İqtisadi tənəzzüldən sığortalanmağın yolu ehtiyatları qorumaq və artırmaqdır - ANALİTİKA

İqtisadi tənəzzüldən sığortalanmağın yolu ehtiyatları qorumaq və artırmaqdır - ANALİTİKA 2020-ci ilin II&rübü sona çatmaq üzrədir.&Mart ayından məlum idi ki, ölkə iqtisadiyyatı üçün bu rübün nəticələri mənfi olacaq və makroiqtisadi sabitliyə dair 2017-ci ildən əldə olunmuş müsbət tend
Analitika
377
27 İyun , 2020 15:00
İqtisadi tənəzzüldən sığortalanmağın yolu ehtiyatları qorumaq və artırmaqdır - ANALİTİKA

2020-ci ilin II rübü sona çatmaq üzrədir. Mart ayından məlum idi ki, ölkə iqtisadiyyatı üçün bu rübün nəticələri mənfi olacaq və makroiqtisadi sabitliyə dair 2017-ci ildən əldə olunmuş müsbət tendensiya zəifləyəcək. 2019-cu ili çox uğurla başa vurmuş ölkənin iqtisadiyyatının bu ilin elə I rübündə koronavirus (COVID-19) pandemiyasından əziyyət çəkəcəyi heç kimin ağlına gəlməzdi. 

Nəticədə keçən il başlanılan islahatlar sığorta tədbirləri ilə əvəzləndi, sosial istiqamətdə həyata keçirilən inqilabi addımlar kompensasiya ödənişləri, müvafiq maliyyə yardımları və güzəştlərdən ibarət xətt üzrə davam etdi. 

Əslində 2020-ci ili də pis başlamamışdıq. Yanvar-fevralda ümumi daxili məhsul (ÜDM) 2,8%, o cümlədən qeyri-neft sektoru 6,7%, qeyri-neft sənaye sahəsi 21,7% artmış, inflyasiya cəmi 2,8% təşkil etmiş, əhalinin gəlirləri isə 9% artaraq qiymət artımını üstələmişdi.

Yeri gəlmişkən, I rübdə dövlət büdcəsinin icrası da vergi və gömrük orqanları tərəfindən müvafiq surətdə 221 milyon və 91 milyon manat olmaqla ümumilikdə 300 milyon manatdan çox vəsait daxil edilməklə yekunlaşmışdı.

Uzun sözün qısası, Prezident İlham Əliyevin də həmin vaxt çıxışlarının birində qeyd etdiyi kimi ümid vardı ki, sözügedən dinamika il boyunca qorunub saxlanacaq və büdcəyə kənar gəlirlər hesabına əlavə sosial proqramlar da icra olunacaq.

Amma ...

Koronavirus iqtisadiyyatımızı həm kənardan, həm də daxildən ciddi şəkildə vurmaqla, ölkəmizə hələ indiyədək rast gəlmədiyimiz şok yaşatdı. Bu ilk böhran deyil, müstəqillik əldə etdikdən sonra - 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə də böhran yaşamışıq. Lakin bunların heç biri iqtisadiyyatımız üçün bu cür şok təsir bağışlamayıb.

Bir sözlə, 2020-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 27,5 milyard manatlıq və yaxud 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7% az ÜDM istehsal edib. Iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2%, qeyri neft-qaz sektorunda isə 2,1% azalıb.

5 ay ərzində əsas kapitala 4 907,6 milyon manat və yaxud illik müqayisədə 2,8% az vəsait yönəldilib, neft-qaz sektoruna yatırılmış investisiyalar 19,8% artsa da, qeyri neft-qaz sektorunda bu rəqəm 16,7% azalıb. 

İyun ayının da nəticələrini üzərinə gəldikdən sonra, yəqin, bu rəqəmlər bir az da aşağı təşkil edəcək. Bəli, mayın ortasından sonra karantin rejimi yumşaldılmaqla bir sıra sahələrdə iqtisadi fəaliyyət bərpa olundu. Ancaq iyun ayı bütövlükdə hər şeyi yenidən buxova aldı. Odur ki, II rübün yekunu yuxarıda qeyd olunan rəqəmlərin bir az da aşağı səviyyədə təzahür etməsi ilə xarakterizə olunacaq.

Bununla belə, müsbət göstəricilər də var. Belə ki, kənd təsərrüfatında 4%-ə yaxın artım qeydə alınıb, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14% artıb və sair. İnflyasiya 3% olub. Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7% artaraq 736,2 manat təşkil edib və ümumiyyətlə, əhalinin nominal gəlirləri 1,3% artıb.

Büdcənin icrasında 1 135,3 milyon manatlıq profisit yaranıb

Ancaq koronavirusla bağlı vəziyyət bir az da davam etsə, yəni karantin rejimi III və IV rüb ərzində fasilələrlə də tətbiq edilsə, istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi göstəricilər qeydə alınmağa başlayacaq. Və II rübdə ÜDM istehsalı göstəricisindən start götürən tənəzzül tendensiyası özünü son nəticədə valyuta bazarında büruzə verə bilər.

Lakin vəziyyət nə qədər qeyri-müəyyən olsa da, pessimistliyə qapılmaq olmaz.

Sual olunur ki, niyə?

Birincisi, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək məqsədilə geniş maliyyə xərcləri həyata keçirilsə də, yuxarıda qeyd etdiyim kimi dövlət büdcəsinin icrasında profisit qalır.

19 may 2020-ci il tarixinə dövlət büdcəsi xərclərində koronavirus pandemiyası ilə bağlı nəzərdə tutulan vəsaitdən müxtəlif sahələri əhatə etməklə 533 milyon 257 min manat maliyyələşdirmə həyata keçirilib.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsait ayrılıb. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi, kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib.

Ümumilikdə qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 milyon 757 min manat həcmində vəsait sərf olunub.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 milyon manat vəsait köçürülüb, işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə isə 15 milyon manat.

Və bu, ölkənin 8 rayon və şəhəri üçün iyun ayında da davam etdiriləcək.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin üçüncü rübünün axırınadək müddəti əhatə edir ki, ola bilsin, bunların bəzisi uzadılsın. Çünki pandemiya ilə bağlı şərait hələ davam edir və nə vaxt bitəcəyi bəlli deyil. Bu addımlar isə həm nağd, həm də qeyri-nağd olmaqla dolayı yolla güzəşt xarakterli tədbirləri əhatə edir və edəcək.

İkincisi isə Azərbaycanın valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çox təşkil edir və hələ ki bundan istifadə edilməyib. Cari ilin dövlət büdcəsinə isə hələ baxılmayıb. Və, çox güman ki, baxılmayacaq da...

Neftin dünya bazar qiymətləri isə 40 ABŞ dollarından yuxarı qalxıb. Bu yerdə Azərbaycanın dövlət başçısının bu yaxınlarda beynəlxalq maliyyə qurumlarından birinin rəhbərləri ilə keçirdiyi videokonfrans zamanı qeyd etdiyi bir fikri xatırlatmaq yerinə düşür. Prezident bildirdi ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Ehtiyatları qorumaq və artırmaq başlıca iqtisadi hədəfdir.

İqtisadi tənəzzüldən sığortalanmağın yolu da elə budur. 

İqtisadçı-ekspert Pərviz Heydərov

Son xəbərlər

Orphus sistemi