Ermənistan baş nazirinin hədəsi - KTMT-də Yerevana inamsızlıq - ŞƏRH

Ermənistan baş nazirinin hədəsi - KTMT-də Yerevana inamsızlıq - ŞƏRH İanələr və qrantlar hesabına mövcud olan Ermənistan rəsmilərinin Belarusa qarşı çıxışları, hədələyici bəyanatları gülünc görünür
Analitika
20 Noyabr , 2018 14:01
Ermənistan baş nazirinin hədəsi - KTMT-də Yerevana inamsızlıq - ŞƏRH

Bakı. 20 noyabr. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 8-də Astanada keçirilmiş zirvə toplantısından 12 gün ötsə də, Ermənistanın rəsmi və qeyri-rəsmi şəxsləri hələ də sakitləşə bilmirlər. Bunun başlıca səbəblərindən biri rəsmi Yerevanın baş katib vəzifəsinə iddiasının təmin olunmamasıdır.

Ermənistanda hakimiyyətdə təmsil olunanlarla yanaşı, vətəndaş cəmiyyətinin üzvləri də hay-küy qoparırlar. Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan bildirib ki, KTMT-nin baş katibi postunu əldən vermək ölkəsi üçün ciddi itki olacaq: “Bu təşkilat ölkəmizin təhlükəsizlik sisteminin vacib tərkib hissəsidir”.

Hətta vəziyyət rəsmi Minsk ilə Yerevan arasında diplomatik gərginliyə də səbəb olub. Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına söylədiyi fikirlərə şərh verərək onu özünü beynəlxalq prokuror kimi aparmaqda qınayıb: “Yəqin, cənab Paşinyan hələ "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu başa düşməyib. Təəssüf edirik. Ümid edirik ki, bu da zamanla qaydaya düşəcək”.

Xatırladaq ki, Nikol Paşinyan A.Lukaşenkodan KTMT-nin bağlı qapılar arxasında keçirilən iclasını Azərbaycanın bu ölkədəki səfiri ilə müzakirə etməsinə aydınlıq gətirməsini tələb edəcəyini söyləyib.

Bu arada Azərbaycan Ermənistanın Belarusla bağlı təlaşını cavablandırıb. Prezident İlham Əliyev noyabrın 14-də Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edən zaman deyib: “Regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş Sammitini çox diqqətlə izlədik. Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir. Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır”.

Öz növbəsində, Aleksandr Lukaşenko da noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Ermənistan hökumətinin başçısına və bu ölkənin başqa rəsmi və qeyri-rəsmi şəxslərinə cavab verib. O, Azərbaycan Prezidentinin Belarusa səfərindən danışaraq deyib: “Belarusda yolunuzu gözləmişik. Bir daha bildirir və təsdiq edirəm ki, aramızda heç vaxt qapalı mövzular olmayacaq. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Belaruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi, təqribən, 3,5 dəfə artıb”. O, Azərbaycanla Belarus arasında xoşməramlı münasibətlərdən də danışıb: “Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır - 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar”. Qeyd edək ki, Aleksandr Lukaşenko bir həftə əvvəl Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ilə görüşdə bildirib ki, rəsmi Minsk KTMT-nin baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır: “Əlifba sırası ilə növbəti ölkə Belarusdur və biz namizədliyimizi təklif etməyə hazır olmalıyıq”.

Belarus Prezidenti Aleksandr Lukaşenko

Ermənistan isə baş katib postuna Vaqarşak Arutyunyanın namizədliyini irəli sürmək niyyətində olub. Nikol Paşinyan Astana sammitinə yola düşməzdən əvvəl rəsmi Yerevanın Yuri Xaçaturovun yerinə yeni namizədin Ermənistan nümayəndəsinin olmasında israr edəcəyi barədə məlumat yayılmışdı. Ancaq yaxşı deyiblər: “İnadkarlıq kütlük əlamətidir”. Rəsmi Yerevan isə hələ də Astana sammitinin ovqatından, dərsindən nəticə çıxara bilmir. Heç şübhəsiz, Nikol Paşinyan hökuməti və onu dəstəkləyən qüvvələr iddialarını KTMT-yə qəbul etdirmək üçün Ermənistan vətəndaşlarını Sankt-Peterburqda növbəti sammitin keçiriləcəyi binanın qarşısına toplamağa qadir deyillər. Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 6-da bu şəhərdə KTMT-nın sammiti, MDB dövlət başçılarının qeyri-rəsmi görüşü, hətta ola bilsin ki, Avrasiya İqtisadi İttifaqının zirvə toplantısının keçiriləcəyini bildirib.

Əslində, Nikol Paşinyan məsələ ilə bağlı yeni bəyanatlar verməklə daha böyük səhvlər edir. O, ötən gün KTMT-yə baş katibin seçilməsi məsələsinə yenidən toxunaraq deyib ki, Ermənistan beynəlxalq tərəfkeşləri ilə münasibətdə özünü onların mənafeyinə uyğunlaşdırmayacaq: “Onlar Ermənistanı belə görməyə adət edib. Bundan sonra belə olmayacaq. Xalqımız və hökumətimiz ölkəmizin maraqlarını müdafiə etməyə qadirdir. Hamı bizimlə hesablaşmalıdır. Mən sizə bundan sonra onların bizimlə hesablaşacaqlarını söz verirəm”. Nikol Paşinyanın bu çıxışı ən yaxşı halda boşboğazlıq, demoqogiydır. Belə sözləri yalnız eyforik vəziyyətdə olan kütlə qəbul edər. Yəqin ki, o, bunu elə dekabrın 9-da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində uğur qazanmaq üçün seçicilərinə ünvanlayıb. Çünki üzvü olduğu bütün təşkilatlarda Ermənistanın vəziyyətini yaxşı bilirlər. Nikol Paşinyan kimi hədələyir, yaxud kimə nə edə bilər? Hansı maraqlardan söz gedir?

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan

Hər halda Ermənistan və bu etnik qrup barədə yüksək fikirdə olub başqalarını aşağılayan təmsilçilərinin üzərinə soyuq su tökməyə ehtiyac var. Bunun üçün bəzi faktları Nikol Paşinyana xatırladacağıq. Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərini kim qoruyur - Rusiya. Hansı ölkənin Ermənistanda hərbi bazası var - Rusiyanın. Hər il milyonlarla dollar qeyri-ticarət maliyyə köçürmələri hansı dövlətdən daha çox Ermənistana axır - Rusiyadan. Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistan kimlərin hesabına işğal altında saxlayır - Havadarlarının. Bu ölkənin əhalisi hansı dövlətin təbii qazına qızınır - Rusiyanın. Bu sayaq sual və cavabları uzatmaq da olar. Bura erməni etnik qrupunun Qafqaza yerləşdirilməsindən tutmuş, ta ötən 190 ildə onların bölgədə oynadıqları qarışdırıcı rolunadək hamısı daxildir. Ermənistan mövcud olduğu gündən qonşu dövlətlərə ərazi iddiası edir. Başqa sözlə, Rusiya başda olmaqla havadarlarının əl oyuncağı kimi bölgədə təhlükəsizliyi təhdid edib. Nikol Paşinyan hədəsi ilə bu istiqamətdə fəallığı artıracaqlarını, ya bir də bu işlə məşğul olmayacaqlarınımı demək istəyir? Keçmiş SSRİ-də Ermənistan Moskvanın və rentabelli müttəfiq respublikaların sayəsində dotasiya ilə mövcud olub. Sovetlər dağıldıqdan sonra Ermənistanın əsas sponsoru dəyişməyib. Moskva onu hələ də saxlayır. Nikol Paşinyan hədəsi ilə sponsorunun dəyişəcəyinimi bəyan etmək istəyib?

Məlum olduğu kimi, bu dövlət dünyadan ianə toplamaqla mövcuddur. İş o yerə çatıb ki, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nikol Paşinyan hökuməti maliyyə vəsaiti toplayır. 1992-ci ildə Ermənistan prezidentinin sərəncamı ilə yaradılan “Hayastan” Fondunun fəaliyyəti buna çox gözəl nümunədir. Qurumun təşkil etdiyi Ümumavropa telemarafonu nəticəsində 1 milyon 242 min 460 avro maliyyə vəsaiti toplanıb. Tədbir noyabrın 14-18-də keçirilib. Bildirilib ki, yığılmış maliyyə vəsaiti Ermənistanın Tavuş rayonunda kənd təsərrüfatının inkişafına və Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə xərclənəcək.

Beləliklə, ianələr və qrantlar hesabına mövcud olan, öz hesabına bir güllə belə almağa qadir olmayan, yaxud almayan Ermənistan rəsmilərinin Belarusa qarşı çıxışları, hədələyici bəyanatları doğrudan da çox gülünc görünür. Belə davranışa ən yumşaq formada arsız da demək olar...

Son xəbərlər

Orphus sistemi