Fransanın casus şəbəkəsinin ifşası - Ankaranın cavabı sərt ola bilər - ŞƏRH

Fransanın casus şəbəkəsinin ifşası - Ankaranın cavabı sərt ola bilər - ŞƏRH Fransanın casus planları ifşa olur – Ankaranın cavabı sərt ola bilər - ŞƏRH
Analitika
21 Fevral , 2024 17:24
Fransanın casus şəbəkəsinin ifşası - Ankaranın cavabı sərt ola bilər - ŞƏRH

Fransa bu gün dünyanın müxtəlif ölkələrində sabitliyə təhlükə kimi görünür. Gah dövlətlərin daxili işlərinə qarışır, gah da separatizmə dəstək verir. Bu ölkə hətta casus şəbəkəsi yaratmaqdan da çəkinmir. Rəsmi Parisin konkret olaraq Azərbaycanla bağlı siyasəti də bunları təsdiqləyir.

Cənubi Qafqazda Ermənistanı birtərəfli qaydada dəstəkləməsi, onu silahlandırması, revanşistləri qızışdırması da Fransanın bu çirkin siyasətin tərkib hissəsidir. Məhz prezident Emmanuel Makronun hakimiyyəti dövründə anti-Azərbaycan, anti-Türkiyə mövqe pik həddə çatıb. Xüsusilə, onun idarəçiliyi dövründə müstəqil ölkələrin ərazisində casus fəaliyyəti qurulub. Azərbaycandakı casus şəbəkəsinin ifşasından sonra indi də hədəf Türkiyədir.

Yayılan məlumatlara görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı-MİT) Fransanın ölkədəki casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. Onların suriyaəsilli olduqları qeyd edilib.

MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib. Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta informasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər. Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər. Məlumata görə, şəbəkənin izlənməsi prosesi səkkiz aya yaxın davam edib.

Xatırladaq ki, ötən il dekabrın 21-də Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa kəşfiyyat şəbəkəsinin ifşa edilməsi barədə məlumat yayılmışdı. Hadisələrin məntiqi ardıcıllığı olaraq, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı, səfirliyin 2 əməkdaşı diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə “persona-non-grata” elan olundu, onlardan 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb edildi.

Həmin gün Emmanuel Makron Nazirlər Şurasının iclası zamanı DGSE rəhbəri Bernar Emyeni qalmaqallı şəkildə vəzifədən azad etdi. İstefaya səbəb kimi DGSE-nin Afrikadakı ciddi uğursuzluqları fonunda Bakıdakı hadisənin son damla olması ehtimalı göstərilir. Makron Bernar Emyenin yerinə xarici kəşfiyyat xidmətinə öz dostu, Fransa əks-kəşfiyyatının (DGSI) rəhbəri Nikola Lerneri təyin etdi.

Bəs Makron hökumətinin Azərbaycan, indi də Türkiyədə casus şəbəkəsi yaratmaq istəyi arxasında nələr gizlənir? Əvvəla, bunun əsas səbəblərindən biri Türkiyə ilə Fransa arasında uzun illərdir davam edən mürəkkəb münasibətlərdir. Bu ölkədə erməni lobbisi güclü mövqeyə malikdir və hakimiyyətə gəlmək istəyən qüvvələr də bu lobbidən yararlanırlar. Qondarma erməni soyqırımının ən yüksək səviyyədə tanınması da bundan qaynaqlanır. Fransa eyni zamanda erməni terrorçuları üçün mərkəz rolunu da oynayıb. Məhz bu ölkədə yerləşib, terror əməliyyatları həyata keçirmək üçün təlimlərdə iştirak ediblər.

Digər tərəfdən, Fransanın türkofobiya siyasəti tək ermənilərlə bağlı deyil. Parislə Ankara arasında gərginliyin kökü həm də beynəlxalq məsələlərlə bağlıdır. Aralıq dənizində möhkəmlənmək uğrunda iki ölkə arasında uzun illərdir mübarizə gedir. Fransa bölgədə Yunanıstanla sıx münasibətlər qurur, yunan ordusunu silahlandırır. Rəsmi Paris həmin siyasətini indi də Ermənistanda həyata keçirir. Fransa həm də Türkiyənin İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatından sonra ərazi bütövlüyünü təmin edən Azərbaycana dəstəyi ilə də barışa bilmir. Bir sözlə, Paris bölgədən sıxışdırılıb çıxarılması ilə barışmaq istəmir.

Onu da qeyd edək ki, Fransa anti-Türkiyə siyasətində Yunanıstan və yunan Kiprinin timsalında özünə müttəfiqlər də tapıb. Yelisey sarayı bu yaxınlarda Avropa İttifaqının vəsaitləri hesabına Ukraynaya Türkiyənin TB-2 pilotsuz təyyarələri və artilleriya mərmilərinin alınması üçün maliyyəni bloklayıb. Mənbələr Fransanın öz silah sistemləri ilə rəqabət aparan silah sistemlərinin tədarükü üçün pəncərə açmaq istəmədiyini, Yunanıstanın isə vergi ödəyicilərinin pullarının Türkiyənin müdafiə sənayesinə getməsini istəmədiyini bildirib. Qeyd edilir ki, bütün bunlar Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında baş verib.

Hər iki ölkə NATO üzvü olsa da, Fransa NATO-nun Aralıq dənizində həyata keçirilən birgə təlimlərində Ankaranın iştirakına etiraz etmişdi. O ki qaldı Türkiyədə Fransa casus şəbəkəsinin faş olmasına, bu, Parisin regionda destruktiv fəaliyyətini sübut edən növbəti faktdır. Və bu, baş verən ilk fakt deyil. Bir müddət əvvəl Azərbaycanda casus şəbəkəsinin üstünün açılması bunun əyani sübutudur. Ankaranın cavab tədbirləri, çox güman ki, sərt olacaq. Ola bilsin bu mövqe diplomatik münasibətlərdə, eləcə də digər məsələlərdə özünü göstərəcək. İstənilən halda bu, Fransa ilə münasibətlərə təsirsiz ötüşməyəcək.

Beləliklə, Fransanın növbəti çirkin və qərəzli fəaliyyətinin üstü Türkiyədə açılıb. Casus şəbəkələrinin faş olmasını Fransanın son çırpıntısı da adlandırmaq mümkündür. Sadəcə, ümid etmək olar ki, heç olmasa, Makrondan sonra hakimiyyətə gələcək qüvvələr bu yarıtmaz siyasətə son qoyacaqlar. Fransanın iflasının əsasında, sözsüz ki, Makronun yürütdüyü düşünülməmiş və yanlış siyasət dayanır. Makron hakimiyyətdə olduğu müddət ərzində Fransanın dünyada mənafelərinə, nüfuzuna çox ciddi zərbələr vurulub. Artıq dünyada beynəlxalq qanunvericiliyi pozan, işğala, separatizmə dəstək verən, müstəmləkəçi, neokolonialist siyasət aparan, müharibələrə, qarşıdurmalara təhrik edən ölkə olaraq tanınır.

Bir daha aydın olur ki, Fransa geosiyasi və geoiqtisadi maraqlara malik olduğu ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq, proseslərə təsir göstərmək imkanlarını yaratmaq və genişləndirmək üçün casus şəbəkələrindən geniş istifadə etməyə çalışır. Xüsusən, Cənubi Qafqazda və Türkiyə kimi ölkələrdə bu amildən yararlanmaq cəhdi təəccüb doğurmur.

Digər bir məsələ də ondan ibarətdir ki, Fransanın casus şəbəkəsinin ard-arda ifşa olunması bu ölkənin xüsusi xidmət orqanlarının da artıq zəiflədiyini nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi