Ermənistan-İran-Hindistan əməkdaşlığı - İrəvan özünə yeni ağa axtarır - ŞƏRH

Ermənistan-İran-Hindistan əməkdaşlığı - İrəvan özünə yeni ağa axtarır - ŞƏRH Ermənistan bütün sahələrdə uğursuzluqlarla üzləşib və rəsmi İrəvan xaotik, nizamsız addımlar atır, nə yaxın, nə də uzaq perspektiv üçün hesablanan populist gedişlərlə gündəmdə olmağa çalışır. Bu dəfə də özünə yeni “yiyə” və müttəfiq axtarışına çıxıb. Ermə
Analitika
29 Avqust , 2023 15:29
Ermənistan-İran-Hindistan əməkdaşlığı - İrəvan özünə yeni ağa axtarır - ŞƏRH

Ermənistan bütün sahələrdə uğursuzluqlarla üzləşib - xaotik, nizamsız addımlar atır, nə yaxın, nə də uzaq perspektiv üçün hesablanan populist gedişlərlə gündəmdə olmağa çalışır. Bu dəfə də özünə yeni “yiyə” və müttəfiq axtarışına çıxıb. Erməni mediası və siyasiləri artıq bir müddətdir ki, Dehli-Tehran-İrəvan münasibətlərini tirajlayır, iki ölkəni bağlayan tellərdən dəm vurur. İranla bağlı məsələ aydındır - fars-erməni əməkdaşlığı illərdir davam edir, Tehran Ermənistan üçün 30 il “nəfəslik” rolunu oynayıb və proses davam edir. Hindistana gəldikdə isə ən optimist ekspert və müşahidəçilər belə onun perspektivsizliyini qabardırlar. Erməni tərəfi isə hər vəchlə belə bir görüntü yaratmağa çalışır, hətta Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanı il ərzində ikinci dəfə Hindistana yollayır.

Hətta Hindistanın Baş naziri Narendra Modinin Yunanıstana səfərindən özünəməxsus formada yararlanmağa çalışır, hökumət başçısının Hindistan-Yunanıstan-Ermənistan “geosiyasi oxu” yaratmağa çalışdığını iddia edirlər. Sual edirlər ki, nədən 40 il ərzində Yunanıstana heç bir Baş naziri səfər etməyən Hindistan indi belə bir səfəri reallaşdırır. Ermənilərin fantaziyası bitib-tükənmir və iddia edirlər ki, Türkiyə-Azərbaycan-Pakistan birliyinə qarşı İrəvan-Dehli-Afina birliyinin yaradılması gündəmdədir. Bu cəfəng iddianı isə ermənilərdən başqa heç kim dilə gətirmir. Səfər sadəcə iki ölkə arasında münasibətlərə həsr olunub. Hansısa regional məsələlərin müzakirə olunmadığı vurğulanır. Yunanıstan sadəcə Hindistanın bir sıra beynəlxalq məsələlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasında daima yer əldə etmək məsələsində dəstəkləyən ölkə olub. Yunanlar Hindistanın Avropaya qapısı kimi çıxış etmək istəyir. Yəni erməni tərəfinin iddiası əsassızdır və yalanlar üzərində qurulub. Eyni zamanda gələn il Hindistanda parlament seçkiləri keçiriləcək və Modinin aktiv xarici siyasət kursu aparması da bununla bağlıdır.

Ermənistan hakimiyyəti özünə təsəlli verir ki, Hindistanla əməkdaşlığı gücləndirməklə dünyanın ən çox əhalisi olan ölkənin dəstəyini qazanacaq, lakin yanılırlar. Birincisi, hər bir ölkənin qüdrəti, ilk növbədə, onun iqtisadiyyatı ilə bağlıdır. Hindistan da əhali sayına görə dünyada ilk yerlərdə qərarlaşsa da, yoxsulluq içindədir. İkincisi, Hindistan Ermənistandan uzaq məsafədə yerləşir. Düzdür, iki ölkə İrana ümid etsə də, bu ölkənin son illər fəaliyyəti onu deməyə əsas verir ki, Tehran İrəvanla irimiqyaslı layihələrə ciddi önəm vermir. Ortaya atdığı layihələrin heç birinin reallaşmaması da bunu deməyə əsas verir. Üçüncüsü, Fransanın təhriki ilə Ermənistanla əməkdaşlığa gedən Dehli özü belə mövqeyində yekdil deyil. Silah satışına gəldikdə, ermənilərə verilən texnika köhnədir.

Ermənistanın baş naziri Nikol Paşinyan Hindistandan ucuz qiymətə keyfiyyətsiz silah alıb erməni cəmiyyətinə bunu “ordunu gücləndirirəm” formasında sırımağa çalışır. İstəyir, əhali görsün ki, guya ordunu bərpa edir, hərbi sahədə işlər aparır və s. Amma burada əsaslı bir şey yoxdur. Nə müharibə etmək iqtidarındadır, nə aldıqları silahlar müasir silahlardır. Dördüncüsü, Ermənistanın yaxın Türkiyəni qoyub uzaq Hindistanla əməkdaşlığa üz tutması növbəti uğursuzluğuna işarədir. Halbuki Türkiyədə seçkilərdən sonra hər kəs ümid edirdi ki, iki ölkə yaxın zamanlarda bu istiqamətdə ciddi addımlara başlayacaq və bu, ermənilərin Qərbə inteqrasiya prosesini sürətləndirəcək. Beşincisi, Ermənistanın xarici siyasət kursu hazırda bütün fəaliyyətini bir ölkənin diktəsi və fəaliyyəti üzərində qurub. Təbii ki, bu da Fransadır. Elə Ermənistan-Hindistan-İran geosiyasi üçbucağını qurmaq xəyalı da məhz Parisdən qaynaqlanır. Yəni Fransa bu məsələdə ola bilsin lokomotiv rolunu oynayıb. Rəsmi Paris Hindistanı uzaq və perspektivsiz, yoxsul Ermənistanla əməkdaşlıq xətti götürməyə məcbur edir. Məsələ ondadır ki, Parislə Dehlini silah alqı-satqısı əməkdaşlığı birləşdirir. Hindistanı ermənilərlə əməkdaşlıq etməyə məcbur edən də məhz Fransa, daha dəqiq ifadə etsək, Emmanuel Makronun uğursuz, “uzaqgörən” siyasətidir.

Yeri gəlmişkən, erməni cəmiyyətində Hindistanla əməkdaşlığı rişxəndlə qarşılayan, belə bir əməkdaşlığın perspektivsizliyinə işarə edənlər də tapılır. Onların qənaətincə, Ermənistan Hindistana yox, Çinə üstünlük verməlidir. Qərblə deyil, İran, Rusiya ilə yanaşı, Çinlə əməkdaşlıq etməli olduğu önə çəkilir. Məsələn, erməni politoloq Qriqor Balasanyan hesab edir ki, ölkənin xilası məhz qeyd etdiyi “geosiyasi üçbucaqda”dır. “Qərb son beş ildə sübut etdi ki, etibarlı tərəfdaş ola bilməz. Bu, Fransaya da aiddir. Çünki bu ölkə 2020-ci ildə Azərbaycana peyklər verib və müharibədə də onlardan istifadə edilib. Avropanın bizi qorumaq üçün marağı sıfırdır. Azərbaycanı qorumaq üçün isə motivləri kifayət qədərdir - qaz tədarükü və ən birincisi, qarşıdan qış gəlir”.

Beləliklə, ermənilərin xarici siyasət kursunu uzaq Hindistana tuşlaması rəsmi İrəvanın növbəti uğursuzluğuna gətirib çıxaracağı şübhəsizdir. Ermənistan hakimiyyəti bu layihəyə ümidlə baxa bilər, lakin əsas məsələ ondadır ki, zaman onun əleyhinə işləyir. Hər keçən gün də onun üçün şansların itirilməsi deməkdir.

Son xəbərlər

Orphus sistemi