Hindistanın Ermənistan sevgisi - Dehli ambisiyalarından vaz keçməyə məcbur olacaq - ŞƏRH

Hindistanın Ermənistan sevgisi - Dehli ambisiyalarından vaz keçməyə məcbur olacaq - ŞƏRH Son dövrlər Hindistanla Ermənistan arasında əlaqələrin inkişafı, bir sıra sahələrə aid müqavilələrin imzalanması, tərəflər arasında silah ticarəti nəzərdən yayınmayıb. Bir neçə gün əvvəl Dehli İrəvana 150 min ədəd qumbara satışı həyata keçirilib. Bu gün i
Analitika
20 Noyabr , 2023 17:14
Hindistanın Ermənistan sevgisi - Dehli ambisiyalarından vaz keçməyə məcbur olacaq - ŞƏRH

Son dövrlər Hindistanla Ermənistan arasında əlaqələrin inkişafı, bir sıra sahələrə aid müqavilələrin imzalanması, tərəflər arasında silah ticarəti nəzərdən yayınmayıb. Bir neçə gün əvvəl Dehli İrəvana 150 min ədəd qumbara satışı həyata keçirilib. Bu gün isə çıxan xəbərə görə, Hindistanın “Bharat Forge” şirkəti “MARK 155” təkərli özüyeriyən haubitsaların Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib.

Beləliklə demək olar ki, Dehli erməni dövləti üçün müdafiə avadanlığının əsas tədarükçüsünə çevrilir. Hərbi əməkdaşlıq çərçivəsində 2020-ci ildə Ermənistan Hindistandan dörd “Svati” mobil radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ raketlərin alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.

Məsələ bununla da bitmir. 18 noyabr tarixində Nyu-Dehlidə iki ölkənin xarici işlər nazirlikləri arasında 10-cu müntəzəm siyasi məsləhətləşmələr keçirilib. Ermənistan tərəfi “Sülhün kəsişməsi” layihəsini təqdim edib və üstünlüklərindən danışıb.

Qafqaz regionuna bitişik olmayan, Ermənistanla quru sərhədi olmayan Hindistanın hay sevgisinin arxasında nə dayanır? Bu sevginin bir sıra siyasi, iqtisadi səbəbləri var.

Maraqlı faktdır ki, rəsmi Dehlinin satdığı bütün silahlar, hətta qumbara belə, sayına qədər mətbuat orqanları tərəfindən tirajlanır. Belə bir alqı-satqının detallarına qədər KİV-ə sızdırılması Hindistan tərəfinin Ermənistan vasitəsilə regionda yeni silah alverçisi olmaq niyyətindən xəbər verir. Fransanın silah satışı ssenarisində olduğu kimi, Dehli də dünya silah bazarında payçıya çevrilmək, regiona öz məhsullarını təqdim etmək istəyir. Bunun üçün də vasitə kimi Ermənistanın seçilməsi açıq-aydın görünür. Çünki bir çox ölkələr arasında silah satışı ilə bağlı müqavilənin yalnız ümumi müddəaları KİV-ə sızdırılır, rəqəmlər isə gizli qalır.

Bundan əlavə, Azərbaycanın Pakistanla silah satışı barədə müqaviləsi də rəsmi Dehli tərəfindən nəzərə alınır. Çünki İslamabadla ciddi rəqabət və hətta düşmənçilik münasibətləri güdən Hindistanın Ermənistanı silahlandırma səbəblərindən birini də bu düşmənçilikdə axtarmaq lazımdır. Bəlkə də Pakistanla olan münasibətlərinə görə, rəsmi Dehli Qarabağdakı separatçı ermənilərin qondarma rejimini də zaman-zaman dəstəkləyən açıqlamalar verirdi. Bu tip açıqlamalara 2020-ci ildə 44 günlük müharibədə də rast gəlmək mümkün idi. Hindistan Ermənistanı dəstəkləyirdi. 2020-ci il müharibəsində bu ölkənin KİV-lərinin analizi də eyni tendensiyanın davam etdiyini ortaya qoyurdu. Məqalələrin 70-80 faizi erməni mövqeyini müdafiə edirdi. Göründüyü kimi, Hindistanın mövqeyi Azərbaycanın Pakistanla uzun müddətdir davam edən əməkdaşlığı ilə də bağlıdır. Sirr deyil ki, İslamabad Ankara və Bakının siyasətini dəstəkləyir və Pakistanla Azərbaycan arasında hərbi sahədə ciddi əməkdaşlıq var. Bununla yanaşı, Hindistanın mövqeyi müsəlmanları düşmən etməyə çalışan Narendra Modinin ölkəsindəki anti-islam siyasətindən də qaynaqlanır.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu dəstəyin arxasında duran faktorlar sırasında iqtisadi səbəblər də var. Sirr deyil ki, Hindistan Ermənistanı İran vasitəsilə Avropa ilə birləşdirən dəhlizə çevirmək niyyətindədir. Bu niyyətə rəsmi Dehlinin transkontinental dəmir yollarının tikintisi vasitəsilə qurmaq istədiyi Cənub-Şimal dəhlizi daxildir. Bu yolla da Hindistan Pakistanın bağladığı Avropa və Mərkəzi Asiyaya quru yollarına çıxış əldə etmək niyyətini güdür. Eyni zamanda İranı Çinin orbitindən çıxarmaq, Pekinin regiondakı infrastruktur layihələrini mühasirəyə almaq da bu məsələyə daxildir. Bunun səbəbi isə Çinin Hindistan üçün regionda ciddi iqtisadi rəqib olması ilə izah edilir.

Təbii ki, rəsmi Dehli Ermənistanla tərəfdaşlığın və nəzərdə tutulan layihənin çox riskli olduğunu başa düşür. Ermənistan isə Hindistanın müttəfiqlik mövqeyində müəyyən dəyişikliklərin olacağını başa düşdüyü üçün bu yaxınlarda ora yeni səfir də göndərib. Hindistanın mövqeyində dəyişiklik isə bir səbəblə izah olunur: Ermənistanın həm hərbi, həm də diplomatik sahədə ard-arda Azərbaycan tərəfindən məğlub edilməsi, Rusiya ilə münasibətləri sıfırlamaq həddinə gəlməsi faktları isə Hindistanın təklif etdiyi dəhliz layihəsinin bir kənara atılması mənasına gələ bilər. Regionda əsas iqtisadi tərəfdaş kimi Ermənistana güvənməyin rəsmi Dehli üçün riskli olduğu yavaş-yavaş üzə çıxır.

Bu ölkəyə İranın şimali-qərbindən Cənubi Qafqaz vasitəsilə Rusiyaya və ya Qara dənizə keçmək üçün dəmir yolu lazımdır. Bu baxımdan Hindistanın iki yolu var: Ermənistanın cənubundakı Zəngəzur vilayəti, digəri isə Azərbaycan üzərindən Xəzər dənizi sahili vasitəsilə.

İstər 44 günlük müharibə, istərsə də 2023-cü ilin 19 sentyabr tarixində baş tutan lokal antiterror tədbirlərindən sonra regiondakı yaranan yeni siyasi və iqtisadi reallıqlar göstərir ki, Hindistanın istəyini Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə reallaşdırmaq olar. Azərbaycanın bu yaxınlarda İranla Araz çayı vasitəsilə yeni yolun tikintisi ilə bağlı start verdiyi işlər, son dövrlər xarici kulislərdə Zəngəzur dəhlizi ilə bağlı verilən açıqlamalar, Hindistan üçün ən optimal variantın Azərbaycan vasitəsilə reallaşdıra biləcəyini göz önünə sərgiləyir. Göründüyü kimi, Dehlinin Ermənistan üzərindən Avropaya çıxış əldə etmək niyyəti suya düşmək üzrədir. Bu səbəbdən onlar artıq başqa variantlar üzərində düşünürlər və bu variantlar sırasında Azərbaycan ən uyğun variant kimi görünür. Regionda baş verən son hadisələr Hindistan üçün zərbə, Pakistan üçün faydadır. Dolayı yolla, Hindistanın Asiyadakı əsas rəqibi Çin üçün də faydalı sayılır.

Vurğulamaq yerinə düşər ki, Hindistanın Azərbaycandan başqa optimal variantı yoxdur. Marşrutun Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə reallaşması kifayət qədər real görünür. Fikir ayrılıqları olsa da, belə bir beynəlxalq layihədə Hindistanın Ermənistan sevgisindən vaz keçə biləcəyini də ehtimal etmək olar.

Üstəlik, rəsmi Dehlinin alternativ variantları yoxdur. Marşrutun Xəzər dənizinə çevrilməsi diplomatik baxımdan çətin olsa da, hələ də irəliləyiş üçün imkanlar var. İran və Azərbaycan arasında problemlərə baxmayaraq, tərəflər dəmir yolu xəttinin tikintisinin bərpası ilə bağlı ilkin təkliflə razılaşa biliblər. Yəqin ki, Hindistanda Ermənistana silah satışının Azərbaycan tərəfindən xoş qarşılanmadığını bilirlər. Görünür rəsmi Dehli düşünür ki, bu anlaşılmazlıq gələcəkdə Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı məhdudlaşdırmayacaq. Ermənistanın məğlubiyyəti fonunda Hindistan regionda artıq dəyişmiş geosiyasi reallıqlara uyğun xarici siyasətini yenidən formalaşdırmış kimi görünsə də, şübhəsiz ki, infrastruktur əlaqələri üçün bu siyasətini yenidən nəzərdən keçirməli olacaq. Qafqazda dəyişən reallığa uyğunlaşmaq isə, Dehliyə faydadan başqa heç nə gətirməz. Çox güman ki, yaxın vaxtlarda Hindistanın bəzi ambisiyalarından vaz keçərək Azərbaycana yaxınlaşacağının şahidi olacağıq.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi