Yuxarı

​Gümrüdəki qətl Rusiya bazasının qalmasına təsir edəcəkmi? - ŞƏRH

Bu, Ermənistanın Rusiya qarşısında boynuna götürdüyü əbədi köləlik öhdəliyindən irəli gəlir

Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən gün Ermənistanda Rusiya ilə müttəfiqliyə mənfi təsir edə biləcək hadisə baş verib.

"Report" xatırladır ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının müddətli hərbçisi Valeri Pavloviç Permyakov həmin şəhərdə bir ailənin 6 üzvünü "AKM" markalı avtomatla qətlə yetirməkdə şübhəli bilinir. Ailə üzvləri yatan vəziyyətdə olub. Qətlə yetirilənlərin arasında 2 yaşlı uşağın olduğu haqda xəbər yayılıb.

Xəbərlərə əsasən, V.Permyakov Şirak vilayətinin Bayandur kəndi ərazisində saxlanılıb.

Hazırda şübhəlinin dindirilməsi prosesi gedir.


"Report"un şərhi.

Bu, həmin rayonda baş verən ilk hadisə deyil. Hələ 1999-cu ildə 102 saylı bazanın rusiyalı iki hərbçisi odlu silahdan dinc yerli sakinlərə atəş açaraq, Ermənistanın 2 vətəndaşını öldürmüş, bir neçə ermənini isə yaralamışdılar. Bundan başqa Rusiyanın Ermənistandakı nəzarətsiz poliqonunda hərbi təlimdən sonra zərərsizləşdirilməmiş minanın partlaması nəticəsində iki yeniyetmə erməni ölmüşdü.

Rusiyanın 102 saylı hərbi bazasında hərbçilərin zaman-zaman çeşidli sosial problemlərlə üzləşdiyi barədə də informasiyalar yayılır.

Bu baza heç şübhəsiz, Rusiya və Ermənistanın maraqlarının təmin olunması üçün Gümrüdə yerləşdirlilib. Baza ilə bağlı müqavilə 1995-ci ildə imzalanıb. 2013-cü ildə isə bu müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalanıb. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. 1995-ci ildə imzalanmış müqavilənin müddəti 25 il müddəti üçün nəzərdə tutulmuşdu. Yeni sənədə əsasən, 1995-ci ildən başlayaraq, Rusiyanın hərbi bazası 49 il müddətinə, başqa sözlə 2044-cü ilədək orada Ermənistanda qalacaq.

Bazada Müstəqil Dövlətlər Birliyi Hava Hücumundan Müdafiə birləşdirilmiş sistemi çərçivəsində döyüş növbətçiliyi aparılır. Bu hərbi müəssisə Şimali Qafqaz Hərbi Dairəsinin Rusiya qoşunları qrupuna tabedir.

Hərbi baza "S-300" zenit raket kompleksi və "MiQ-29" qırıcıları ilə təchiz edilib. Orada şəxsi heyətin tərkibi 5 min nəfərə yaxındır.

Bu sayaq məlumatlar onu göstərir ki, baza daha çox Rusiyanın maraqlarını müdafiə edir. Ermənistanın "qonşulardan müdafiə edilməsi" kimi uydurmaya bu bazanın heç bir "yardımı" yoxdur. Çünki Ermənistanın "qonşularından müdafiəsi"ndə bu bazanın elə bir önəmli rolu yoxdur. Ermənilərin və onların müttəfiqlərinin Ermənistan üçün düşmən kimi təqdim, təbliğ etdikləri Azərbaycan və Türkiyə onların təsvir etdikləri halda olsa idi, indi həmin ərazidə Ermənistan dövləti və erməni etnik qrupu olmazdı. Əksinə, ermənilərin düşmən saydıqları dövlətlər davamlı olaraq, qonşulara qarşı iddialardan əl çəkib, işğal edilmiş Azərbaycan torpaqlarından çıxaraq, münasibətlərin sağlam istiqamətdə inkişaf etdirilməsini təklif edir.

102 saylı baza və ona bağlı hadisələrə Ermənistan ictimaiyyətinin səssiz qalmayacağını ehitimal etmək olar. Başqa sözlə, ölkə sakinləri açıq və ya gizli şəkildə Rusiyanın hərb bazasının Gümrüdə mövcudluğuna qarşı çıxacaq. Ancaq Ermənistandakı hakimiyyətin bunu əvvəlki hadisələr kimi bəyanat verməklə qarşılayacağı istisna edilmir. 1999-cu ildə hakimiyyətdə Robert Koçaryan olub. O da baza ilə bağlı baş verən faciəni ört-basdır etməyə çalışdı və buna nail oldu.

Qeyd edək ki, ötən günkü qətldən sonra Serj Sarqsyan hadisənin araşdırılmasını nəzarət altına götürdüyü haqda xəbər yayılıb.

Ermənistan Rusiyanın vassalı olduğundan hər ikisi Moskvanı təyin etdiyindən Ermənistan "prezidentinin" Rusiyaya qarşı çıxacağı, yaxud məhkəmənin ədalətli qərar çıxaracağı ağlabatan görünmür. İşğal olunmuş Azərbaycan torpaqlarında əzizlərinin qəbrini ziyarət etməyə gedən iki azərbaycanlını girov götürərək, "diversant" adı ilə onlara "ömürlük həbs" verən erməni məhkəməsi bu qətli törədən Rusiya hərbçisinə Ermənistanda məhkəmə qurub ömürlük həbs cəzası verməyə cəsarət edəcəkmi?

Ehtimal etmək olar ki, Rusiyanın maraqları naminə Ermənistan hakimiyyəti bu məsələdə də "qonşu barmağı" axtararaq, Rusiyanı müdafiə etməyə çalışacaq. 102 saylı bazadakı Rusiya hərbçilərinin törətdiyi başı pozuqluğu isə adi məişət hadisəsi kimi təqdim edəcəklər. Bu sayaq davranış Ermənistanın Rusiya qarşısında boynuna götürdüyü əbədi köləlik öhdəliyindən irəli gəlir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi