Yuxarı
    Bağlamaq

    İnsan alveri qurbanlarının cəzadan azad edilməsi məsələləri - MƏQALƏ

    İnsan hüquqlarının pozulması insan alverinin baş verməsinin həm səbəbi, həm də nəticəsidir

    Bakı. 8 noyabr. REPORT.AZ/ Hüquqşünas İlkin Qurbanov “İnsan alveri qurbanlarının cəzadan azad edilməsi məsələləri” adlı məqalə yazıb. “Report” həmin məqaləni təqdim edir:

    İnsan alveri qurbanlarının cəzadan azad edilməsi məsələsinin sosial-fəlsəfi tərəflərini nəzərdən keçirərkən aydın olur ki, insan alverini köləliyin müasir forması kimi səciyyələndirən əsas əlamət insan alveri qurbanının kölə kimi azad iradəyə sahib olmamağıdır. İnsan alverinə məruz qalmış şəxs, zor, hədə və s. üsullarla istismar olunan qurban öz subyektivliyini, o cümlədən əməyinin müqəddəratını kölə kimi müəyyən etmək iqtidarında deyil.

    İnsan alverçisi etdiyi istismar zamanı insan alverinə məruz qoyduğu qurban üzərində mülkiyyət hüququna malik olan şəxs kimi ona sahibliklə əlaqədar arzuladığı davranışı həyata keçirdiyi üçün insan alveri qurbanı onun barəsində edilən istismar dövründə daha çox gələcəkdə istismarının ağırlaşmamağı naminə “sahibi” olduğu insan alverçisinin “mülkiyyətinə” xas davranışı qüsursuz yerinə yetirmək barədə düşünür və əksər hallarda etiraz belə edə bilmir.

    Şəxsin insan alverinin qurbanı vəziyyətində törətdiyi hüquqazidd əməllərə görə hüquqi məsuliyyətdən azad edilməsi ideyası əslində qurbanın müasir kölə olaraq iradəsinə zidd baş verən istismarının mütəmadi olaraq məcburetmə və təhdid vasitələri ilə müşayiət olunması ilə bağlıdır. Bu zaman insan alverinin qurbanı törədəcəyi hüquqazidd əməli, onun ictimai təhlükəlilik dərəcəsini və nəticələrini əvvəlcədən görsə də baş verməsini qətiyyən arzu etmir. Əslində bu növ təqsirin cinayət hüququnda dolayı qəsd olaraq tanınmasına baxmayaraq qurbanın motivinin heç bir şəxsi niyyətlə bağlı olmadığı diqqətdə saxlanılmalıdır.

    Cinayət təqibi orqanı tərəfindən bu zaman şəxsin insan alveri qurbanı olma vəziyyəti nəzərə alınmalı, belə vəziyyəti ilə bağlı onun məcbur edildiyi hüquqazidd əməlin əlaqəsi və onu törətməkdən başqa seçiminin olmadığı qiymətləndirilməli, digər əlaqəli hallar nəzərdən keçirilməlidir.

    Həmçinin nəzərə alınmalıdır ki, istismar edildikləri dövrdə insan alveri qurbanlarının məcbur edildikləri hüquqazidd əməllərə görə cəzalandırılması əslində dövlətin onları müdafiə etmə və yardım göstərmə vəzifələrinə ziddir. Bununla yanaşı, insan alveri qurbanlarının cəzalandırılması onların dövlət qurumları, xüsusən hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməsinə maneə yaradır və beləliklə, insan alverçilərinin əməllərinin cəzasız qalmasına, cəzanın labüdlüyü prinsipinin pozulmasına gətirib çıxarır.

    Bu kontekstdə səlahiyyətli qurumların vəzifəsidir ki, insan alveri qurbanlarını dərhal və effektiv müəyyən etsin, çünki yalnız belə halda şəxslər qurban olmaları ilə əlaqədar hüquqi imkanları, yardımları və müdafiə təminatları əldə etmiş olacaqlar. Əks təqdirdə onlar nəinki belə faydalardan yararlana bilmir, hətta qurban vəziyyətləri ilə bağlı məcbur edildikləri hüquqazidd əmələ görə cəzadan azad olunmaları əvəzinə hüquqi məsuliyyətə cəlb edilmiş ola bilirlər.

    Beynəlxalq cinayət hüququnun insan alveri qurbanlarının cəzalandırılmaması prinsipini hansı dərəcədə nəzərdə tutması məsələsi də maraqlı məqamlardandır. Belə ki, beynəlxalq cinayət hüququna əsasən insanlıq əleyhinə, o cümlədən müharibə və soyqırımı cinayətlərindən başqa əməllər üzrə şəxsin məcburetmə və ya təhdid altında törətdiyi əmələ görə hüquqi məsuliyyətdən azad edilməsi məsələsi nəzərdə tutulur. İnsan alveri qurbanı da silahsız mülki şəxsləri, müharibə əsirlərini və ya digərlərini öldürmək kimi cinayətlər törətmir, onlar daha çox qanunsuz sərhəd keçir, qanuni icazəsiz işləyir, narkotik bitkilər kultivasiya edir, onun satışı ilə və ya xırda oğurluqla məşğul olur, bir çox hallarda intim xidmət göstərir və s. bənzər hüquq pozuntuları törədirlər.

    Birləşmiş Millətlər Təşkilatı Ali Məclisinin 2000-ci il 15 noyabr tarixli 55/25 saylı Qətnaməsi ilə qəbul edilmiş, bu günədək 160-dan artıq dövlətin ratifikasiya etdiyi “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya”nı tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolda insan alveri qurbanlarının cəzadan azad edilməsi müddəası birbaşa olaraq müəyyən edilməmişdir. Lakin Protokolun 2-ci maddəsinə əsasən sənədin 3 məqsədindən biri insan alveri qurbanları olan şəxslərə, onların insan hüquqlarına tam hörmət bəsləyərək müdafiə və yardım etməkdən ibarətdir.

    BMT-nin adı çəkilən Konvensiyasına qoşulan dövlətlərin İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupunun 2009-cu ildə keçirilən görüşündə məsələ ilə bağlı üzv ölkələrə edilmiş 2 tövsiyədən biri mövzu ilə bağlıdır:

    1-insan alveri qurbanlarının identifikasiyası üzrə müvafiq proseduranı müəyyən etmək və belə qurbanlara yardım göstərmək;

    2-daxili qanunvericiliyə müvafiq olaraq insan alveri qurbanlarının istismar dövründə məcbur edildikləri hüquqazidd əməllərə görə cəzalandırılmamasını nəzərdən keçirmək.

    Avropada “insan alveri qurbanlarının cəzalandırılmaması prinsipi” ilk dəfə açıq şəkildə 2005-ci ildə qəbul edilmişdir. İlk öncə Avropa Şurası, daha sonra isə Avropa İttifaqı qəbul etdikləri beynəlxalq hüquqi sənədlər əsasında insan alveri qurbanı vəziyyətində məcbur edildiyi hüquqazidd əməli törətməsinə görə şəxsin cəzadan azad edilməsini insan alveri qurbanının müstəsna hüququ kimi təsbit etdilər.

    Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il tarixli Konvensiyasının 26-cı maddəsinə əsasən insan alveri qurbanlarının cəzadan azad edilməsinə dair qeyd-şərt müəyyən edilmişdir. Belə ki, Konvensiyaya qoşulan hər bir ölkədən öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, insan alveri qurbanlarının qanunsuz fəaliyyətlərə məcburən cəlb olunduqlarına görə cəzalandırılmamasının mümkünlüyünü təmin etməsi tələb edilir.

    Avropa İttifaqının insan alverinə qarşı mübarizəyə dair 2011-ci il tarixli Direktivinin 8-ci maddəsinə əsasən üzv dövlətlər hüquq sistemlərinin əsas prinsiplərinə uyğun olaraq müvafiq orqanlarını səlahiyyətli etməlidir ki, insan alveri qurbanlarını istismar dövründə və ya qurban (zərərçəkmiş şəxs) vəziyyətlərinə görə məcbur edildikləri hüquqazidd əməllərə görə hüquqi təqibə məruz qoymasın.

    Beynəlxalq Əmək Təşkilatının məcburi əmək barədə 1930-cu il 29 nömrəli Konvensiyasına 2014-cü ilin 11 iyun tarixində keçirilmiş Beynəlxalq Əmək Konfransında Protokol qəbul edilmişdir. Protokolda məcburi əmək və insan alveri arasında bağlılıq qeyd edilir və 4-cü maddəsində bildirilir ki, Konvensiyaya üzv olan dövlət öz qanunvericiliyinə uyğun olaraq icbari və ya məcburi əməyin qurbanlarını belə vəziyyətləri ilə əlaqədar məcbur edilmiş hüquqazidd əməllərinə görə ittiham edilməməsi və ya cəzalandırılmaması üçün müvafiq dövlət qurumlarının səlahiyyətli olmalarını təmin etməlidir.

    Bu məqamda məsələ ilə bağlı ölkəmizdə qanunvericiliyin hansı xüsusatları müəyyən etməsi maraq kəsb etməyə bilməz. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən insan alveri qurbanlarının müdafiəsi üzrə tədbirlər müəyyən edilmişdir. Qanunun 17.7-ci maddəsinə əsasən insan alverindən zərər çəkmiş şəxslər bilavasitə insan alverinin qurbanı vəziyyətində olmasının nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyətindən azad edilirlər. Qanuna əsasən insan alverinin qurbanı olmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.

    Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının icra edilməsinin monitorinqini həyata keçirən qurum, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupu – GRETA (the Group of Experts on Action against Trafficking in Human Beings) Konvensiyanı ratifikasiya edən 42 ölkədən 35-i üzrə 2011-2014-cü illərdə ilkin qiymətləndirmə mərhələsini tamamlamışdır.

    Monitorinqi aparılan 35 ölkədən 27-də, yəni 77.1 faizində insan alveri qurbanlarının cəzadan azad edilməsi barədə xüsusi qanunvericiliyin olmadığı, yalnız ümumi cəzanın azaldılması ilə əlaqədar bəzi müddəaların mövcudluğu müəyyən edilmişdir. GRETA-nın tövsiyələrinə əsasən həmin ölkələrdə (Belçika, İrlandiya, Norveç, Polşa, İngiltərə, Uels, Şotlandiya, Danimarka və s.) Konvensiya tələblərinə əsasən insan alveri qurbanlarının cəzadan azad edilməsinə dair xüsusən prokurorlar üçün təlimat kitabçaları hazırlanmışdır.

    35 ölkədən 8-də qurbanların cəzadan azad edilməsi ilə əlaqədar yerli qanunvericilikdə spesifik qanuni müddəalar qəbul edilsə də onlardan yalnız 11.4 faizində, yəni 4-də (Azərbaycan, Lüksemburq, Kipr və Moldova) qanunvericilik istənilən hüquqazidd əmələ görə qurbanın statusuna görə cəzadan tam azad edilməsini nəzərdə tutur. Üç ölkədə bu hüququn realizəsi müəyyən məhdudiyyətlərlə təmin olunur (Gürcüstanda və Rumıniyada fahişəlik, dilənçilik, sərhədin qeyri-qanuni keçilməsi və ya insan orqan və toxumalarının verilməsi ilə əlaqədar spesifik hüquqazidd əməllərə görə, Ermənistanda qurban azyaşlı olduqda və ya az ağır hüquqazidd əmələ görə). İspaniyada törədilən əməl ilə qurbanın məruz qaldığı istismar arasında mütənasiblik nəzərdən keçirilir.

    Diqqətçəkən məqam odur ki, monitorinq zamanı vətəndaş cəmiyyəti nümayəndələrindən əldə olunan məlumatlara əsasən 35 ölkədən 15-də insan alveri qurbanları cinayətlərə görə cəzalandırılıblar və müəyyən edilmişdir ki, səlahiyyətli nümayəndələr tərəfindən intim xidmətlər göstərənlərlə cinsi istismara məruz qalan insan alveri qurbanları və ya əməkçi miqrantlarla məcburi əməyə məruz qalan əcnəbi qurbanların fərqləndirilməsində çətinliklər mövcuddur. Buna görə də GRETA 10 ölkənin səlahiyyətli orqanlarına qurbanların qeyri-qanuni miqrantlardan fərqləndirilməsi, onların müəyyən edilməsi işinin təkmilləşdirilməsi, hətta potensial insan alveri qurbanlarının miqrasiya ilə əlaqədar qanun pozuntularına görə cəzadan azad edilməsini tövsiyə etmişdir.

    Monitorinq nəticəsində GRETA 16 ölkəyə insan alveri qurbanlarının cəzalandırılmaması barədə spesifik qanunvericiliyin qəbul edilməsini və 6 ölkəyə də prokurorlar üçün qurbanlarla qeyri-adekvat davrandıqlarına görə xüsusi bələdçi vəsaitlərin hazırlanmasını tövsiyə etmişdir.

    Ümumilikdə GRETA bir çox ölkələrə hakimlər, prokurorlar, polis və miqrasiya əməkdaşları, əmək müfəttişləri və digər səlahiyyətli şəxslər üçün insan alveri və onun qurbanlarının hüquqları barədə təlimlər təşkil olunmasını təklif etməklə istismara məruz qalan qurbanların cəzalandırılmaması prinsipinə xüsusi diqqət ayrılmasını tövsiyə edir.

    Təhlil predmeti ilə əlaqədar qeyd olunmalıdır ki, insan alveri qurbanlarının cəzalandırılmaması prinsipi insan alverinə qarşı mübarizə fəaliyyətinə insan hüquqları konteksti üzrə yanaşmadan irəli gəlir. Çünki məhz insan hüquqlarının pozulması şəxsin insan alveri qurbanı olmasına gətirib çıxarması ilə yanaşı yenidən insan hüquqlarının pozulması ilə nəticələnir. Digər sözlə insan hüquqlarının pozulması insan alverinin baş verməsinin həm səbəbi, həm də nəticəsidir.

    Bütün sadalanan xüsusatları nəzərə alaraq yekunda qeyd etmək istərdim ki, insan alveri qurbanları effektiv müəyyən edilmədikdə, onlara yardım və müdafiə tədbirləri təmin olunmadıqda və belə şəxslər vəziyyətləri ilə bağlı məcbur edildikləri hüquqazidd əmələ görə cəzadan azad edilmək əvəzinə məsuliyyətə cəlb edildikdə sanki insan alveri qurbanı olduqları üçün cəzalandırılmış olurlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi