Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL

Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL Fransanın Ermənistandakı səfiri Olivier Dekotin bir neçə gün əvvəl "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O, Azərbaycanı bölgədə aqressiv siyasət aparmaqda, guya Ermənistana təcavüz etməyi planl
Analitika
10 May , 2024 17:16
Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bir neçə gün əvvəl "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O, Azərbaycanı bölgədə aqressiv siyasət aparmaqda, guya Ermənistana təcavüz etməyi planlaşdırmaqda ittiham edib və bunun qarşısını almaq üçün Parisin İrəvana hərbi texnika və silah satacağını deyib. Bu, Yelisey sarayının Cənubi Qafqazla bağlı aqressiv və Azərbaycana qarşı qərəzli siyasətinin növbəti təzahürüdür.

Ümumiyyətlə, Fransa rəsmi Bakının ərazi bütövlüyünü təmin etməsini və bunun nəticəsində regionda yaranan yeni reallıqları qəbul etmək istəmir.

2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-da birgünlük antiterror tədbirlərindən sonra regionda əməkdaşlıq mühitinin təmin olunması və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün unikal şərait yaranıb. Hazırda həm Bakı, həm də İrəvanın prioriteti sülhlə bağlıdır. Amma görünən odur ki, Qərb dövlətləri, o cümlədən Paris bütün imkanları ilə bu prosesə mane olmağa çalışır.

Çünki regionda sülhün təmin olunması Fransanın Cənubi Qafqazda təsir imkanlarını artırmaq ambisiyasına əngəldir. Odur ki, Yelisey sarayı belə demək mümkünsə, vurnuxur, bölgədəki gərginliyi bərpa etməyə çalışır.

Ermənistanın davamlı şəkildə silahlandırılması, Fransa rəsmilərinin səsləndirdikləri qərəzli, birtərəfli bəyanatlar bunun ən bariz nümunəsidir.

Qərbi Azərbaycan İcması mayın 9-da Fransa səfirinə cavab verərək bildirib ki, bu cür iddialar Ermənistana silah satışına haqq qazandırmaq üçündür: “Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır. Səfirin Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərin qayıdışına beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsi ilə əlaqədar olaraq İcma ilk növbədə Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır”.

Həmçinin bildirilib ki, faktiki olaraq Fransa siyasiləşmiş erməni kilsəsinin və keşişlərin hazırda Ermənistanda apardıqları dini radikalizmi, revanşizmi və antisülh fəaliyyətini dəstəkləyir: “Fransa səfirinin ermənidən çox erməni olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz atmacaları, özünü “dövrün Taleyran”ı hesab etməsi acınacaqlıdır. Qərbi Azərbaycan İcması Fransandan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir”.

Rəsmi Bakı bir neçə dəfə bildirib ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Bu, əməldə də göstərilir. Qalib tərəf olan Azərbaycanın Ermənistana sülh əlini uzatması və hazırda sülh istiqamətində ciddi, əməli addımlar atması onu deməyə əsas verir ki, rəsmi Bakı beynəlxalq hüquqa hörmətlə yanaşır. Bu, aydındır. Əgər Fransa səfirinin iddia etdiyi kimi olsa idi, yəni Azərbaycan Ermənistana qarşı aqressiv ritorika ilə çıxış etsəydi, onda geosiyasi mənzərə indiki kimi olmazdı.

Bu o deməkdir ki, səfir digər bir çox Fransa rəsmiləri kimi həqiqəti təhrif edir, faktlara qarşı kor olur. Bu isə Cənubi Qafqaz üçün destruktiv xarakter daşımaqla yanaşı, həm də bumeranq effekti verəcək, Parisin regionla bağlı planlarının qarşısını alacaq. Çünki Paris hələ ki, Cənubi Qafqazın ən böyük aktoru olan Bakının maraqlarını görməzdən gəlir.

Son xəbərlər

Orphus sistemi