​Həmsədr dövlətlər dəyişəcəkmi? - ŞƏRH

​Həmsədr dövlətlər dəyişəcəkmi? - ŞƏRH Dünyada və bölgədə baş verənlərin müqayisəli təhlili, oxşarlıqlar Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir
Analitika
20 Fevral , 2015 15:51
​Həmsədr dövlətlər dəyişəcəkmi? - ŞƏRH

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası Vyanada başa çatır.

"Report" xəbər verir ki, sessiya zamanı parlament üzvləri Daimi Komitənin iclasında, eləcə də ATƏT PA-nın 3 ümumi komitələrinin iclaslarında iştirak ediblər. Sessiyada Ukraynadakı vəziyyət daxil olmaqla gündəlikdə duran başqa beynəlxalq əhəmiyyətli məsələlər də müzakirə olunub.

Toplantıda Azərbaycanı təmsil edən deputatlar da bir sıra təkliflər irəli sürüb, cəmiyyətimizi narahat edən məsələlərdən danışıblar.

Heç şübhəsiz Azərbaycan ictimaiyyətini narahat edən başlıca məsələ torpaqların işğal altında olması və bu təcavüz nəticəsində yaranan problemlərdir. ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova belə problemlərdən birini, azərbaycanlı Dilgəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanması məsələsini qaldırıb. O, azərbaycanlıların girov düşməsi şəraitini sessiya iştirakçılarının diqqətinə çatdırarkən deyib ki, D.Əsgərov və Ş.Quliyev Kəlbəcər rayonunda öz qohumlarının məzarlarını ziyarət etdikləri zaman girov götürülüblər. Deputat vurğulayıb ki, bu məsələ ilə bağlı yazılı şəkildə ATƏT PA katibliyinə müraciət edilib: "Təəssüf ki, bugünkü mənzərə məyusedicidir, onlar hələ də girovluqdadır".

Azərbaycan nümayəndə heyəti başçısının qaldırdığı bu məsələyə ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya XİN rəhbəri İvitsa Daçiç də münasibət bildirib. O, yaxın zamanda Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırdığını, onda hər iki ölkənin rəhbərləri ilə müzakirələr aparmağa, bir sıra məsələləri, o cümlədən girovlarla bağlı problemi qaldırmağa imkanı olacağını söyləyib.

Yığıncaqda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev isə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin dəyişdirilməsi haqqında təklif irəli sürüb.

Onun sözlərinə görə, həmsədr dövlətlərin tərkibinin dəyişdirilməsi münaqişənin həlli prosesində yeni ideyaların yaranmasına gətirib çıxara bilər. O, həmsədrlərin tərkibinə Almaniya və Türkiyənin də daxil olunmasını təklif edib.

İ.Daçiç bu təklifə münasibət bildirərkən ATƏT-in Minsk qrupunun mövcud formatını dəstəklədiyini vurğulayıb.

Dünyada, eləcə də Azərbaycanın daxil olduğu coğrafi-syasi məkanda baş verənlər fonunda ATƏT PA-dakı təmsilçilərimizin çıxış və təklifləri məqbul sayılır. Çünki ərazisi işğala məruz qalan Azərbaycanın mövqeyi ədalətli və güclüdür. Bundan başqa, dünyada terrorçuluğa qarşı mübarizədə Azərbaycan beynəlxaq güclərlə əməkdaşlıq edir. Ərazi bütövlüyü və suverenliyi pozulan dövlətlərin haqlı mövqeyi dəstəklənir. Əslində ATƏT PA-dakı bu kimi çıxışlar həm də Azərbaycanın düşdüyü vəziyyətin dünya ictimaiyyətinə çatdırılması üçün də əldə edilən bir imkandır. Dünyada və bölgədə baş verənlərin müqayisəli təhlili, oxşarlıqlar Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir. ATƏT-də məsələlər konsensusla həll olunur. Ancaq bu qurumun qərar, qətnamə və tövsiyələri sanksiya vermək haqqı olan beynəlxalq təşklatların mövqeyinə təsiretmə imkanına malikdir. Odur ki, Azərbaycan nümayəndə heyəti üzvlərinin çıxışları ölkə rəsmilərinin və ictimaiyyətinin Dağlıq Qarabağla bağlı mövqeyinin eyni olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından önəmlidir.

Son xəbərlər

Orphus sistemi