Makron ölkəsinin tənəzzül səbəbidir - Fransa "qlobal oyunçu" rolunu da itirir - ŞƏRH

Makron ölkəsinin tənəzzül səbəbidir - Fransa "qlobal oyunçu" rolunu da itirir - ŞƏRH Fransa dünyada "qlobal oyunçu" statusunu sürətlə itirməyə doğru gedir. Avropada və dünyada uzun illərdir ki söz sahibi olan Paris rejimini 10 ilə yaxındır ki uğursuzluqlar izləyir. Xarici siyasətdə uğursuzluqlar yetərincədir və bu problemlər dünya mediası
Analitika
4 İyun , 2024 16:49
Makron ölkəsinin tənəzzül səbəbidir - Fransa qlobal oyunçu rolunu da itirir - ŞƏRH

Fransa dünyada "qlobal oyunçu" statusunu sürətlə itirməyə doğru gedir. Avropada və dünyada uzun illərdir ki söz sahibi olan Paris rejimini 10 ilə yaxındır ki uğursuzluqlar izləyir. Xarici siyasətdə uğursuzluqlar yetərincədir və bu problemlər dünya mediasının əsas mövzuları sırasındadır. Keçmiş müstəmləkələrdən qovulmanın ardınca onun dənizaşırı ərazilərində etirazlar səngimir. Bu azmış kimi, hazırda Ukrayna məsələsində də Yelisey sarayında ciddi problemlər yaşanır.

Emmanuel Makronun bölgəyə hərbi kontingent göndərmək planı fransızlar arasında ciddi narazılıq doğurub. Hətta bu addımın üçüncü dünya müharibəsinə səbəb olacağı irəli sürülür. Artıq Makron və komandasının fiaskosu iqtisadi sahəni də əhatə edib. Beynəlxalq S&P Agentliyi 2023-cü ildə büdcə kəsiri və mənfi iqtisadi proqnozlar fonunda Fransanın kredit reytinqini aşağı salıb. Agentlik Fransanın kredit reytinqini büdcə kəsirini aşdığı üçün bu qərarı çıxarıb. Məlumatda bildirilib ki, bu, həcminə görə avrozonanın Almaniyadan sonra ikinci iqtisadiyyatına malik Fransada kəskin kəsirə gətirib çıxaracaq. Qeyd edək ki, S&P dünyada üç ən böyük reytinq agentliyi arasında ikincidir.

Fransanın maliyyə naziri Bryuno Le Merinin baş verənlərə münasibəti fərqlidir. O deyib ki, reytinqin aşağı salınması onun Fransanın dövlət maliyyəsini yaxşılaşdırmaq əzmini zəiflətməyəcək. Nazir əlavə edib ki, COVID-19 pandemiyası maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. Bundan başqa, o bildirib ki, iqtisadi artımla bağlı proqnozlar özünü doğrultmayıb. Bu səbəbdən də göstəriciləri aşağıya doğru dəyişmək məcburiyyətində qalıblar. Bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etmək planlaşdırılır. Onun sözlərinə görə, cari ildə iqtisadi artımın 1,4 faiz olması gözlənilirdi: “İqtisadi artımımız 1% səviyyəsində qalacaq. Bundan başqa, biz geosiyasi konteksti nəzərə almalıyıq - Ukraynadakı münaqişə, Yaxın Şərqdə baş verənlər, Çindəki iqtisadi yavaşlama və Almaniyadakı tənəzzül”.

Nazir əlavə edib ki, 10 milyard avroluq qənaət planı bütün nazirliklərə şamil ediləcək: “Bu, enerji, daşınmaz əmlak və ya satınalma xərcləri ola bilər. Bütün nazirliklər milli büdcədəki paylarına uyğun töhfə verəcəklər”.

Fransanın iqtisadi göstəricilərində belə enmə, şübhəsiz ki, hakimiyyətin iqtisadi planlarının olmaması, dövlət proqramının yoxluğu ilə bağlıdır. Şirkətlər, firmalar ciddi problemlərlə üzləşib və ən ağlasığmaz addımlara əl atırlar. Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən ciddi itkilərlə üzləşən şirkətlər çıxış yolları axtarır. Hakimiyyət də buna qarşı ciddi addımlar atmağa başlayıb. Yerli medianın yaydığı məlumata görə, Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmağa kömək edən şirkətlərin ifşasını davam etdirir. Fransa Gömrük İdarəsinin istintaq şöbəsi sanksiyalara məruz qalan malların Rusiyaya ixracı ilə məşğul olan şirkətdə axtarışlar aparıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, 2023-cü ildə bu şirkət yüzlərlə saxta gömrük bəyannaməsi verib və bununla da Rusiyaya bir neçə on milyon avro dəyərində malların daşınmasını gizlədib.

Fransa prezidenti Emmanuel Makron isə vəziyyətdən çıxış yollarını axtarıb tapmaq üçün hökumətin çoxsaylı iclaslarını keçirsə də, vəziyyət dəyişməyib. Hazırda onun reytinqi də sürətlə aşağı düşür. Sorğuların nəticələrinə görə, ona olan etimad 25 faizə düşüb. Buna səbəb iqtisadiyyatdakı problemlər və Ukrayna ilə bağlı açıqlamalardır. Həmçinin, qeyd edilib ki, Qabriel Attalın baş nazir vəzifəsinə təyin olunması da etimad reytinqinə heç bir təsir göstərməyib. Dövlət başçısından ən böyük məyusluğu yaşlı nəslin nümayəndələri yaşayıb. Bununla yanaşı, qarşıda onu çətin günlər gözləyir. Söhbət Avropa Parlamentinə keçiriləcək kritik seçkilərdən gedir. İyunun 6-da keçiriləcək seçkilərdə qatı ifrat sağçı Marin Le Penin "Milli Birlik" Partiyasının uğur qazanacağı vurğulanır. E.Makronun lider olduğu "İntibah" Partiyasının isə əksinə, uğur qazanmayacağı bildirilir.

Beləliklə, Emmanuel Makronun partiyasının Avropa Parlamentinə seçkilərdə ölkə lideri olmaq şansı azdır. Çünki onun idarəçiliyi sayəsində bu partiyanın Fransa cəmiyyətində nüfuzu azalıb. Prezidentin partiyasının uğursuzluğuna səbəb kimi, ölkədəki iqtisadi çətinliklər, işsizliyin 8 faizə çatması, təqaüd yaşının artırılması göstərilir. Əhalinin çox qismi onu xalqın yox, varlıların prezidenti hesab edir. Artıq indidən deyə bilərik ki, Makronun idarəçiliyi Fransa tarixinə tənəzzül və iflas illəri kimi düşəcək.

Son xəbərlər

Orphus sistemi