​Ərəb ölkələri Azərbaycana investisiya yatıracaqlarmı? - ŞƏRH

​Ərəb ölkələri Azərbaycana investisiya yatıracaqlarmı? - ŞƏRH Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın fəaliyyətə başlaması zəruridir
Analitika
23 Yanvar , 2016 09:08
​Ərəb ölkələri Azərbaycana investisiya yatıracaqlarmı? - ŞƏRH

Bakı. 23 yanvar. REPORT.AZ/ Rəsmi Bakının ər-Riyadla sıx münasibətləri var. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanının qonşu Yəmənə hərbi müdaxiləsi ilə əlaqədar ər-Riyad bir qrup dövlətin tənqidinə məruz qalarkən Prezident İlham Əliyev ötən ilin aprel ayında bu ölkəyə rəsmi səfər etməyi lazım bildi.

O zaman Azərbaycan Prezidentinin səfərinin mahiyyəti haqqında müfəssəl məlumat verilmədi. Ancaq güman etmək olardı ki, İlham Əliyev Səudiyyə Ərəbistanının neft strategiyasını yerindəcə öyrənmək üçün ər-Riyada getmişdi. Çünki neftin qiymətləri aşağı endiyindən 2015-c ilin fevral ayında Azərbaycan manatı birinci dəfə devalvasiya edildi. İlham Əliyev bu mənfi prosesin nə zamana qədər uzanacağını müəyyənləşdirmək istəyirdi.

Səudiyyə Ərəbistanı 3 ölkədən (Türkiyə və Pakistanla bərabər) biridir ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibətləri yoxdur, bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Buna baxmayaraq, rəsmi Bakı ər-Riyadın enerji siyasətindən narazıdır. Narazılığın səbəbi odur ki, ər-Riyad neftin qiymətlərinin qalxmasını əngəlləyir. Neft istehsalçılarının əksəriyyəti ər-Riyadın bu siyasətindən narazıdır. Məsələn, 2015-ci il ərzində OPEK dövlətləri az qala ər-Riyada yalvarırdılar ki, hamı neft istehsalını aşağı salsın və bunun hesabına neftin qiymətləri qalxsın. Ər-Riyad bu planı qəbul etmədi. Bunun iki səbəbi var idi.

Birinci səbəb odur ki, Səudiyyə Ərəbistanında neft istehsalı onsuz da ucuz başa gəlir və qiymət nə olursa-olsun ər-Riyad neftini böyük həcmdə ixrac etməkdə maraqlıdır. Həm də İran üzərindən sanksiyaların götürülməsi ər-Riyadın planlarının dəyişməz olduğunu şərtləndirirdi. Çünki İran sanksiyalardan sonra neft satışını artıracaq və ər-Riyad ənənəvi bazarları rəqibi İrana güzəştə getmək istəmir.

İkinci səbəb odur ki, Səudiyyə Ərəbistanı Vaşinqtonla sövdələşib. Məqsəd ucuz neftlə Rusiya iqtisadiyyatını çökdürməkdir. Vaşinqtonla ər-Riyad vaxtilə SSRİ-nin iqtisadiyyatını da bu yolla çökdürmüşdülər. İndi də Rusiyaya qarşı eyni ssenari həyata keçirilir. Hazırda bu siyasət effekt verir. Rusiya iqtisadiyyatında ciddi problemlər yaranıb. Kreml buna görə nə ər-Riyadı, nə də Vaşinqtonu günahlandıra bilər. Rusiya hakimiyyəti Krımı işğal edərkən və bununla dünya düzənini mənfiyə doğru dəyişərkən gələcəkdə yaranacaq mənfi tendensiyalar haqqında düşünməli idi.

Aydındır ki, Vaşinqtonla ər-Riyadın sövdələşməsindən Rusiya ilə yanaşı, digər neft ixracatçısı olan dövlətlər, o cümlədən Azərbaycan da əziyyət çəkir. Bu haqda İlham Əliyev də bir neçə dəfə açıqlama verib. Ər-Riyad Azərbaycanın ağır vəziyyətə düşməsini istəməzdi, ancaq “böyük oyun”da kiçik dövlətlərin maraqları nəzərə alınmır. Sadəcə, indiki vəziyyətdə ər-Riyad tərəfdaşlarına yardım əli uzada bilər, necə ki, Səudiyyə Ərəbistanı bu əli Türkiyəyə uzadıb.

Rusiya Türkiyəyə qarşı sanksiyalar elan etdikdən sonra Kreml düşünürdü ki, bundan Türkiyə iqtisadiyyatı ciddi zərər görəcək. Kreml Türkiyənin on illərdir Rusiyada çalışan tikinti şirkətlərinə qapını göstərdi. Bu vaxt ər-Riyad Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı Səudiyyə Ərəbistanına dəvət etdi. Səudiyyə kralı Ərdoğana yüz milyardlarla dollar kreditlər və tikinti sifarişləri vədi verdi. Kral Türkiyənin tikinti şirkətlərinə Səudiyyə Ərəbistanının qapıları açdığını elan etdi.

Ər-Riyad Bakıya da xüsusi imtiyazlar təklif edə bilər. Doğrudur, Azərbaycanın Türkiyə qədər iqtisadi potensialı yoxdur, kənd təssərrüfatı ilə məşğul olan və tenderdə iştirak edəcək tikinti şirkətlərinin sayı da azdır. Ancaq Azərbaycanın Səudiyyə Ərəbistanı bazarında Türkiyə qədər qazanc hədəfləri də yoxdur. Birinci növbədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın fəaliyyətə başlaması zəruridir. Bu komissiya işlək olmalı, investisiya imkanlarını hərəkətə gətirməlidir. Azərbaycanla sıx iqtisadi əlaqələr və böyük investisiyalar Səudiyyə Ərəbistanına həm də ona imkan verəcək ki, ölkələrlə sıx əməkdaşlıqda məzhəb amilinin onun üçün önəmli olmadığını göstərsin.

Azərbaycan Səudiyyə Ərəbistanı ilə yanaşı, başqa ərəb ölkələrinin, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytlə də danışıqları genişləndirməlidir. Məqsəd bu ölkələrin də investisiyalarını Azərbaycana cəlb etmək olmalıdır.

Elxan Şahinoğlu, xüsusi olaraq "Report" üçün.

Son xəbərlər

Orphus sistemi