Ermənistan - sanksiya rejimində boşluq və ya iqtisadi intihar - ARAŞDIRMA

Ermənistan - sanksiya rejimində boşluq və ya iqtisadi intihar - ARAŞDIRMA Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dünya iqtisadiyyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bir çox ölkə, xüsusilə Qərb dövlətləri, bu sanksiyalara riayət edərək Rusiyaya qarşı iqtisadi təzyiq göstərməyə çalışır. Bütün bu
Analitika
14 Sentyabr , 2024 17:26
Ermənistan - sanksiya rejimində boşluq və ya iqtisadi intihar - ARAŞDIRMA

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dünya iqtisadiyyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bir çox ölkə, xüsusilə Qərb dövlətləri, bu sanksiyalara riayət edərək Rusiyaya qarşı iqtisadi təzyiq göstərməyə çalışır. Bütün bunların fonunda isə Rusiya iqtisadiyyatında Mərkəzi Asiya və Qafqaz ölkələri ilə ticarət əlaqələrinin rolu artır. Bu kontekstdə Ermənistanla ticarət dövriyyəsi xüsusi diqqət çəkir.

“Report” bu yazıda Ermənistanla Rusiya arasındakı ticarət artımına, onun səbəblərinə, Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalara hələ də məhəl qoymamasına toxunur.

Ermənistanın Rusiyaya olan ticarət dövriyyəsində əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Ticarət dövriyyəsindəki bu artım Avropa İttifaqının 2022-ci ildə Rusiyaya qarşı sanksiyalara başlamasından sonra müşahidə edilir. Maraqlı məqam isə Ermənistanın bu artımın kökündə Avropa İttifaqından aldığı məhsulları Rusiyaya satması dayanır. Bu isə Avropanın sanksiyalarını faktiki olaraq nəzərə almamağa bərabərdir. Bütün bunlara sübut kimi “Brookings” İnstitutunun aparıcı mütəxəssisi Robin Bruksun sosial şəbəkələrdəki paylaşımlarına diqqət yetirmək olar. Həmin paylaşımlardakı qrafiklərdə Ermənistanla Avropa İttifaqı ölkələri arasındakı ticarət dövriyyəsinin də kəskin artımı əks olunur.

Ermənistanın açıqladığı rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 9 milyard ABŞ dollarına çatıb ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Bu da onu göstərir ki, Ermənistan Aİ-dən aldığı məhsulları Rusiyaya göndərərək sanksiyalara əməl etməməyi seçib. Bu fakt isə Avropa İttifaqının iqtisadi təzyiqlərinin effektivliyinə kölgə salır. Aşağıdakı qrafikada Ermənistanın ümumi və Rusiya ilə xarici ticarət əlaqələrini əks etdirən qrafik də buna sübutdur.

Qeyd edilən qrafikdə Ermənistanla Rusiya arasındakı ixracın azalması göstərilir ki, bu da diqqətdən yayınmaq üçün başqa bir vasitədir. Belə ki, Ermənistan Rusiyaya ixracı azaltdığı halda digər ölkələrlə kəskin artırıb. Ermənistanın istehsal potensialını nəzərə alsaq görərik ki, ixrac edilən bu məhsullar Avropadan alınan və üçüncü ölkələr vasitəsilə Rusiyaya göndərilən məhsullardır.

Ancaq bütün bunlara baxmayaraq Ermənistan birbaşa da ixrac əməliyyatları həyata keçirir. Robin Bruks bu prosesi birbaşa olaraq sanksiyaların təsirini azaltmaq və Ermənistanın iqtisadi mənfəət əldə etmək üçün qurduğu ticarət mexanizmi kimi təsvir edir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dolları arasında dəyişəcəyini deyib. Bu rəqəm, Ermənistanın sanksiyalara məhəl qoymadığını və Rusiya ilə təkrar ixrac əməliyyatlarının davam etdirdiyinin göstəricisidir. Bunun nəticəsində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2022-ci ilədək olan 2,6 milyard ABŞ dollarından bu ilki gözləntilərə görə 6 dəfə artması planlaşdırılır. Bununla yanaşı, ixrac əməliyyatları 841 milyon ABŞ dollarından 2023-cü ildə 3,4 milyard ABŞ dollarınadək artıb.

Ermənistan artıq birbaşa deyil daha çox dolayı marşrutlarla həmin malların Rusiyaya çatdırılmasını həyata keçirir. Bu cür marşrutlardan biri Birləşmiş Ərəb Əmirlikləridir. Bunun nəticəsidir ki, 2024-cü ilin 7 ayında Ermənistan ilə Rusiya arasında ixrac 22,4 % azalaraq 1,6 milyard ABŞ dollarına enib.

Lakin bu dövrdə Ermənistan Birləşmiş Ərəb Əmirliklərinə 3,95 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 dəfə çoxdur. Ötən il Ermənistanın bu ölkəyə ixracı 4,2 dəfə, 2022-ci ildə isə - 7,2 dəfə artıb. Beləliklə Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana Ermənistanın BƏƏ-yə ixracı 53 dəfə artıb.

A.Overçuk Ermənistanın bu davranışını strateji və iqtisadi müttəfiqlik olaraq dəyərləndirir və iki ölkə arasındakı münasibətlərin daha da dərinləşəcəyini vurğulayır.

Sonda qeyd etmək olar ki, Ermənistan "tranzit kəsişməsi" rolunu oynayaraq Rusiyaya malların yenidən ixracı ilə öz iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışır. Bu isə özünü statistik rəqəmlərdə artım kimi göstərsə də, istehsalı çox zəif olan bir ölkənin iqtisadiyyatını uçuruma aparır. Geosiyasi vəziyyətlərdən bu cür kəskin asılılıq hər bir ölkənin iqtisadiyyatına təhdiddir ki, Ermənistan da hazırda bu yolu seçib.

Son xəbərlər

Orphus sistemi