İki il əvvəl Ermənistanın siyasi səhnəsinə yeni simalar gəldi. Bunun nəticəsi olaraq son 29 ildə dəyişməyən və ya bir-birini əvəzləyən ölkə hakimiyyəti və müxalifəti yenilənir.
Baş nazir Nikol Paşinyan başçılıq etdiyi komanda üzvlərini iki ilə tez-tez dəyişməklə müxalifət üçün sanki yeni adamlar yetişdirir.
Bu günlərdə ölkənin güc strukturlarında istefalar vəziyyətin heç də adi siyasi mübarizəyə bənzəmədiyini deməyə əsas verir.
Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Eduard Martirosyanın yerinə 29 yaşlı Arqişti Kərəmyanın təyin edilməsi siyasi ehtirasları gücləndirib.
Ermənistanda baş verən siyasi, iqtisadi və sosial hadisələrə ən sərt reaksiyanı isə MTX-nin keçmiş direktoru Artur Vanesyan verir. Bir müddət əvvəl o, ölkədə vəziyyətin acınacaqlı olduğunu vurğulayaraq siyasi qüvvələri birləşməyə çağırmış, Nikol Paşinyanın istefasını tələb etmişdi.
Müxalifət sayılan Vətən Partiyasının sədri Artur Vanesyan yerli telekanallardan birinə müsahibəsində yeni direktorun təyinatının Ermənistanın milli təhlükəsizliyini təhdid etdiyini vurğulayıb. Onun sözlərinə görə, Kərəmyan təcrübəsizdir: “Təhlükəsizlik orqanlarında iş təcrübəsi olmayan, belə gənc yaşında çox əhəmiyyətli informasiyaların daşıyıcısı olmaq, müxtəlif məsələlər üzrə operativ qərar qəbul etmək Ermənistanın milli təhlükəsizliyinə təhdiddir. Milli təhlükəsizlik iqtisadi və ya korrupsiya cinayətlərinə qarşı mübarizə deyil. MTX-nin qarşısında kəşfiyyat və əks-kəşfiyyat kimi ciddi tapşırıqlar var. Bu iş üçün böyük təcrübə tələb olunur” .
Xatırladaq ki, 1979-cu ildə anadan olan Artur Vanesyan 2016-2018-ci illərdə MTX-nin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayın 10-dan 2019-cu ilin sentyabrınadək MTX-nin direktoru işləyib.
O, ilk təhsilini Ermənistan Kənd Təsərrüfatı Akademiyasında alıb. Sonra Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, daha sonra isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Əsas təhsilini Rusiyada almasına baxmayaraq, özünü qərbmeyilli və Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.
Keçmiş direktor varisi Kərəmyanın təyinatına qarşı çıxmaqla barəsində əlavə kompromatın toplanmasından ehtiyatlandığını nümayiş etdirir. Çünki bir müddət əvvəl hakim “Mənim addımım” fraksiyasından deputat, Nikol Paşinyanın qaynı Qraçi Akopyan bildirmişdi: “Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığı üçün Paşinyanın Artur Vanesyanı işdən azad etməsinin açıqlaması var?”.
Ermənistanın baş prokuroru Artur Davtyan “Facebook” səhifəsində yazmışdı ki, keçmiş direktorun agent olması barədə məlumatlar araşdırılır və məsələ üzrə cinayət işi başlanılıb.
Ona görə də MTX-nin yeni rəhbəri A.Kərəmyanın bu məsələyə diqqət yetirəcəyi istisna edilmir. A.Vanesyan bu məsələdən narahat olduğunu dolayı ilə də olsa, gizlətməyib. Onun sözlərinə görə, N.Paşinyan xidmətin yeni direktorunun da işinə müdaxilə etməklə MTX-dən siyasi rəqiblərini əzmək üçün alət kimi istifadə edəcək.
Bəs Arqişti Kərəmyan kimdir? O, 1991-ci il mayın 22-də Ermənistanın Geqarkunik bölgəsinin Yeranos kəndində anadan olub. 2013-cü ildə Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, 2013-2014-cü illərdə Yerevan polisində müstəntiq işləyib. 2016-cı ildən 2018-ci ilin iyununadək prokuror və Yerevan prokurorluğunda işləyib. 2018-ci ildən Dövlət Gəlirlər Komitəsində idarə rəisi vəzifəsində çalışıb.
Onun yaşına və iş təcrübəsinə görə Vanesyan iddia edir ki, hazırda Ermənistanda xüsusi xidmətin fəaliyyəti yoxdur. Keçmiş direktor müsahibəsində təhsil aldığı Rusiyanı da müdafiə etməyi unutmayıb. O, xidmətin Rusiyanın təsiri altında olduğunu təkzib edib. Vanesyanın sözlərinə görə, bu yalanı müxtəlif ölkələrdən maliyyələşən vətəndaş cəmiyyətinin nümayəndələri yayaraq Ermənistanda anti-Rusiya fəaliyyəti ilə məşğul olurlar: “Belələrinin (onların Corc Sorosun Fondu tərəfindən maliyyələşdirildiyi iddia olunur - S.İ.) çoxu bu gün hakimiyyətdə təmsil olunur. Onlar sifraşçilərinin tapşırıqlarını yerinə yetirirlər”.
Vanesyan iddia edir ki, Ermənistanın əsas müttəfiqləri ilə ciddi problemləri var. Onun fikrincə, indiki hökumət həmin dövlətlərlə bərabər əsaslarla tərəfdaşlıq münasibətləri qurmaq iqtidarında deyil: “Ermənistanın Rusiya ilə münasibəti də problemlidir”.
Əslində, Ermənistanın indiki hakimiyyətinin Rusiya ilə əməkdaşlığı korlanıb. Vanesyan “əsas müttəfiqləri” deyəndə daha hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
Bununla da keçmiş direktorun Rusiyaya özünəməxsus mesaj verdiyi qənaətinə gəlmək olar. O, gələcək siyasi fəaliyyəti üçün, ilk növbədə, Rusiyadan dəstək almaq istədiyini gizlətməyib. Vanesyan bununla həm də gələcəkdə hakimiyyətə gətirilərsə, görəcəyi ilk işin Moskva ilə münasibətləri qaydasına salmaq olacağının anonsunu verib.
Vətən Partiyasının sədri işğal altında olan Azərbaycan torpaqları ilə bağlı açıqlama verməklə siyasi məqsədinə çatmaq üçün Ermənistandakı Qarabağdan olan keçmiş hakimiyyət nümayəndələrindən və onun tərəfdarlarında istifadə etmək niyyətini də nümayiş etdirib. Onun sözlərinə görə, Ermənistanın hazırkı xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ya birtərəfli güzəşt, ya da müharibə ilə nəticələnə bilər. O, Ermənistanı bu variantlardan heç birinin qane etmədiyini deyib. Vanesyan əsas hədəflərinin Azərbaycan torpaqlarını işğal altında saxlamaq olduğunu vurğulayıb.
MTX-nin keçmiş sədri bu yanaşması ilə beynəlxalq vasitəçilərə münaqişənin həllində Rusiyanın tapşırıqları əsasında fəaliyyət göstərəcəyinin ismarıcını verib. Çünki Ermənistandakı hakimiyyətlərə daha çox Moskva təsir göstərə bilir. İndiyədək Kreml Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində əməli heç bir addım atmayıb.
Nikol Paşinyanın müavini Tiqran Avinyanla da münasibətlərinin yoluna düşmədiyi bildirilir. Baş nazirin müavini 1989-cu il fevralın 28-də anadan olub. Rusiya-Ermənistan Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib və London kral Mari Universitetinin iqtisadiyyatın riyazi modelləşməsi ixtisası üzrə təhsil alıb. 2018-ci il mayın 11-də baş nazirin müavini təyin olunub.
Ehtimal etmək olar ki, Vanesyan perspektivdə Avinyanla birləşə bilər. Bunun üçün onları birləşdirən amilin olduğu istisna edilmir.
Nikol Paşinyan isə baş verənlərə belə münasibət bildirib: “2018-ci ilin yayında yeni hökumətin formalaşmasından bir-iki ay keçməmiş “Daşnaksütyun” mənim istefamı tələb edirdi”.
Onun sözlərinə görə, hazırda Ermənistanda yalnız tibbi koronavirus deyil, siyasi virus da yayılıb: “Ermənistanın ictimai-siyasi həyatında onların tamamilə kənarlaşdırılacağını siz görəcəksiniz. Onlar özlərinə siyasi qəbir qazırlar”.
KİV-in məlumatına görə, Paşinyan ona qarşı çıxan müavini Avinyanın vəzifədən uzaqlaşdırır. Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın, yaxud ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın yaxın günlərdə baş nazirin müavini təyin ediləcəyi ehtimal olunur.
Beləliklə, Ermənistan hökumətində və siyasi həyatında yeni hadisələr gözlənilir. Paşinyan ona qarşı olanları sıradan çıxarmaqla hökumətdə nüfuzunu artırmağa, siyasi avtoritet olmağa çalışır. Çünki bunlar olmadan bəyan etdiyi "islahatları" həyata keçirmək çətin olar. Ehtimal ki, bu prosesə daha çox Rusiyayönlülər maneə yaradır.
Düzdür, ola bilsin, Moskva da Ermənistanda islahatların aparılmasını dəstəkləyir. Ancaq bu prosesə kimin, hansı qüvvənin başçılıq etməsi də əsas şərtlərdən biridir. Ona görə Ermənistanda islahat üçün yeni qüvvə meydana çıxarmağa cəhd edilir. Siyasi meyitlər Robert Koçaryan və Serj Sarqsyanın yeni qüvvə rolunda oynaması real görünmür. Çünki onların istifadə müddəti başa çatıb. Vanesyan isə bir sıra göstəriciləri ilə bu rola daha çox uyğun gəlir. Onun Kremlə mesajları da bunu təsdiqləyir.
Hələlik, Ermənistan parlamenti fövqəladə vəziyyəti rejiminin daha bir ay uzadılması ilə bağlı hökumətin qərarını müzakirə etməyə hazırlaşır. İyunun 13-də deputatlar bunun üçün toplanacaq. Həmin sessiyanın çox “isti keçəcəyi” gözlənilir. Parlamentdəki qərbyönlü müxalifət olan İşıqlı Ermənistan Partiyası hökumətin siyasi rəqiblərini susdurmaq üçün fövqəladə vəziyyət rejimindən istifadə etdiyini açıqlayıb.
Odur ki, bu yayın Ermənistanın siyasi həyatı üçün qızmar keçəcəyi gözlənilir.