Ötən ilin noyabrında imzalanan atəşkəs haqqında bəyanatın 63-cü günündə Moskvada üçtərəfli görüş keçirildi. Tədbirin təşəbbüsçüsü Rusiya prezidenti Vladimir Putin idi. Toplantının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bu görüşədək atəşkəs bəyanatının imzalanmasından ötən müddət ərzində Ermənistan tərəfi sənədin müddəalarını dəfələrlə pozub. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Xankəndinə qanunsuz səfər edib, separatçılarla görüşüb.
Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsinə dair Bəyanatın 4-cü maddəsi hələ də yerinə yetirilməyib. Ermənistanın bölgədə diversant qrupları fəaliyyətini davam etdirir. Ermənistan əhalisinin iradəsinin əksinə olaraq rəsmi Yerevan Qarabağa əsgər göndərir. Əsgər valideynləri hakimiyyətin bu addımına qarşı çıxır, oğullarının Azərbaycana hərbi xidmətə göndərilməsinə etiraz edirlər. Bundan başqa, ölkədə müxalifət sayılan revanşistlərin Nikol Paşinyanın istefası ilə bağlı aksiyaları davam edib. Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair müxtəlif səviyyələrdə müzakirələr aparılır.
Bundan əvvəl Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsindəki neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib. Sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi də iştirak edib. Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Yayılan məlumata əsasən, Rusiya sülməramlılarının Qarabağda təhlükəsizliyi tam təmin edilib. Vladimir Putinin dediyinə görə, onlar Qarabağa 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon ton humanitar yük gətiriblər, 479 hektar ərazini minadan təmizləyiblər, 182 km yolu, 710 bina və strukturu yoxlayıblar, 22 mindən artıq partlayıcı əşyanı məhv ediblər. Bununla belə, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə ictimaiyyətin nəzarəti hələ də təşkil edilməyib. Bu isə müəyyən inamsızlığın yaranmasına səbəb olub.
Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfəri noyabrın 10-da imzalanan sənədə ziddir və onu pozub. Rəsmi Bakı bu və müddəaların pozulması ilə bağlı başqa məsələləri Rusiya və Ermənistanın diqqətinə çatdırıb. Birinci sənəd atəşkəs bəyanatı adlanırdısa, yanvarn 11-də imzalanan ikinci sənədi iqtisadiyyat və nəqliyyat əlaqələri, əməkdaşlığın bərpasına dair açıqlama adlandırmaq olar.
Prezident İlham Əliyev noyabrın 10-da imzalanan bəyanatın maddələrinin uğurla yerinə yetirildiyini bildirib. 9 maddəlik atəşkəs bəyanatının maddələrinə nəzər salsaq görərik ki, Laçın istisna olmaqla ətraf rayonların işğaldan azad edilməsi prosesi sənədə uyğun həyata keçirilib. Laçınla bağlı məsələ hələ də tam aydınlaşmayıb. Bəyanata əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Ancaq onların göstərilən sayda olması inandırıcı deyil. Bunu əvvəlki illərin təcrübəsinə əsasən söyləmək olar. Erməni silahlı qüvvələrinin bölgədə qalması, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməməsi kimi məsələlər öz həllini gözləyir. Yanvar toplantısı da daha çox atəşkəs bəyanatının 9-cu maddəsinin icrasına həsr edilib. Görüşdə imzalanan sənədin 2-ci maddəsində bildirilib: “İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə, Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək”.
Noyabrın 10-da imzalanan Bəyanatda nəzərdə tutulmuş məsələlər ardıcıllıqla həyata keçirilir. Xüsusən qrafik məsələsinə ciddi əməl olunur. Görüşdə də kommunikasiyaların açılması üçün dəqiq vaxtın, qrafikin müəyyən edilməsi və bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirəcək dəhlizin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi əməkdaşlıq bəyanatında aydın göstərilib. Rəsmi Bakı noyabrın 10-da imzalanan sənədin dəqiqliklə icrasını tələb edib. Elə yanvarın 11-i qəbul edilən bəyanatda da həmin məsələlər öz əksini tapıb. Bunun üçün konkret addımlar müəyyənləşdirilib. Hər halda 4 maddəlik birgə bəyanatda görüləcək işlərin qrafikinin müəyyənləşdirilməsi müsbət haldır. Çünki bu halda gecikmənin səbəbi, buna görə məsuliyyət daşıyan tərəf və s. daha tez aşkarlanar. Sənədin 3 və 4-cü maddələri də konkret təşkilatlanmaya və icraya həsr edilib:
“3.Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4.İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək”.
Moskva görüşündə Azərbaycan və Rusiya prezidentlərinin eyni mövqe nümayiş etdirdiyinə də diqqət yetirmək lazımdır. Çünki görüşdən əvvəl Paşinyan səfərdən öncə verdiyi açıqlamada noyabr bəyanatınn 9-cu maddəsinə toxunmamış, daha çox sənədin 8 maddəsindən bəhs etmişdi. Ancaq sirr deyil ki, yanvar bəyanatından doğan tələblər reallaşarsa, bundan bütün maraqlı tərəflər fayadalana bilər. Bu regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına, regionun və ölkələrin inkişafına müsbət təsir göstərəcək.
Prezident İlham Əliyev də görüşün əhəmiyyətindən danışarkən Vladimir Putinlə mövqelərində yaxınlıq olduğunu bildirib: “Bu gün imzalanan bəyanat bizim niyyətimizdən bəhs edir. Çünki hərbi əməliyyatların dayandırılması üzrə bəyanatın müddəalarından biri regionun nəqliyyat-kommunikasiya xətlərinin blokdan çıxarılması idi. Bu o sahədir ki, regionun inkişafına dinamizm qata bilər və təhlükəsizliyi gücləndirə bilər, çünki nəqliyyat-kommunikasiya xətlərinin açılması Azərbaycan, Ermənistan və Rusiya xalqlarının, bizim qonşularımızın maraqlarına cavab verir…” Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin keçmişdə qaldığını vurğulayaraq deyib: “Bütün bunlar onu göstərir ki, Vladimir Vladimiroviçin bir dəfə dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabiliyini gücləndirməyi düşünməliyik”.
Azərbaycan və Rusiya kimi, Ermənistan da münaqişənin bitdiyini qəbul etməsinin zamanı çatıb. Erməni cəmiyyətində Qarabağın mənsubiyyəti ilə bağlı yanlış rəy formalaşdırılıb. Qarabağda yer adlarının və s. erməniləşdirilməsilə elə zənn ediblər ki, bu torpaqlar onlara məxsusdur. Məsələn, faşistlər işğal etdikləri Fransa, Britaniya və keçmiş sovet ərazisindən çıxanda bu torpaqların onlara məxsus olduğuna iddia etmədikləri kimi, ermənilərin də Azərbaycan torpaqlarına elə münasibət göstərməsi ruhunda tərbiyələnməsinə ehtiyac var. Onda Nikol Paşinyanın da “təəssüfünə” ehtiyac qalmazdı. Ermənistanın baş naziri deyib: “Təəssüf ki, bu (Dağlıq Qarabağı nəzərdə tutur - S.İ.) münaqişə hələ həll edilməyib. Əlbəttə ki, atəşkəsi təmin etmək mümkün olub, amma hələ həll edilməli çox məsələlər qalıb. Bu məsələlərdən biri Qarabağın statusunun həllidir”.
Azərbaycan işğala qarşı, əməkdaşlıq tərəfdarı olduğu üçün Moskvadakı son bəyanatda Prezident İlham Əliyevin indiyədək səsləndirdiyi fikirlər əks olunub. Odur ki, Nikol Paşinyanın “əfsus”u daha çox Ermənistan ictimaiyyəti və erməni cəmiyyəti üçün hesablanıb. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəsində onun istefası tələb olunur. O, bununla erməni ictimaiyyətinə sanki “status məsələsi ilə bağlı müqavimət göstərdim, ancaq Rusiya buna imkan vermədi” mesajını verərək Ermənistanda Rusiyanın günahlandırılmasına cəhd göstərib.
Ermənistan ictimaiyyəti hələ də qəbul edilən sənədləri anti-erməni saymaqda davam edir. Ancaq müxalifət sayılan revanşistlər indiyədək atəşkəs sənədinə qarşı çıxdıqlarını bildirməyiblər. Onlar erməni cəmiyyətinə yalan vədlər verərək nəyin bahasna olursa-olsun Paşinyanın istefasına nail olmağa çalışırlar. Ehtimal etmək olar ki, Ermənistandakı hakimiyyətlə bağlı məsələdə erməni havadarları “dovşana qaç, tazıya tut deməklə” ikili oyun oynayırlar. Odur ki, yaranmış yeni şərait deməyə əsas verir ki, Ermənistan revanşizmi unudub bərpa və əməkdaşlıq prosesinə qoşulmasa, yenə əvvəlki kimi beynəlxalq layihələrdən kənarda qalacaq.
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü də olub. Rusiya lideri Böyük Vətən Müharibəsində qələbənin 75 illiyindən və Dağlıq Qarabağda atəşkəsin əldə edilməsini bir blokda söyləyib. Bununla da o, Azərbaycanla ölkəsi arasında münasibətlərin yeni mərhələsinin başlamasına işarə edib: “Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin kontekstindən əlavə, bizdə ikitərəfli gündəlik də mövcuddur və bununla əlaqədar bizim Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyini qeyd etməyimizlə bağlı işi bir daha vurğulamaq və təşəkkürümü bildirmək istərdim. Bu, bütün ölkələrimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün çox əlamətdar hadisə idi. Ona görə ki, biz hamımız o vaxtkı ümumi vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə iştirak edirdik”.
Prezident İlham Əliyev cavabında bildirib: “Təbii ki, bu, bizi çox sevindirir, çünki bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından asılı olacaq. Tamamilə yeni, əvvəllər bəlkə də hətta təsəvvür edə bilməyəcəyimiz perspektivlər açılır. İkitərəfli münasibətlərə gəldikdə isə ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur. Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Müharibənin dayandırılmasında, habelə sülhməramlı missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin çox yaxşı dinamikası var”.
Beləliklə, noyabrın 10-u 2020-ci il, yanvar 11-i 2021-ci ildə qəbul edilən sənədlər Cənubi Qafqazda yeni vəziyyətin yarandığını və bu istiqamətdə real işlərin görülməsinin başlandığını deməyə əsas verir. Belə şərait həm də regional əməkdaşlığın üstünlüklərini, təhdid və işğalın bölgənin təhlükəsizliyinə yalnız ziyan vudruğunu bir daha sübut etdi.