Bakı. 16 mart. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi(FES) ildə 8 dəfə mütəmadi keçirdiyi iclasını bugün keçirəcək. Bu gün FES rəhbəri Janet Yellen yekun qərarla bağlı çıxışını edəcək.
"Report"un analitik qrupu hesab edir ki, bugünkü çıxışında FES uçot dərəcələrini 0,25% artıraraq 0,625% təsdiq edə bilər. Bunun üçün hazırda bütün şərtlər əlverişli görünür:
Birincisi, ABŞ-dan 2016-cı ilin ilk rübündə açıqlanan iqtisadi göstəricilər proqnozlardan yüksək çıxıb. İşsizlik göstəricisi 4,9%-ə enib, istehlak qiymətlərinin baza indeksi illik müqayisədə 2%-i ötüb, iqtisadi aktivlik ən yüksək həddə çatıb, əmək haqqlarında artım yaşanıb. İkincisi, FES-in əvvəlki iclaslarda qlobal maliyyə bazarlarında sabitliyin olmaması səbəbi ilə uçot dərəcəsini artırmadığını xatırlamaq lazımdır. Hazırda bu əngəl də aradan qalxıb. Belə ki, qlobal fond birjaları fevralda minimal səviyyəyə endikdən sonra 10-15% yüksəliblər. Valyuta bazarı da sabitlik göstərir. Əsas valyuta cütlüyü olan USD/EUR 1,11 səviyyəsində yer alıb. Qeyd edək ki bu, cütlüyün 2015-ci il martın 9-da gördüyü 1,0460 səviyyəsindəki minimal həddindən 6% yüksəkdir. Yəni, dollar son bir ildə zəifləyib ki, bu da FES-in tələblərinə uyğundur. Çünki, güclü dollar ABŞ iqtisadiyyatını inkişaf sürətini ləngidir, ixracı azaldır. Xammal bazarlarında da müsbət dinamika müşahidə olunur. Neftin qiyməti yanvar ayı minimumlarından 40%, qızıl isə 20%-ə yaxın artım göstərib.
Üçüncüsü, Çin iqtisadiyyatında da nisbi olaraq sakitlik hökm sürür. Yuan son günlərdə dollarla müqayisədə 1,5% güclənib, Şanxay fond birjası isə 2900 bənd səviyyəsində tarazlaşıb.
FES-in uçot dərəcələrini artırması üçün hazırkı iqtisadi şərait çox əlverişlidir. Bundan sonrakı iclaslarda yuxarıda sadalanan faktorlardan hər hansı biri və ya bir neçəsi dəyişə bilər. FES uçot dərəcələrini artırmaq istəyirsə və bu gün qərarını versə maliyyə bazarlarının sərt reaksiya verməsi də gözlənilmir. Çünki, artıq "olan olacaq".