Yuxarı

ABŞ-la danışmayan İran - hakimiyyətin azalan çıxış yolu - ŞƏRH

İran ABŞ-a tabe olacaqmı?
Heç bir xarici qüvvənin müdaxiləsi olmadan ölkədə sabitlik pozula bilər

İran qonşu dövlət, vətəndaşlarının çoxu soydaşımız olduğundan bu ölkədə və ona bağlı baş verən hadisələr Azərbaycan üçün də həssas məsələ sayılır. Bir də Azərbaycan bu ölkə ilə iqtisadi, mədəni və başqa sahələr üzrə əməkdaşlıq edir. Orta Şərqin aparıcı, oyunçu və neft ölkəsi olduğunu da nəzərə alsaq, İran ətrafında baş verənlərin beynəlxalq aləmdəki siyasi hadisələrə təsirinə də diqqət etməyə ehtiyac var.

Son günlər ABŞ və İran rəsmiləri iki ölkə arasında danışıqlara, müzakirələrə dair bəyanatlar verirlər. Tehran hakimiyyətini terrorçuluğu dəstəkləməkdə, insan və milli hüququları pozmaqda ittiham edən ABŞ-ın lideri Donald Trampın Yaponiyada dedikləri və İran rəsmilərinin cavabı vəziyyətin belə tezliklə normallaşmayacağını ehtimal etməyə əsas verir. Ötən illərdə və yaxın zamanlarda bölgədə baş verənlərdən belə qənaətə gəlmək olar ki, rəsmi Tehran ABŞ-ın İranda hakimiyyət dəyişikliyi edəcəyindən ehtiyat edir. Hələ “ərəb baharı”, Suriya hadisələrindən əvvəl İslam Respublikasının təmsilçiləri Ağ Evin bu niyyətdə olduğunu dilə gətirirdilər. Rəsmi Vaşinqton da onları arxayın salaraq dəfələrlə belə bir istəklərinin olmadığını bildirirdi. Donald Tramp Tokioda bu məsələyə toxunaraq deyib ki, İranda rejimi dəyişməyə cəhd etmirlər: “Biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.

 

Yeri gəlmişkən, Ağ Evin indiki yiyəsinin diqqətçəkən bəyanatlarından biri də Yaponiyanın ABŞ-la İran arasında vasitəçilik etməsi təklifini müsbət qarşılamasıdır. Donald Tramp deyib ki, baş nazir Sinzo Abe və Yaponiyanın İranla yaxşı əlaqələri var: “İranın görüşmək tərəfdarı olacağına inanıram. Onlar istəsə, biz də istəyəcəyik. Heç kim pis bir işin olmasını istəməz, xüsusilə də mən”. Bu arada cari ilin iyununda Yaponiyanın baş naziri Sinzo Abenin Tehrana səfər edəcəyi və İran prezidenti Həsən Ruhani ilə görüşəcəyi gözlənilir. Görünür, İran tərəfi Yaponiya hökumət başçısının səfərinə də hazırlaşır. Ancaq ölkə rəsmiləri ABŞ-la müzakirələrə münasibəti birmənalı deyil. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei mayın 29-da Tehranda universitet müəllimləri ilə keçirdiyi toplantıdakı çıxışında bu məsələyə münasibət bildirib: “ABŞ-a müzakirə qəti olaraq məsləhət deyil. İran qətiyyən ABŞ-la müzakirə aparmayacaq. Bunun isə səbəbi belədir: birincisi, danışıqların faydası yoxdur, ikincisi isə zərəri var”. İran lideri Avropa İttifaqı ölkələri və başqa dövlətlərlə heç bir problemlərinin olmadığını və onlarla müzakirə edə biləcəklərini vurğulayıb. Xamənei bildirib ki, müzakirə ediləcək əsas məsələ müəyyən edilməlidir: “Biz hər məsələni müzakirə etmərik. İnqilabın təməl prinsipləri və ölkənin müdafiə sahəsi müzakirə mövzusu ola bilməz”. Nəzərə alsaq ki, ABŞ İranın nüvə proqramından və qonşu dövlətlərdə İslam adı altında pozuculuq fəaliyyətindən narahat olduğunu bəyan edir. İran rəhbərinin isə “inqilabın təməl prinsipləri və ölkənin müdafiə sahəsi müzakirə mövzusu ola bilməz” deməsi bəri başdan danışıqların yolunun bağlanması anlamına gəlir. Başqa sözlə, ayətullah Xamənei ABŞ-la danışıqların gündəliyini təklif edir.

Hər halda belə hesab etmək olar ki, Tehran hakimiyyətinin yuxarı eşalonunda rəsmi Vaşinqtonla danışıqlarla bağlı fikir ayrılığı var. İran prezidenti Həsən Ruhani ABŞ-la müzakirələrin mümkünlüyünə toxunaraq deyib: “ABŞ ədalətsiz sanksiyaları ləğv edib öhdəliklərini yerinə yetirərək danışıqlar masasına qayıdarsa, onda müzakirələr üçün qapılarımız açıqdır”. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar. 

Əslində, ABŞ İranla danışıqlara hazır olduğunu bəyan etməklə yanaşı, Tehran hakimiyyətinə təzyiqləri də davam etdirir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərində İranla bağlı məsələni müzakirə edib. O, əmirliklərin sahillərində gəmilərə hücumu təxribat adlandıraraq hadisənin törədilməsində İranın əlinin olduğunu vurğulayıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə deyib ki, İran dünya bazarında neftin qiymətini qaldırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin sularında dörd tankerə hücum edib. Pentaqon da tankerlərə hücumda İranı günahlandırıb, lakin İran rəsmiləri bu iddiaları rədd edib. 

Deməli, Tehran rəsmiləri ABŞ-la danışıqlar məsələsinə müxtəlif yöndən yanaşıb, ritorik bəyanatlar versələr də, İran iqtisadiyyatı daha dərin böhrana doğru yuvarlanır. İranın milli valyutası mayın 29-da sərbəst bazarda dollara nisbətdə ucuzlaşaraq bir dollar üçün 14 min rial təşkil edib. Bu, ilin əvvəli müqayisədə 5 dəfəyə yaxın ucuzdur. “Reuters” agentliyinin məlumatına görə, 66 milyon bareldən çox neft İranın yerüstü anbarlarında və tankerlərində depolanıb. 

Beləliklə, Türkiyə və Çin İrandan neft idxalını dayandırıb. İran parlamentinin İqtisadiyyat komitəsinin üzvü Rəhim Zare bildirib ki, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Hindistan, Türkiyə, Yunanıstan və İtaliya bu ilin mart ayında İrandan gündəlik 1,6 milyon barel neft idxal edirdi. Bu ölkələrə də ABŞ tərəfindən 6 ay müddətinə möhlət verilmişdi. Möhlət bitdiyi üçün güzəştli ölkələr İranla neft ticarətini dayandırır. ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk keçirdiyi brifinqdə İran nefti ilə bağlı sanksiyalarda heç kimə güzəşt etməyəcəklərini deyib. Ağ Ev rəsmisi Çin və Hindistan kimi ölkələrin mayın 1-dən sonra da, heç olmasa, kiçik həcmdə İran neftini idxal edib-etməyəcəyi barədə suala cavab verərkən vurğulayıb ki, 2019-cu ilin may ayınadək həyata keçirilən neft idxalı əməliyyatları icazəli sayılır və həmin müddət başa çatandan sonra İran neftini tədarük etmək üçün istənilən cəhd göstərildikdə sanksiya tətbiq olunacaq. Bu isə İranın əsas neft idxalçılarından məhrum edilməsi deməkdir. Başqa sözlə, Çin də İranı öz maraqlarına görə ABŞ-la mübarizədə tək qoyacaq. Xatırladaq ki, ABŞ 2018-ci il noyabrın 5-dən İranın neft və qaz sektoruna qarşı sanksiyalar tətbiq edir. Mayın 2-də möhlət bitdiyindən İrandan neft alan bütün ölkələr Amerikanın sanksiyaları ilə üzləşəcək. Sanksiyadan sonra İranın gündəlik neft ixracı 2,5 milyondan 1 milyon barelə düşmüşdü. Hazırda isə bu rəqəm gündəlik 500 min bareldən aşağı enib. Ötən illərin təcrübəsi göstərir ki, Tehran hakimiyyətinin arxalandığı Rusiya da İranı müdafə etməkdə çətinlik çəkir. Qeyri-rəsmi informasiyaya görə, Rusiya İrana "S-400" zenit-raket komplekslərini satmaqdan imtina edib. “Bloomberg” agentliyinin məlumatına əsasən, bu qərar Yaxın Şərq bölgəsində gərginliyin artacağından ehtiyat edilərək verilib. Ehtimal edilir ki, Rusiya ərəblərlə münasibəti korlamamaq üçün balansı qorumağa cəhd göstərir.

Nəhayət, İran iqtisadiyyatının əsasını neftdən gələ gəlirlər təşkil edir. Belə ehtimal etmək olar ki, neft sahəsində yaranan durğunluq perspektivdə hakimiyyəti neft qaçaqmalçılığı etməyə vadar qoyacaq. Bu ölkənin çoxsaylı problemlərinin həllinə kifayət etməyəcək. Maliyyə vəsaitinin çatışmazlığı Tehran hakimiyyətini daha radikal addımlar atmağa vadar edə bilər. Hər iki hadisə ilk dövrdə uğur gətirsə də, davamlı ola bilməyəcəyindən qısa müddətdən sonra səmərəsi azalacaq. Yaranmış və yaranacaq vəziyyət isə indiki hakimiyyətin ziyanına işləyir. Hakimiyyətdaxili ziddiyətlərin artacağı ehtimalını da bura əlavə etsək, İranda şəraitin ürəkaçan olmayacağını proqnozlaşdırmağa əsas verir. Başqa sözlə, belə qənaətə gəlmək olar ki, heç bir xarici qüvvənin müdaxiləsi olmadan ölkədə sabitlik pozula bilər. Onda indiki hakimiyyətin çıxış yolu az olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi