Gürcüstanda parlament seçkiləri: keçmiş prezidentin baş tutmayan “revanş”ı - ŞƏRH

Gürcüstanda parlament seçkiləri: keçmiş prezidentin baş tutmayan “revanş”ı - ŞƏRH Cəmiyyətin təkamül yolu ilə inkişafının məqsədəuyğun olması düşüncəsi bir daha özünü təsdiqlədi
Analitika
1 Noyabr , 2016 16:29
Gürcüstanda parlament seçkiləri: keçmiş prezidentin baş tutmayan “revanş”ı - ŞƏRH

Bakı. 1 noyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 8-də başlayan parlament seçkiləri oktyabrın 30-da ikinci turun keçirilməsi ilə başa çatıb.

İkinci turda əsas müxalifət partiyası sayılan “Vahid Milli Hərəkat” Partiyasının öz vəziyyətini yaxşılaşdıraraq, daha bir neçə deputat yeri qazanacağı ehtimal edilsə də, bu, baş vermədi. Sonuncu turda hakim partiyanın 50 birmandatlı dairədən 48-də qalib gəldiyi elan edildi.

Beləliklə, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına əsasən, hakim “Gürcü arzusu –Demokratik Gürcüstan” Partiyası parlamentdəki 150 yerdən 115-ni qazanıb. Müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyası 29, “Vətənpərvərlər Alyansı” isə 6 yer əldə edib.

Hələ oktyabrın 8-də keçirilən seçkidən sonra ABŞ Dövlət Departamenti “Gürcüstanda keçirilən bu siyasi kampaniyanın yaxşı təşkil olunduğunu” bəyan etməklə kifayətlənmişdi. Bu isə seçkidə qanun pozuntularının olduğunu da söyləməyə əsas verir. Çünki Dövlət Departamenti qarşı-qarşıya olan tərəfləri aralarındakı mövcud problemləri dinc yolla həll etməyə çağırmışdı.

Odur ki, Gürcüstanda keçirilən parlament seçkilərində yaddaqalan bəzi detalları diqqətinizə çatdırmaq istərdik.

Batumidə 83 yaşlı seçici məntəqədə səs verdikdən sonra halı qəflətən pisləşib, o, elə məntəqədə dünyasını dəyişib.

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli şəhərində isə yaşlı seçici məntəqəyə daxil olduqdan sonra özünü pis hiss edib. Təcili tibbi yardım maşını çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda seçki məntəqələrinin bir neçəsində, xüsusilə də Qızılhacılı kəndindəki 48 saylı məntəqədə seçicilər arasında qarşıdurma yaranıb. Gürcüstanın xüsusi təyinatlılarının müdaxiləsindən sonra vəziyyət normallaşıb. Nəticədə xeyli adam saxlanılıb. Yalnız 6 nəfər azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib. Oktyabrın 29-da onlardan biri azadlığa buraxılıb. Qalan 5 nəfər hələ də həbsdədir.

Zuqdidi rayonunda hakim “Gürcü arzusu” Partiyasının tərəfdarları ilə məntəqə seçki komissiyası üzvləri arasında münaqişə olub.

Siqnaxidə isə səsverməyə gələn seçiciyə pul verilməsi faktı aşkarlanıb.

Oktyabrın 8-i, 22-i (təkrar seçki) və 30-da (ikinci tur) seçkilər keçirilən ərazilərdə “Vahid Milli Hərəkat” Partiyasının müşahidəçiləri və təəssübkeşlərinin döyüldüyü barədə xəbərlər yayılıb.

Ümumiyyətlə, Gürcüstanın MSK-sına müxtəlif məzmunlu 200-dən çox şikayət daxil olub. Ancaq bu şikayətlərin heç biri məhkəməyə göndərilməyib.

Yeri gəlmişkən, hökumət seçkilərlə əlaqədar MSK-ya ümumilikdə 18,8 milyon dollara yaxın vəsait ayırıb.

Gürcüstanda seçkilərin demokratik keçirilməsi həm də bu siyasi kampaniyada yerli azərbaycanlıların iştirak etməsindən dolayı bizim üçün maraq və əhəmiyyət kəsb edir. Çünki Gürcüstanın hakimiyyət orqanlarında onların təmsil olunmalarını, bu ölkənin həyatında fəallıq göstərmələrini istəyirik.

Bütün siyasi partiyalar Azərbaycan türklərinin yaşadıqları bölgələrdən azərbaycanlıların namizədliyini irəli sürmüşdülər. Ümumilikdə, 40 azərbaycanlının deputatlığa namizədliyi qeydə alınmışdı. Müqayisə üçün qeyd edək ki, deputat olmaq iddiasında olan ermənilərin sayı isə 25 idi. Dörd azərbaycanlı deputat seçilib. Onlardan üçü - Ruslan Hacıyev, Savalan Mirzəyev, Mahir Dərziyev “Gürcü arzusu” Partiyasını təmsil edir. Azər Süleymanov isə “Vahid Milli Hərəkat” Partiyasından deputat olub. M.Dərziyev və A.Süleymanov proporsional, o biri iki nəfər isə majoritar qaydada seçilib. R.Hacıyev Marneulidəki, S.Mirzəyev isə Qardabanidəki birmandatlı dairədən deputat seçiliblər. “Vətənsevərlər Alyansı”ndan namizədliyi irəli sürülən iki azərbaycanlıdan heç biri deputat ola bilməyib.

Ermənilər isə Gürcüstan parlamentində 3 deputatla təmsil olunacaqlar. “Gürcü arzusu”ndan bir erməni Axalkalakidən proporsional, "Vahid Milli Hərəkat” Partiyasından bir erməni majoritar, biri isə proporsional qayda üzrə deputat seçilib.

Gürcüstandakı parlament seçkiləri ilə bağlı mübahisəli məsələlər də var. Bolnisidən Samirə İsmayılovanın qələbə qazandığı bildirilib. Ancaq onun qələbəsi rəsmiləşdirilməyib. Onun yerinə istefa verərək seçikilərə qatılmış yerli icra başçısı Qoqi Mişveliani deputat elan olunub.

Gürcüstan KİV-inin yazdığına görə, “Vahid Milli Hərəkat” Partiyasından Marneuli üzrə namizədliyi irəli sürülən Əhməd İmamquliyev də seçkinin nəticələrindən narazılıq edib.

Hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasının sədri, Baş nazir Giorgi Kvirikaşvili parlament seçkilərinin uğurla baş çatması münasibətilə ölkə əhalisini təbrik edib.

Onun yenidən hökumətə başçılıq edəcəyi ehtimalı da böyükdür. Ölkə Konstitusiyasına əsasən, parlament səlahiyyətlərinin icrasına başladıqdan sonra 7 gün ərzində hökumət istefaya gedir, prezident yeni Nazirlər Kabinetinin üzvlərinin siyahısını bu müddətdə təsdiqlənmək üçün parlamentə təqdim edir. Gürcüstanın yeni seçilən parlamentinin ilk iclası isə noyabrın 19-dək keçiriləcək. 

Seçkilərlə bağlı daha bir neçə məqama da nəzər yetirmək istərdik. Əvvəlcə onu vurğulamaq lazımdır ki, 2012-ci ildə keçirilən seçkilərdə Bidzina İvanişvilinin “xaç atası” olduğu deyilən hakim “Gürcü arzusu” 56,87 faiz səs toplayaraq, parlamentdə 85 deputatla təmsil olunmuşdursa, əsas lideri keçmiş prezident Mixeil Saakaşvili olan “Vahid Milli Hərəkat” Partiyası isə 43,33 faiz səs toplayaraq ali qanunverici orqanda 65 deputatla təmsil olunurdu.

Heç kimə sirr deyil ki, bu dəfə də mübarizə sabiqlər - keçmiş prezident və baş nazir arasında gedib. Düzdür, onlar bu siyasi kampaniyada açıq-aşkar iştirak etməyiblər. Ancaq M.Saakaşvili keçmiş baş nazir Bidzina İvanişvilini parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib.

Baş verənlər yalnız Gürcüstanın iki siyasi və dövlət xadiminin mübarizəsi deyil, bu, həm də onları dəstəkləyən xarici güclərin qarşıdurmasıdır. Bu mübarizədə keçmiş baş nazir və onun dəstəkçiləri sabiq prezidentin “revanş”ına imkan vermədi. Ona görə də ehtimal etmək olar ki, əgər M.Saakaşvilinin tərəfdarları növbəti mərhələyədək dağılsa, o zaman onların yeni lider seçməsinə ehtiyac olacaq. Heç şübhəsiz, 2008-ci ilin hadisələrini bölgədə mövqelərini gücləndirmək istəyən Rusiya yaddan çıxarmayıb. Bu baxımdan keçmiş prezidentin Ukraynanın Odessa vilayətinə hələ daha bir müddət başçılıq edəcəyi də istisna deyil.

Seçkilərdə Azərbaycan türklərinin əvvəlki illərlə müqayisədə fəallığının artdığı müşahidə edilib.

Beləliklə, Gürcüstanda demokratik cəmiyyətin qurulduğunu, seçkilərin azad və ədalətli keçirildiyini iddia edənlər deyəsən tələsiblər. Bir sıra hallarda onu qonşu postsovet dövlətlərinə model olaraq göstərməyin də yersiz olduğu təsdiqləndi. Ona görə də belə cəmiyyətin təkamül yolu ilə inkişafının məqsədəuyğun olması düşüncəsi bir daha özünü təsdiqlədi. 

Son xəbərlər

Orphus sistemi