“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH

“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma mərhələsinə qədəm qoyması bir sıra dairələri narahat edib. Xüsusən də demarkasiya prosesinin başlaması, sərhəd dirəklərinin qurulması məsələsindən sonra hərəkətə start verilib. İlk olaraq Tavuş y
Analitika
16 May , 2024 17:00
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma mərhələsinə qədəm qoyması bir sıra dairələri narahat edib. Xüsusən də demarkasiya prosesinin başlaması, sərhəd dirəklərinin qurulması məsələsindən sonra hərəkətə start verilib. İlk olaraq Tavuş yeparxiyası rəhbəri Baqrat Qalstanyanın başlatdığı “Vətən naminə Tavuş” hərəkatı paytaxt küçələrində etiraz aksiyaları keçirməyə başlasa da, sonradan bu hərəkata müxtəlif çalarlar da əlavə edilib. Əsas məqsədin baş nazir postunu devirmək, sülh prosesinə zərbə vurmaq və demarkasiya prosesini baltalamaq olduğu üzə çıxıb. Bu işdə birlik nümayiş etdirən erməni müxalifəti, diaspor və kilsənin müəyyən xarici dairələrdən təlimat və tapşırıq aldıqları məlum olub. Məsələn, baş nazir Nikol Paşinyanın Danimarkaya səfəri zamanı, sözügedən ölkədə diasporun dəstəyi ilə etiraz aksiyası keçirilib, ona qarşı təhqiredən şüarlar səsləndirilib.

Təsadüfi deyil ki, Avropa İnkişaf və Yenidənqurma Bankının 14-16 may tarixlərində İrəvanda keçirilən illik toplantısı zamanı bu qüvvələr yenidən fəallaşıb. Bu dəfə isə “Gallup” sorğu mərkəzi də əsl simasını üzə çıxarıb. Düzdür, müəyyən dövrlərdə Ermənistanda sorğu keçirən və nəticələri eninə boyuna bəyan edən “MPG/Gallup International Аssociation” əslində təxribat məqsədi daşıdığını büruzə vermişdi. Məsələn, Rusiya ilə Paşinyan hökumətinin münasibətlərinin gərildiyi bir dövrdə “keçirilən sorğu”nun nəticələrindən məlum olurdu ki, xalq rəsmi Moskvanın müttəfiqliyini qəbul etmir, əsas müttəfiq kimi Fransanı görür. Analoji olaraq, təhlükəsizlik məsələsində də Fransanın önə çıxarılması, Rusiyanın 5-ci pillədə qərarlaşması da küləyin hansı səmtdən əsdiyinə işarə edirdi.
Şirkətin budəfəki sorğunun nəticələrini də AYİB-in iclası ilə eyni vaxtda açıqlaması, paralel olaraq, Baqrat Srbazanın tədbirin keçirildiyi əraziyə can ataraq təxribat törətməyə cəhd etməsi də müəyyən mətləblərdən xəbər verir. İlk olaraq, sorğu nəticələrinə göz ataq. Məlum olub ki, vətəndaşların 50 faizdən çoxu “Vətən naminə Tavuş” hərəkatının dəstəkləyir. Eyni zamanda sorğuda iştirak edənlərin 27,8 faizi baş nazirin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin müəyyən hissəsi isə növbəti bazar günü parlament seçkilərinin keçiriməsinin tərəfdarıdır və Koçaryanın partiyasına, arxiyepiskopa səs verməyə hazırdırlar.
10-dan çox dövlətin iştirakı ilə paytaxtda tədbirin keçirilməsi zamanı belə bir sorğu nəticələrinin ortaya atılması ilk olaraq, Nikol Paşinyanın imicini ləkələməyə yönəlib. Eyni zamanda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı maddənin əlavə edilməsi, Srbazan və Koçaryana səs verə biləcək potensialda şəxslərin üzə çıxması da artıq cəmiyyətin beyninə şüuraltı olaraq, bu iki şəxsi yenidən qazandırmaq cəhdindən başqa bir şey deyil.


Bəs özünə beynəlxalq sorğu şirkəti ünvanını verən, belə kritik məqamlarda kiminsə marağı naminə sorğu nəticələri hazırlayan “Gallup” kimə məxsusdur? Kiçik bir araşdırma nəticəsində məlum olur ki, əslində İrəvanda fəaliyyət göstərən bu təşkilatın beynəlxalq “Gallup İnc” ilə heç bir əlaqəsi yoxdur. “Gallup İnc” 1935-ci ildə amerikalı statist Corc Gellap tərəfindən “Amerika İctimai Rəy İnstitutu” kimi yaradılıb. Ermənistandakı “Gallup” isə 1947-ci ildə İsveçrədə yaradılan “Gallup International Association”in nümayəndəliyidir. Corc isə İsveçrədəki şirkətə sadəcə adından istifadə etməyə icazə verib. Bir çox ölkələrdə bu təşkilatlar məhkəməyə verilir və bəzi ölkələrdə Gallup Beynəlxalq Assosiasiyası artıq “rəy sorğularının” nəticələrini açıqlayarkən onun “orijinal Gallup” ilə əlaqəsi olmadığını bildirməyə borcludur. Ermənistanda təəssüf ki, hələlik belə bir tələb yoxdur! Qeyd etmək yerinə düşər ki, elə erməni təşkilatın internet səhifəsinə daxil olanda MPG şirkətini görürük (Marketing Professional Group). Bu şirkət isə, “Erməni Marketinq Assosiasiyası” ictimai təşkilatına məxsusdur. Bu məlumatlar əslində bütün mahiyyəti ortaya qoyur.
Birincisi, sorğu şirkətinin ana şirkəti İsveçrəyə məxsusdur. Dolayı yolla, müəyyən Avropa dairələri, xüsusən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən siyasi dairələr nəticələrə öz düzəlişlərini edirlər.
İkincisi, yuxarıda da qeyd edildiyi kimi, bu təşkilatın müxtəlif ölkələrdəki nümayəndəlikləri məhkəmələrə verilir və təbii ki, səbəb də neytrallığı qorumamaq, sorğu nəticələrinə “barmaq etmək” sayılır.
Başqa bir fakta müraciət edək. Hələ Koçaryan və Sarqsyanın hakimiyyət illərində sözügedən qurum bu iki şəxsin kosmik reytinqi ilə bağlı müxtəlif sorğu nəticələri hazırlamışdı. Maraqlıdır ki, sonradan elə bu nəticələr Mərkəzi Seçki Komissiyalarının nəticələrində də öz əksini tapmışdı.

İndi isə bu sorğu nəticələri ilə paralel şəkildə baş naziri gözdən salmağı qarşısına məqsəd qoyan Srbazana qayıdaq. Elə dünən, İrəvanın Opera və Balet teatrında keçirilən tədbirə müdaxilə etmək, bina qarşısında aksiya keçirmək istəyən keşişin arzusu ürəyində qalıb. 10-a yaxın ölkə nümayəndəsinin iştirak etdiyi iclas güc strukturları tərəfindən qorunub və Srbazanın dəstəsi əraziyə buraxılmayıb. İclas 17:00-a təyin edildiyi üçün Baqrat tərəfdarları müxtəlif üsullarla əraziyə soxulmağa cəhd ediblər. Amma polis buna imkan verməyib. Məqsəd isə bir olub: Paşinyanı qonaqları qarşısında biabır etmək, gözdən salmaq. Toplaşan tərəfdarlar arasında Koçaryan partiyasının təxribatçılarının və daşnakların olmasını elə erməni mətbuatı özü işıqlandırıb. Bu şəxslərin isə müəyyən tədbirlərdə ciddi təxribat törətməsi, qarışıqlıq salması barədə kifayət qədər fakt var.
Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, Srbazan siyasi qüvvələrlə görüş keçirib. “Hayakve”, “Aprelu Yerkir” kimi hərəkatlarla yanaşı, Suren Surenyants və digər müxalif qüvvələrlə keçirilən görüş “Yerevan Place” otelində baş tutub. Maraqlıdır ki, erməni keşiş Ermənistanın ikinci prezidenti Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, sabiq dövlət başçısı Serj Sarkisyanla da sözügedən məkanda görüş keçirib. Yepiskop görüşdən sonra bəyan edib ki, uzun müzakirələrdən sonra onun baş nazir namizədi olması barədə qərar qəbul edilib. Çünki hər hansı digər namizədlə bağlı hərəkatın uğursuzluqla nəticələnməsi riski var. Elə burada da, necə deyərlər, xoruzun quyruğu görünür.

Bilindiyi kimi, Qalstanyanın Kanada vətəndaşlığı var və qanun onun baş nazir postunu tutmağını qadağan edir. Bu səbəbdən də Srbazan siyasi sahədən ictimai dəstək almaq, bir neçə günə Milli Məclisi Konstitusiyanın ikili vətəndaşların baş nazirliyə namizəd kimi irəli sürülməsini qadağan edən müddəasını dəyişdirməyə çağırış edəcəyini ehtimal etmək olar. Ermənistan qanunlarına görə, konstitusiya maddəsi təkcə Konstitusiya Məhkəməsi ilə yox, parlamentdə də qüvvədən salına bilər. Bunun üçün isə deputatların üçdə ikisinin səsi tələb olunur. Bu gün isə parlamentdə çoxluq hakim “Vətəndaş müqaviləsi”nə məxsusdur. Müxalifət bloku isə cəmi 35 səslə təmsil olunur. Bitərəf namizəd sayı isə 1-dir. Hazırda parlamentdə deputat sayı isə 107-dir. Lazım olan səsi toplamaq üçün görəsən Srbazan hakim partiyanın deputatlarını hansı vədlərlə öz yanına çəkəcək? Təsadüfi də deyil ki, son günlər müxalifətə məxsus xəbər portallarında “Vətəndaş müqaviləsi” deputatlarının çaşqınlıq içində qalması ilə bağlı xəbər dolaşır. Bütün bu hadisələr isə eyni məqsədə xidmət edir.

Göründüyü kimi, İrəvanda bir neçə gündür baş verən hadisələr koordinasiyalı formada Paşinyanı linçləmə kampaniyasına xidmət edir. Srbazan, diaspor, kilsə, müxalifət və müəyyən siyasi dairələrin eyni məqsəd ətrafında birləşməsi əslində erməni dövlətinin əleyhinədir. Prosesləri ləngitmək Ermənistanın inkişafının qarşısını almaq, sülh şəraitində yaşamasına mane olmaq mənasına gəlir. Hakimiyyət sevdası və kreslo sevgisi görünür xalqın mənafeyindən daha üstündür. Hadisələrin gedişatı isə Srbazan və Koçaryan ittifaqının uduzacağına işarə edir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi