Yuxarı

Ermənistan sülh istəmirsə... - ŞƏRH

Cənubi Qafqazda müharibənin başlanması böyük dövlətlərin maraqlarının kəsişməsini bir az daha üzə çıxaracaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən həftə Dağlıq Qarabağla bağlı beynəlxalq aləmdə fəallıq qeydə alındı. İlk xəbər Avstriyanın paytaxtı Vyanadan gəldi. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı dedi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həllini istəyir. Almaniyalı nazir gərginliyinin azaldılması üçün tədbirlər görmək lazım olduğunu bildirdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Moskvada keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu sözləri dedi: “Dağlıq Qarabağda mövcud vəziyyət narahatlıq yaradır. Dinc əhali arasında ölənlərin sayı artıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi zəruridir”.

Qarabağla bağlı üçüncü xəbər Londondan gəldi. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Britaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr apardı. Uorlik Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla və XİN-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Maykl Tethemlə görüşdü. Daha sonra Londonda mövzu üzrə dəyirmi masa təşkil olundu.

Görünür, bu məsləhətləşmələr London üçün vacibdir. Çünki Böyük Britaniyanın Azərbaycanda böyük investisiyaları var və enerji resurslarını ölkəmizdən dünya bazarlarına ixrac edir. Ona görə də London Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda sabitlikdə maraqlıdır.

Bu fəallığa rəğmən, danışıqlarda irəriləyiş yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən, “Ermənistan sülh istəmir” fikrini söylədi.

Ermənistanın sülh istəməməsi 2016-cı ildə də cəbhə bölgəsində gərginliyin davam edəcəyindən xəbər verir. “Atlas” Araşdırmalar Mərkəzinin 2015-ci ilin sonunda keçirdiyi sorğuda respondentlərin əksəriyyəti müharibənin başlaması ehtimalını yüksək qiymətləndirib. Başqa cür olması da çətindir. Çünki vətəndaş da görür ki, danışıqlar nəticə vermir və cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Digər tərəfdən ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlar da münaqişənin həllini yaxınlaşdırmır.

Əlbəttə, Avrasiya bölgəsindəki mürəkkəb durumu nəzərə alaraq müharibənin mütləq mənada baş verəcəyini söyləmək olmaz. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin toplantısındakı çıxışında onu da qeyd etdi ki, Azərbaycan Rusiya ilə Türkiyə arasında və Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin gərginləşməsindən narahatdır. Bu isə o deməkdir ki, belə vəziyyətdə Cənubi Qafqazda müharibənin başlanması böyük dövlətlərin maraqlarının kəsişməsini bir az daha üzə çıxaracaq.

Ən vacib sual budur: Azərbaycanla Ermənistan arasındakı savaşda böyük dövlətlərin davranışı necə olacaq? Rəsmi Bakı bu suala cavab tapmadan işğal altındakı torpaqları azad etmək üçün orduya hücum əmri verməyə tələsməyəcək. Rəsmi Bakı Rusiyanın Ermənistandakı hərbi bazalarını gücləndirməsi faktorunu də nəzərə almaq məcburiyyətindədir.

Buna baxmayaraq, 2016-cı ilə biz həm atəşkəsin intensiv pozulmasının və itkilərin, həm də danışıqların davamının şahidi olacağıq.

Atəşkəs daima ona görə pozulacaq ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazır deyil və Azərbaycan ordusu qarşı tərəfi təzyiq altında saxlayacaq.

Nəticəsi olmayan danışıqlar isə ona görə davam edəcək ki, bu yolla heç olmazsa müharibənin qarşısı alınsın.

Azərbaycan Prezidenti 2015-ci ildə olduğu kimi 2016-cı ildə də Ermənistan prezidenti Serj Sarqsyanla görüşə maraq göstərməyəcək. Buna baxmayaraq, Minsk Qrupu çərçivəsində danışıqlara son qoyula bilməz. Çünki bu avtomatik müharibənin başlanması deməkdir. Buna görə də nə Azərbaycan, nə də Ermənistan müzakirə masasından qalxmayacaqlar. Sadəcə, danışıqlar imitasiya xarakteri daşıyacaq.

Elxan Şahinoğlu, xüsusi olaraq “Report” üçün.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi