təşkilat Komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz ölkədə yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”.

Səfirin o vaxt söylədiklərindən sonra, həmin hadisə İran hakimiyyətinin səhvi kimi qəbul edilib yola verildi. Bir də həmin tədbir ümumiran səviyyəli deyildi. Bu isə ümumiran səviyyəli olmaqla yanaşı, həm də inqilabın 38-ci ildönümü tədbirinin mahiyyətində İran İslam Respublikasının siyasi, dini, ictimai və ideoloji əsasları var. Onda belə çıxır ki, İranın xarici siyasət kursunun təməlində qonşuların ərazi bütövlüyünə hörmət məsələsində laxlama, yaxud çatlar əmələ gəlib və bu çatlar böyüyüb, dərinləşməkdədir.

Beləliklə, ötən ilin sentyabrında İran rəsmiləri etdikləri səhvi yenidən təkrarlayırlar. Ancaq yanlış olaraq qəbul edilən bir səhv yenidən təkrarlanarsa, deməli səhv deyil, bu, artıq qəsddir.

Maraqlıdır, ölkə rəsmiləri, elə Tehranın Azərbaycandakı səfiri bu məsələni necə ört-basdır etməyə cəhd göstərəcək?!

Son xəbərlər

Orphus sistemi