Ermənistanın nicat yolu - uydurma tarixdən imtina

Ermənistanın nicat yolu - uydurma tarixdən imtina Dünyada yeni münasibətlər qurulur.
Analitika
22 Aprel , 2022 11:18
Ermənistanın nicat yolu - uydurma tarixdən imtina

Dünyada yeni münasibətlər qurulur. Odur ki, bu şərait keçmişdə baş vermiş hadisələrə də yeni yanaşma tələb edir.

Azərbaycan son 30 ildə bir çox tarixi olaylar yaşamış dövlətdir. Müstəqilliyini bərpa etməsinə qarşı olanlar onun ərazisini yenidən parçalamağa cəhd göstərdi. Bu məqsədlə Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Həmin illər ərzində ermənilər çoxsaylı cinayətlər törədiblər. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırım törədiblər. Bu cinayət nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Erməni və rusiyalı sülhməramlıların gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1 275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150-nin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1992-ci il fevralın 17-də Ermənistan 366-cı motoatıcı alayın hərbi qüvvəsi və texnikası ilə birlikdə Xocavəndin Qaradağlı kəndinə hücum edib. Nəticədə 117 nəfər əsir alınıb, 66-90 mülki şəxs isə qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq valideynlərini itirib. Hadisə nəticəsində kənddə 200 yaşayış evi, bir mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb. Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb: kəndin 3 sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib. Ermənistan 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində də soyqırım törədiblər. Bu cinayət nəticəsində ermənilər 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıblar. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 67 sakin amansızlıqla qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Bütün bunlar ötən illərdə onların törətdikləri çoxsaylı cinayətlərə nümunələrdəndir. Ancaq beynəlxalq ictimaiyyət həmin cinayətlərin törədilməsinə başçılıq etmiş, sonradan Ermənistanda prezident olmuş Robert Koçaryan və Serj Sarqsyanı hələ də cəzalandırmayıb. Azərbaycan ictimaiyyəti beynəlxalq ictimaiyyətdən hələ də ədalətli davranış gözləyir.

Ağdaban. 8 аprel 1992
Ağdaban. 8 аprel 1992

Əslində, Azərbaycanda törətdikləri cinayətə görə cəzasızlıqdan ruhlananlar Ukraynanın Buça şəhərində qətliam törətdilər. Təəssüflər olsun ki, bu şəhərdə baş verən hadisələrə də birmənalı yanaşma yoxdur. Beynəlxalq ictimaiyyətin bir hissəsi bunu soyqırım, cinayət adlandırdığı halda, Fransa Prezidenti Emmanuel Makron faciəyə “soyqırım” deməyib. Bildirib ki, buna siyasətçilər deyil, hüquqşünaslar qiymət verməlidir. O, 2020-ci ildə Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə qarşı çıxışı ilə də yadda qalıb. Makron 2019-cu il aprelin 10-da ölkəsində qondarma erməni soyqırımını anım günü elan edib. O, ermənilərə "erməni soyqırımının anım günü”nü təsis edəcəyinə söz verib. Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurasının (Coordination Council of Armenian organizations of France) həmsədrləri Murad Papazyan və Ara Toranyan da 2017-ci il aprelin 28-də keçirilən prezident seçkisində onu dəstəkləyəcəklərinə söz vermişdi. Emmanuel Makron həmin siyasi kampaniyada qalib gəldi. Belə çıxır, Fransa Prezidenti reallıq deyil, bazarlıq adamıdır. O, Buçada baş verənləri öz adı ilə adlandırmamaqla Rusiya ilə əlaqələrə üstünlük verib. 2022-ci il aprelin 24-də Fransa prezident seçkisinin ikinci turu keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski ona iki yoldan birini: ya azadlıq uğrunda mübarizəni, ya da pulu, ticarəti seçməyə çağırıb. O, Buçada baş verənlərə münasibətilə bazarlığa üstünlük verdiyini nümayiş etdirir. Deməli, Emmanuel Makron 100 ildən çoxdur baş verdiyi iddia edilən hadisəni “erməni soyqırımı” adlandırır. Bu, Makronsayağı bazarlıqdır. Ukraynadakı hadisə lap yeni baş verib, bütün faktlar ortadadır. Hələ ki orada qətliam olunanların hamısı dəfn belə olunmayıb. Bu reallığı inkar edən Makron Osmanlıda baş verənlərin tarixçilərin ixtiyarına verilməsini dilinə gətirmir. Çünki Makron və onun kimi düşünənləri həqiqət deyil, bazar maraqlandırır. Fransa lideri bu iddia ilə ermənilərə ziyan vurur. Onların gerçəkliyi qəbul etməsinə mane olur. Başqa sözlə, Makron tarixin saxtalaşdırılmasına siyasi dəstək verir.

Deməli, regional əməkdaşlıqdan, sülh və təhlükəsizlikdən danışan ermənilər, havadarları kin-küdurət, nifrət yayan, ermənilərə etimadın azalmasına əsas verən saxta iddialardan yerli-yersiz istifadə edirlər. Halbuki regional əməkdaşlıq və Ermənistana etimad üçün bu məsələnin tarixçilərin öhdəsinə buraxılması daha faydalı olardı. Sirr deyil ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün şərtlərdən biri ermənlərin qondarma tarixlə bağlı arzularından əl çəkməsidir.

Ümumiyyətlə, beynəlxalq ictimaiyyət ermənilərin saxtakarlığını dəstəkləməklə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına ziyan vururlar. ABŞ-da ermənilərin uydurmaları prezident səviyyəsində “etiraf” olunur. 2021-ci il aprelin 24-də bu ölkənin dölət başçısı Cozef Bayden “soyqırım” ifadəsini dilə gətirdi:

“Amerika xalqı 106 il əvvəl başlayan soyqırım nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir”. O, bu hadisələrin bir daha təkrarlanmaması üçün öhdəlik götürdüklərini bildirib. C.Baydendən əvvəl bu ifadəni 1981-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan işlətmişdi. Son 41 ildə ABŞ liderləri tərəfindən belə açıqlamanın verilməsi nəyi dəyişdi? Ermənistan və erməni etnik qrupunun güzəranına təsir etdimi? Bəlkə bundan sonra Türkiyənin daxili və xarici siyasətini dəyişdi? Ermənistan asılı və ələ baxım yaşadığı kimi yaşayır. Bu etnosun həyat şəraitinə heç bir təsiri olmadı. Türkiyə isə regional gücünü bir qədər də artırıb. Bu mifdən havadarları qazanır. Ermənilərdən Türkiyəyə qarşı alət kimi istifadə edir, prezident olurlar. Ermənistan isə regionda təcrid vəziyyətində qalır. Odur ki, regiondakı şərait ermənilərə reallıq hissini itirməyərək uydurduqları və ya uydurularaq onlara sırınan saxta tarixdən imtina etməyi diktə edir. Ermənistanın gələcəyi uydurma tarixlərdən xilas olmaqdan asılıdır. Bu, həm də yeni Ermənistanın qurulmasına imkan verər.

Son xəbərlər

Orphus sistemi