Belə getsə, Ermənistan danışıqlar yolu ilə təcavüzkarlıqdan əl çəkənə oxşamır. Halbuki ötən ilin mayında yeni qüvvələr hakimiyyətə gələndən sonra bəziləri Yerevanın işğalçılıq siyasətində dəyişikliyin baş verəcəyinə az da olsa, inanırdı. Ancaq bir ildən artıq vaxt keçsə də, Ermənistan təcavüzkarlığından əl çəkməyib. Son zamanlar təmas xəttində atəşkəsin pozulması da bunu təsdiqləyir.
Yeri gəlmişkən, Sankt-Peterburqdakı Beynəlxalq İqtisadi Forumda Ermənistanın baş naziri Nikol Paşinyanın cəbhə xəttindəki təxribatlarda hakimiyyətin aidiyyətinin olub-olmaması barədə sualı təkzib etməsi, bunun ardınca təcavüzkar dövlətin müdafiə nazirinin belə açıqlama verməsi ya baş nazirin ölkəni idarə edə bilmədiyini, ya da rəsmi Yerevanın bütün bəyanatlarının yalan və sülh danışıqlarının imitasiya olduğunu deməyə əsas verir. Bütün hallarda Avropaya, Qərb dəyərlərinə meyillənməyi qarşısına məqsəd qoyan Ermənistan hakimiyyəti saxta davranışı və yalanları ilə artıq ATƏT-in Minsk Qrupu həmsədrlərini aldada bilmir. Bu yalanları eşidən və saxtakarlığı görən beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına nə vaxt sərt reaksiya verəcək və bu ölkənin işğalçı siyasətinin sülh danışıqlarını sabotaj etməsinin qarşısını alacaq?
Yeri gəlmişkən, xatırladaq ki, Nikol Paşinyan Ermənistan parlamentində 2016-cı ilin aprel döyüşlərindəki uğursuzluqla bağlı müzakirənin keçirilməsini təklif edib. Bu həm də Ermənistan hakimiyyətinin həmin döyüşü uduzmasının etirafıdır. Paşinyançılar və onu dəstəkləyənlər sübut etmək istəyir ki, onlar Ermənistan ordusunda ovqatı dəyişiblər. Bunun üçün cəbhə xəttində müxtəlif təxribatlara əl atmaqla Azərbaycan tərəfini hərbi əməliyyatlara cəlb etməyə çalışırlar.
Elə apreldə də oxşar hadisə baş vermişdi. Ermənistan tərəfi atəşkəsi pozmuşdu, onlara verilən cavabdan ermənilər hələ də özünə gələ bilmir.
Bu arada Ermənistanın atəşkəsi pozmasını, təxribatını, müdafiə nazirinin işğalçılığı təşviq və təbliğ edən davranışını isə beynəlxalq vasitəçilər sükutla qarşılayır. Yoxsa, onlar da yeni aprel döyüşü istəyir? O zaman belə qənaətə gəlmək olar ki, vasitəçilər də Ermənistan hakimiyyəti ilə birlikdə Azərbaycanı təxribata sürükləyir. Əks halda, atəşkəs rejimini pozan tərəfə sərt reaksiya verilərdi.
Nəhayət, Beynəlxalq hüquq Azərbaycana ərazi bütövlüyünü təmin etməyə imkan verir. Bunu vasitəçilər də yaxşı anlayırlar. Ancaq Azərbaycanın bu addımı atmasının qarşısını “atəşkəs” adlı rejimlə bağlayırlar. Ermənistanın cəbhə xəttindəki əməllərinə görə vasitəçilərin sükutu rəsmi Yerevanın başının sığallanmasıdır.