FED-in qərarlarına proqnoz vermək çətinləşib - ANALİTİKA

FED-in qərarlarına proqnoz vermək çətinləşib - ANALİTİKA Qurumun keçirəcəyi iclaslar öncəsi uçot dərəcəsinin artırılması ehtimalının 50%-ə yaxın olacağı gözlənilir
Analitika
1 Mart , 2017 13:54
FED-in qərarlarına proqnoz vermək çətinləşib - ANALİTİKA

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ayın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırması ehtimalı hazırda 52% təşkil edir. 

"Report" xəbər verir ki, fevralın 27-də uçot dərəcəsinin artırılması ehtimalı 50% idisə, ötən gün Nyu-York və San-Fransisko FED rəhbərlərinin açıqlamalarından sonra bu rəqəm 70%-ə qalxıb, lakin bu gün yenidən 18% azalıb. 

"Report"un analitik qrupu hesab edir ki, FED-in bu il keçirəcəyi iclasları öncəsi uçot dərəcəsinin artırılması ehtimalı 50%-ə yaxın olacaq və artım üçün tam əminlik formalaşmayacaq. Belə olduğu təqdirdə, ABŞ dollarının məzənnəsi, əmtəə qiymətləri və dünya maliyyə bazarları kəskin dəyişikliklə üzləşməyəcəklər. 

Uçot dərəcəsinin hər hansı bir iclasda artırılmasından sonra isə xəbərin təsirinin müvəqqəti olacağı gözlənilir. Bu, FED-ə rahat qərar qəbul etmək imkanı yaradacaq. Nəticədə dolların və neftin qiymətinin sabit qalacağı, qızılın qiymətinin isə azalacağı proqnozlaşdırılır. FED-in bu il uçot dərəcələrini maksimum 3 dəfə artırması gözlənilir. Bu göstərici 0,75%-dən 1,5%-ə çata bilər. Bu isə artıq özünü dolların məzənnəsində göstərib. Belə ki, dollar əsas rəqibi avroya nisbətən 2008-ci il iyul ayından 34,3% bahalaşaraq 1,6039 səviyyəsindən 1,054 səviyyəsinə çatıb.

"Report"un analitik qrupu həmçinin hesab edir ki, FED-in faiz dərəcəsini 2% həddinə çatdırana qədər dollar əsaslı şəkildə avro ilə pariteti aşmayacaq. Dolların məzənnəsində növbəti ciddi yüksəliş 2018-ci ilin II rübündən etibarən baş tutacaq. FED-in ümumiyyətlə uçot dərəcəsini 2022-ci ilə qədər 6-7% həddinə çatdırması gözlənilir. O zaman USD/EUR məzənnəsinin 0,82-0,85-ə qədər geriləməsi ehtimalı var. 

Son xəbərlər

Orphus sistemi