Ermənistanın Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğında ittiham olunaraq həbs olunan Vaqif Xaçaturyanla bağlı ajiotajı səngimir. Beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönləndirən erməni tərəfi hər vəchlə onun günahsız olduğunu, barəsində hər hansı bir beynəlxalq cinayət-axtarış tədbiri aparılmadığını iddia etməyə çalışır. Ermənistanın hökumət rəsmilərindən tutmuş insan haqları üzrə müvəkkil - ombudsmanına qədər bütün şəxsləri V.Xaçaturyanın törətdiyi cinayətlərdən bir kəlmə belə danışmır, əksinə, onun milli mənsubiyyətinə görə həbs olunduğunu iddia edirlər. Ombudsman Anahit Manasyan isə erməni yalanlarını yaymaqda lap gül vurub. O deyib ki, beynəlxalq axtarış sistemlərinin heç birində V.Xaçaturyanla bağlı məlumat yoxdur. Ombudsman beynəlxalq tərəfdaşlar və müxtəlif strukturların nümayəndələri ilə müzakirələr zamanı bir daha “fundamental insan hüquqlarına qanunsuz müdaxilənin beynəlxalq hüquqi təminat və standartların pozulması ilə baş verdiyini” vurğulayıb.
Erməni tərəfinin korlaşan yaddaşını təzələmək üçün faktları bir daha təqdim etmək yerinə düşər.
Azərbaycan tərəfi hələ 2013-cü ildə V.Xaçaturyanın erməni millətindən olan digər şəxslərlə qrup şəklində Meşəlidə qırğın törətdiyi barədə məlumatları toplayıb beynəlxalq qurumlara təqdim edib. Bunu sübut edən faktlar da ortadadır. Həm şahid, həm də zərərçəkən ifadələri, ekspert rəyləri də bunu təsdiqləyir. İstintaqın gedişində Meşəli epizodu üzrə 9 nəfərin cinayət törətməsi sübut olunub. Digər şəxslərin aşkarlanaraq barələrində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmə qərarları da var. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
O ki qaldı Azərbaycan tərəfinin atdığı addımın qanunsuz olması barədə erməni tərəfinin iddialarına, onlara bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.
İrəvan bir məsələni də özü üçün müəyyən etməlidir ki, Xaçaturyan və digər erməni qatillərinin ədalət mühakiməsi qarşısında cavab vermələri Cənubi Qafqazda sülhə gedən yolda mühüm mərhələdir. Azərbaycan-Ermənistan münaqişəsi tarixində ilk dəfədir ki, Qarabağda azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş cinayətkarlardan biri saxlanılıb. 10 il beynəlxalq axtarışda olan V.Xaçaturyanın həbsi Cənubi Qafqazda ədalətin tam bərpasına ümid yaradır. Bu vəhşiliklərdə iştirak edən hər kəs mühakimə olunmalı və cavab verməlidir - əks halda Cənubi Qafqazda sülh sadəcə olaraq ədalətli olmayacaq.
V.Xaçaturyanın beynəlxalq axtarışa verilməsindən 10 il sonra yaxalanması regionda sabitliyin bərqərar olmasına çalışanlar üçün çoxdan gözlənilən hadisədir. Onun kimi hərbi cinayətkarlar kifayət qədərdir. Artıq onların məhkəmə qarşısına çıxarılmasına başlanılıb. Geci-tezi Ermənistanın keçmiş rəsmiləri, o cümlədən sabiq iki prezident Robert Koçaryan və Serj Sarqsyan da həbs olunacaq. “Qarabağ klanı” ilə baş nazir Nikol Paşinyan rejimi arasında siyasi ədavəti nəzərə alsaq, Ermənistan hakimiyyətinin ədalətli mühakimə üçün bu qatilləri Azərbaycana təhvil verəcəyini gözləmək olar.
Ermənistanın öz vətəndaşlarının Qarabağ müharibəsində hərbi cinayətlər törətdiyini etiraf etməsi səmərəli ədalət mühakiməsi üçün zəruri ilkin şərtdir. Lakin bu gün biz erməni fəalların V.Xaçaturyanın Meşəlidəki qətliamlarda günahının sübuta yetirilməsinə baxmayaraq, onun həbsdən azad edilməsi tələblərinə, hətta Qırmızı Xaç və BMT-nin İrəvandakı binalarını mühasirəyə aldıqlarını müşahidə edirik.
Yekun olaraq qeyd edək ki, Vaqif Xaçaturyan həbs olunan ilk cinayətkar olsa da, sonuncu deyil. Ermənistan cəmiyyəti və hakimiyyəti də özü üçün bir məsələni müəyyən etməlidir - müdafiəsiz insanların qatillərinin yanında olduğunu nə qədər tez etiraf etsə, o zaman regionda özü üçün dinc həyatı də bir o qədər tez təmin etmiş olar.