​Günəş uşaqların möcüzələr diyarında - MƏQALƏ

​Günəş uşaqların möcüzələr diyarında - MƏQALƏ Gəlin, hər birimiz onlara QAYĞI bəxş edərək, bir QAYĞIKEŞƏ çevrilək!
Analitika
16 Mart , 2016 15:25
​Günəş uşaqların möcüzələr diyarında - MƏQALƏ

Bakı. 16 mart. REPORT.AZ/ Mart ayının 21-i Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur. Bununla əlaqədar martın 18-də saat 12:30-da “Biz də hamı kimiyik!” adı altında yürüş keçiriləcək. 

"Report" YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayevanın daun sindromlu uşaqlarla bağlı "Günəş uşaqların möcüzələr diyarında" adlı məqaləsini təqdim edir. 

Onlarla ilk tanışlığım hələ dünən kimi yadımdadır. Bir-birimizdən çəkinir, ilk ünsiyyətin gətirdiyi gərginliyin təsiriylə həyəcanlanırdıq. Bütün cəsarətimi toplayıb, məni yeni bir dünya ilə tanış edəcək o qapıdan içəri girdim və gözqamaşdırıcı təbəssümlərlə qarşılaşdım. Sanki hər biri misilsiz dəyərdə olan cəvahiratların toplandığı gizli bir xəzinəyə addım atırdım…

Daun sindromlu şəxslərlə tanışlıq həyatımda tamamilə yeni, daha əvvəl təsəvvür belə edə bilməyəcəyim qədər özəl bir mərhələ oldu. Onların istifadəsinə yenicə verilmiş möhtəşəm tikilinin otaqlarını bir-bir gəzir, yeniliklərlə tanış olurdum. Amma gözüm nə təzə quraşdırılan avadanlıqları, nə də tamamlanmaqda olan dizayn işlərini görürdü. Onların təbəssümlərinin işığı bütün ruhumu əsir almışdı.

Otaqları gəzdikcə məni ilk dəfə görən daun sindromlu şəxslər köhnə dostlarını görürmüş kimi sevinir, üstümə qaçır, məni ürəkdən qucaqlayıb öpürdülər. Bu öpüşlərdə elə saf, təmənnasız bir sevgi var idi ki… Yəqin ki yalnız daun sindromlu şəxslər bu dərəcədə böyük bir sevgini qarşılıqsız şəkildə ən dəyərli sərvət kimi nümayiş etdirə bilərlər. Həmin gün "Daun sindromlu şəxslər həqiqətən də bizdən fərqli imişlər. Biz onlara heç vaxt çata bilmərik", - deyə beynimdən keçirmişdim.

Onları "Günəş uşaqlar" adlandırırlar. Necə də doğru deyilib! Özünəməxsus, yumru, gülərüzləri, daim sevgi ilə parıldayan gözləri, gülümsəmək üçün bircə himə bənd olan dodaqları ilə elə əsl Günəşdirlər! Günəş qədər işıqlı, parlaq və dünyamıza günəş qədər gərəklidirlər. İnsan təbiətinə xas olan bütün mənfi keyfiyyətlərdən, çatışmazlıqlardan azad, yalnız müsbət xüsusiyyətləri özlərində birləşdirən daun sindromlu insanlar məsumluqları ilə adamı az qala utandırırlar. Bir çoxumuz üçün övlad sevgisi, analıq hissi bütün duyğuların fövqündədir. Amma təəssüf ki, bəzi insanlar misilsiz dərəcədə dəyərli olan bu şəxsləri düzgün qiymətləndirə bilmirlər. Obyektiv və subyektiv səbəblərdən daun sindromlu övladlarına yük kimi baxır, onların sosiallaşmasına, insanlarla qaynayıb qarışmasına yetərincə diqqət ayırmırlar. Lakin cəmiyyətə düzgün şəkildə qazandırıldığı təqdirdə, daun sindromlu bir şəxslə adi insan arasında heç bir fərq yoxdur. Əksinə, düzgün istiqamətləndirilmiş daun sindromlu şəxs bir çox sahələrdə daha da bacarıqlı ola bilər. Onlar ki, anadangəlmə incəsənət adamlarıdır! Riyazi bacarıqları inkişaf etdirilərsə, hətta dahilik potensialına malikdirlər!

Beynimdən keçən bu düşüncələri mərkəzdəki "Günəşlər"in öpüşləri, onlarla qucaqlaşma müşayiət edirdi. Göz-gözə gəldikləri hər kəsə: mənə, müəllim və pedaqoqlarına, mərkəzin işçi heyətinə, küçədə tanımadıqları insanlara tərəddüd etmədən sevgi çələngi bəxş edirlər. Qarşılarındakı şəxsin buna layiq olub-olmadığını düşünməyə ehtiyac belə duymurlar. Onlar bax, belə böyük ürəyə sahibdirlər…

Daun sindromu xəstəlik deyil, genetik fərqlilikdir. Hər bir insan hüceyrəsində 46 ədəd, daha dəqiqi 23 cüt xromosom mövcuddur. Daun sindromlu insanlarda isə 21-ci cütlükdə bir ədəd artıq, yəni iki xromosom yerinə, üç xromosom olur. Bu anomaliya tibb elmində “trisomiya” adlanır. Fikrimcə, daun sindromlu şəxslərin adi insanlardan yeganə “artığı” bircə xromosomları deyil. Onların ruhlarının zənginliyi, mənəvi keyfiyyətləri də 46 xromosomlulardan üstündür.

Artıq bir neçə ildir ki, daun sindromlu şəxslərin dünyasına qonağam. Onların istedad və bacarıqlarının, sosial keyfiyyətlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qeydinə qalınması, həyatlarının asanlaşdırılması istiqamətində görülən işlərə şahidlik edirəm. Bu insanlar artıq həyatımın bir parçasına çevriliblər və həyatımı onlarsız təsəvvür edə bilmirəm.

Hər dəfə görüşəndə boynuma sarılıb hal-əhval tutan Validə, Kamran, Sultan, Sona, tez-tez saç düzümü barəsində rəyimi soruşan gözəl Cəmalə, nazlı-qəmzəli Məsumə, şeirləri ilə tədbirlərimizi bəzəyən Süleyman artıq doğmalarımdır. Bilirəm ki, hər tədbirin sonunda Ramillə xüsusi şəkil çəkdirməliyəm, yoxsa məndən inciyər. Bilirəm ki, Əli yaşca hamıdan böyük olduğuna görə istəyir ki, həmişə onun da fikrini soruşsunlar. Afiqə söz vermişəm ki, növbəti tədbirimizdə onunla çoxlu rəqs edəcəyəm. Ülvi badmintonu çox sevir, Rəşad günlərlə üzərində əziyyət çəkdiyi rəsminin tərif edilməsindən xüsusi zövq alır, balaca Kamal puzzle yığmağı xoşlayır, 6 yaşlı Tuncay indidən yazmağı bacarır, Elmar o qədər şirindir ki, adam lap yanaqlarını sıxmaq istəyir. Bir sözlə, biz artıq böyük bir ailəyə çevrilmişik.

Lakin biz istəyirik ki, ailəmiz daha da genişlənsin. Hər kəsi "Günəş uşaqlar"ın təbəssümləri ilə işıqlanan bu "möcüzələr diyarı"na cəlb etmək arzusundayıq. Gəlin, hər birimiz onlara QAYĞI bəxş edərək, bir QAYĞIKEŞƏ çevrilək!

Hər il martın 21-i cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq, bütün dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur. Bu ilin şüarı belədir: "Mənim dostlarım, mənim cəmiyyətim". Get-gedə böyüməkdə olan sevgi çəmbərimizə siz də qoşulun! Daun sindromlu uşaqları sevməyə çalışın demirəm, çünki onları tanıyandan sonra sevməmək mümkün deyil. Onları tanıyın, anlayın, hiss edin! Öz yeknəsəq həyatınızdan bir anlıq sıyrılıb onların rəngarəng, işıqlı dünyalarına boylanın. İnanın ki, əgər "Günəş uşaqlar"ın “möcüzələr diyarı”na bir dəfə daxil olsanız, daha heç vaxt tərk etmək istəməyəcəksiniz…

Son xəbərlər

Orphus sistemi