Qafqaz üçün məkrli plan - Brüssel görüşü yeni fəlakətin başlanğıcı olacaq - ŞƏRH

Qafqaz üçün məkrli plan - Brüssel görüşü yeni fəlakətin başlanğıcı olacaq - ŞƏRH Sabah Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşünün nəticəsi erməniləri növbəti faciələrə sürükləyə bilər.
Analitika
4 Aprel , 2024 16:56
Qafqaz üçün məkrli plan - Brüssel görüşü yeni fəlakətin başlanğıcı olacaq - ŞƏRH

Sabah Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı (Aİ)-ABŞ üçtərəfli görüşünün nəticəsi erməniləri növbəti faciələrə sürükləyə bilər. Bu ehtimalın reallaşacağını hayların özləri də təsdiqləyir. Əsas mülahizələrdən biri də Ermənistanın Suriya, Ukraynaya çevriləcəyidir.

Baş nazir Nikol Paşinyanın komandasından fərqli olaraq erməni mediası və bəzi siyasətçilər daha uzaqgörən mövqe nümayiş etdirirlər. Bu ölkənin müstəqil mediasında 5 apreldən sonra Ermənistanda fəlakətlərin artacağı xüsusi vurğulanır. Əsas xətt də bundan ibarətdir ki, Brüsseldə keçiriləcək görüş erməni xalqının maraqları və qarşıya qoyduğu hədəflərlə uzlaşmır.

Məsələn, “Zham.am” qəzetində dərc olunan bir məqalə “erməni xəyalları”nı alt-üst edir. Qeyd olunur ki, sabah keçiriləcək görüşdən sonra Ermənistanın dağılması prosesi başlayacaq. Məqalədə bir sıra digər maraqlı məqamlar da yer alıb. Nəzərə alaq ki, bu mətbu orqan müəyyən müstəqil fəaliyyəti ilə seçilir. Brüsseldə ABŞ və Avropa İttifaqının Ermənistana təhlükəsizlik təminatı, Aİ-yə üzv olmaq prosesinə başlanılacağı vədini verəcəyi bildirilsə də, bunun arxasında başqa hədəflərin gizləndiyi vurğulanır. Bildirilir ki, Qərb Ermənistanı baş nazir Nikol Paşinyanın əli ilə dağıtmağa və Moskvaya zərbə endirməyə cəhd göstərir. Ukrayna cəbhəsində uğursuzluqlardan sonra Qərb regionda Paşinyan vasitəsilə revanş götürməyə çalışır. Ermənistana alət rolunda yer ayrılıb.

Qəzet yazır ki, Moskva Qərbə Ermənistanda möhkəmlənməyə imkan verməyəcək. Bir şey aydındır - bu hədəflər erməni xalqının real maraqları və hədəfləri ilə üst-üstə düşmür. Əminliklə ifadə olunur ki, İrəvanı bu görüşdən sonra hansısa bir müsbət tendensiya gözləmir.

Yeri gəlmişkən, Brüssel görüşü ilə bağlı dünən mediaya sızan məlumatlarda göstərilir ki, orada İrəvan üçün siyasi, iqtisadi, humanitar yardımın əks olunduğu planın təsdiqi nəzərdə tutulub. Hədəf də Ermənistanın avrointeqrasiyasına nail olmaqdır. Maraqlı olan MDB məkanında ilk dəfə olaraq məhz İrəvan üçün təhlükəsizliklə bağlı presedentsiz əməkdaşlığın təklif ediləcəyi iddialarıdır.

Əvvəla, əgər təsdiqini taparsa, bu, Ermənistan üçün ciddi mənfi nəticələrə gətirib çıxara bilər. Çox güman ki, bunun ardınca ölkədəki Avropa İttifaqının Azərbaycanla sərhəddəki mülki monitorinq missiyası üzvlərinin sayının bir qədər də artırılması baş verə bilər. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl ABŞ-dən olan bir qrup mobil təlimatçı İrəvana gəlib. Rəsmi məlumatda bildirilib ki, onlar Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparacaqlar. Qeyd edilib ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində baş tutub. Məlumata görə, ABŞ hərbçiləri aprelin 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin, “Zinuj Media” dövlət qurumunun əməkdaşlarına təlim keçəcək.

Bu təcrübə mübadiləsi İrəvana təklif olunan həmin presedentsiz əməkdaşlığın tərkib hissəsidir. Bu isə şübhəsiz ki, Kremli cavab addımları atmağa vadar edəcək. Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. "Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”, - o qeyd edib. Zaxarova, həmçinin vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını yaddan çıxarmamalıdır.

Bu gün isə “Qolos Armenii” qəzetində “Əgər 102-ci baza İrəvana doğru istiqamət götürərsə” başlıqlı məqalə dərc olunub. Bunu da İrəvana sərt xəbərdarlıq kimi qiymətləndirmək olar. Yazıda qeyd olunur ki, bu ssenari həyata keçirilərsə, ermənilərin özləri də Rusiya hərbçilərinə qoşularaq paytaxt İrəvana doğru hərəkət edə bilərlər. Ona görə də yazıda Rusiyanın Ermənistandakı “beşinci kolonu” məsələsi xüsusi qabardılır.

Mariya Zaxarova
Mariya Zaxarova

Ermənistan üçün təklif olunacaq məsələlər sırasında o da iddia olunur ki, Vaşinqton və Brüssel enerji təhlükəsizliyi məsələsində İrəvana kömək etmək istəyirlər. İddialara görə, istismar müddəti başa çatdıqdan sonra Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması təklif edilir. Brüsseldə İrəvana yeni AES-in inşası üçün avadanlıqlar, texnologiya və maliyyə resursları verilə biləcəyi qeyd olunur. Paşinyan hökumətinin Ermənistanda modul nüvə reaktorlarının və enerjisaxlama qurğularının yerləşdirilməsində maraqlı olduğu da nəzərə çatdırılır.

Qeyd edək ki, ötən ilin sonundan etibarən Ermənistan və ABŞ arasında nüvə enerjisi üzrə çərçivə sazişinin - “Saziş 123” adlandırılan sənədin imzalanması məsələsi üzrə məsləhətləşmələr davam edir.

ABŞ və Aİ, həmçinin Paris sazişinin müddəalarına uyğun olaraq Ermənistanın "yaşıl enerji"yə keçidini dəstəkləməyi, günəş və su elektrik stansiyalarının tikintisinə sərmayə qoymaqla bərpa olunan enerjinin inkişafına yardım etməyi planlaşdırır. Bütün bunlar İrəvanın xəyanətinə cavab olaraq Rusiya tərəfindən ona tətbiq olunacaq enerji blokadasına qarşı hazırlıqdan, yardım planından xəbər verir.

Beləliklə, aprelin 5-i Ermənistanın tarixinə, özlərinin də ifadə etdiyi kimi, yeni fəlakətlərin başlanğıcı olaraq düşmək ehtimalını saxlayır.

Son xəbərlər

Orphus sistemi