Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etməklə yaradılan süni münaqişəni də nizamladı. Artıq nə münaqişə, nə uydurma status, nə də bu istiqamətdə vasitəçilik etmək istəyənlər var. İndi Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin imzalanması və regional əməkdaşlıq məsələləri gündəlikdədir. Belə bir şəraitdə ərazi məsələsi ilə bağlı istənilən müzakirə Azərbaycanın suveren hüquqlarının pozulması, xarici müdaxilədir.
Münaqişə dövründə beynəlxalq vasitəçi rolunda çıxış edən əsas oyunçu ATƏT-in Minsk qrupunun həmsədrləri idi. Onların fəaliyyətsizliyi səbəbindən Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldı. Bu qrup “münaqişə” saydıqları uydurma hadisəni dinc və sülh yolu ilə həllinə vasitəçilik edəcəklərini bildirirdilər. Onların fəaliyyətsizliyi isə Ermənistanın iştahasını daha da artırırdı. Torpaqlar işğaldan azad edildikdən sonra isə həmin ərazilərdə qanunsuz məskunlaşdırmaya dair faktlar ortaya çıxdı. Beynəlxalq vasitəçilərin ərazidə mülki, inzibati və sosial binaların dağılmasına, minalanmasına, süni köçə göz yumması vəziyyəti daha da ağırlaşdırırdı. Onlar regiona çoxsaylı ezamiyyətləri ilə özlərini plan yerinə yetirirmiş kimi aparırdılar. Həmsədrlər bu fəaliyyətsizlikləri ilə həm də beynəlxalq hüququn pozulmasına şərait yaradırdı.
İndi münaqişə adlandırılan məsələ həll olub. Deməli, bütün baxımlardan vasitəçilərin onun “həllinə yardım etməsinə” də ehtiyac qalmır. Başqa sözlə, bu qrupun mandatı ləğv edilib. Mandatı olmayanların mövcudluğu isə məntiqli deyil. Artıq həmsədr dövlətlərdən ikisi - Rusiya və ABŞ həmsədrlik institundan bəhs etmirlər. Bundan sonra Rusiyanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi İqor Xovayev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələrinə vasitəçilik edəcək. ABŞ-da isə Qafqaz üzrə danışıqlardan dövlət katibi köməkçisinin baş müşaviri Endrü Şofer məsul olacaq. Xatırladaq ki, Şofer əvvəllər keçmiş Minsk qrupunda ölkəsini təmsil edən həmsədrlərdən idi.
Avropa İttifaqı normallaşma prosesində fəallıq göstərir. Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaardır. O, 2021-ci ilin dekabrında regiona səfər etmişdi. Bu onu göstərir ki, artıq beynəlxalq vasitəçilər ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun fəaliyyətini bitmiş sayırlar. Digər tərəfdən, rəsmi Bakı belə bir qurumu tanımır və qəbul etmirsə, onlar nəyin həllinə yardım göstərəcək və kiminlə danışıq aparcaqlar. 44 günlük döyüşlərdən sonra həmsədrlər Azərbaycana səfər etdilər. Özlərini işgüzar göstərməyə cəhd etdilər. Azərbaycan Prezidenti İlham Əliyev onları qəbul edərək ötən illərdə baş verənləri onlara bir daha xatırlatmaqla bildirmişdi: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər”. Bu, rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun sonu ilə bağlı açıqlama idi.
Məsələnin başqa bir tərəfi isə Ukrayna məsələsində düşərgənin əks tərəflərində duran ABŞ və Rusiya ilə bağlıdır. Bu ölkələr BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindəndir. Bir müddət əvvəl Rusiyanın şuradan çıxarılması və ya fəaliyyətinə müvəqqəti olaraq moratorium qoyulması məsələsi gündəliyə çıxarılmışdı. Belə bir şəraitdə ABŞ və Rusiyanın hansısa qrup daxilində həmsədrlik etməsi məntiqdən və reallıqdan çox-çox uzaqdır. Məsələn, bu yaxınlarda Ağ ev elan etdi ki, Rusiya qatıldığı üçün ABŞ Prezidenti Cozef Bayden “G-20”liyin toplantısında iştirak etməyəcək. Qeyd edək ki, “Böyük 20”liyin dövlət başçılarının 17-ci toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.
Göründüyü kimi, ABŞ beynəlxalq məsələləri müzakirə etmək üçün Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Moskvanın Vaşinqtondakı səfir Anatoli Antonov bildirib ki, ABŞ-la Rusiya artıq tərəfkeş deyillər: “ABŞ müəyyən etməlidir: Rusiya onlar üçün kimdir - tərəfkeş, rəqib, opponent, rəqib, yoxsa düşmən. Mən tərəfkeş olduqlarını deyərdim. Ancaq təəssüf ki, biz hazırda tərəfkeş deyilik”. Cozef Baydenin Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətlərdə və soyqırımda ittiham etməsi kimi bəyanatları sübut edir ki, dünyanın aparıcı əsas güclərindən sayılan ABŞ və Rusiyanın münasibətləri artıq düşmən səviyyəsindədir.
Aprelin 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra tviter səhifəsində yazıb: “Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün atılan bütün addımlara tam dəstək göstərəcəyik”. Şarl Mişel də çıxış və görüşlərində həmsədrlikdən bəhs etmir. Belə olan halda Minsk qrupunun həmsədrliyi kimi təşkilatın mövcudluğundan bəhs etmək də cəfəngiyyatdır.
Azərbaycan torpaqlarını işğaldan azad edərək münaqişənin artıq olmadığını göstərdi. Beynəlxalq vasitəçilər yeni statuslu nümayəndələr təyin etməklə bu reallığı qəbul edib. Ermənistan bu kiflənmiş qrupdan əl çəkməməklə regionda pozuculuq fəaliyyətini davam etdirir. Bu ölkədə siyasət uydurma münaqişə üzərində qurulduğundan ideya boşluğu var. Yeni şəraitə uyğunlaşmaq üçün Ermənistan hikkəsindən əl çəkib toparlana bilmir. Çünki ölkədə ideyalar daxil üçün irəli sürülmür, onlar bütün sahələrdə olduğu kimi, bu məsələdə də ələ, havadarların ağzına baxırlar. Ona görə də tarixin arxivinə göndərilən “həmsədr” ifadəsindən əl çəkmirlər. Nə Rusiya, nə də ABŞ Qafqaz üzrə təyin etdikləri nümayəndələrinə keçmiş səlahiyyətlə mandat verməyib. Yeni təmsilçilər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə, sülh sazişinin imzalanmasına, sərhədlərin müyyən edilməsinə yardım göstərəcəklər. Bu, beynəlxalq vasitəçilərin həmsədrlikdən imtinasıdır.