Bakı. 10 yanvar. REPORT.AZ/ Dostlarının, düşmənlərinin, ona loyal yanaşanların münasibətindən asılı olmayaraq, Türkiyə demokratik və eyni üsulla idarə edilən dövlətdir. Ölkədə müxalifətin sərbəst şəkildə fəaliyyət göstərməsi, prezident Rəcəb Tayyib Ərdoğanın rəqibləri tərəfindən açıq və sərt formada tənqid olunması, onun hökumətinin qəbul etdiyi qərarlara, atdığa addımlara mənfi münasibətlər və başqa bu kimi amillər Türkiyədə söz, fikir, mətbuat və sərbəst toplaşmaq azadlığının hələ də davam etdiyini göstərir. Bu ölkədə siyasi həyat həmişəki kimi qızğın müzakirələr və sərt polemikalarla keçir.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, deputat Devlet Bahçeliin rəhbərlik etdiyi siyasi təşkilatın 2019-cu ildə keçiriləcək prezident seçkisində Ərdoğanın namizədliyini dəstəkləyəcəyi haqqında bəyanatı və Ərdoğanın yanvarın 9-da hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısındakı çıxışı isə Türkiyənin ictimai-siyası həyatında yeni canlanma yaradıb. Siyasi həyat canlandısa, ölkədəki problemlərin həlli ehtimalı da artır.
Türkiyədə prezident seçkisinin 2019-cu il noyabrın 3-də keçiriləcəyi gözlənilir. Bu başlıca siyasi kampaniyaya indidən hazırlığın getməsi vəziyyəti gərginləşdirməklə yanaşı, cəmiyyətin sayıqlığını da artırır. Son günlər bu ölkənin siyasi həyatında baş verənlər barəsində qısa xatırlatma etdikdən sonra gözlənilən prezident seçkisinin nəticəsini də proqnozlaşdırmağa cəhd edəcəyik. Rəcəb Tayyib Ərdoğan həmin toplantıda ökədə baş verən hadisələrə münasibət bildirərkən deyib: “Prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər. AKP-də birliyə, bərabərliyə zyan vuranlar artıq bu karvanının səmimi yolçuları deyillər. Bu qatardan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik”.
Türkiyən prezidenti Abdullah Gül
O, Türkiyənin 11-ci prezidenti Abdullah Gülü nəzərdə tutaraq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur. Qeyd edək ki, bir müddət əvvəl Abdullah Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib. Ərdoğan Gülün etirazının əsassız olduğunu bildirib. 11-ci prezident isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibət bildirəcəyini açıqlayıb.
Türkiyə siyasətində ikinci az əhəmiyyətli sayılmayan hadisə isə Ərdoğana müxalif olmuş Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeliyə təşəkkür etməsidir. O, MHP lideri ilə bir araya gəlib ölkənin problemlərini müzakirə etmələrinin təbii qarşılanmasını vurğulayıb: “Devlet Bahçelinin 2019-cu ildə keçiriləcək prezident seçkisində mənə dəstək verəcəyi barədə bəyanatına görə təşəkkür edirəm. Bizim yerimiz həmişəki kimi millətimizin yanıdır”. Yanvarın 8-də isə MHP sədri prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək barədə qərar qəbul edəcəklərini, başçılıq etdiyi partiyanın isə namizəd irəli sürməyəcəyini söyləmişdi: “MHP parlament seçkilərində ya ittifaq halında, bu olmazsa, özü təkbaşına iştirak edəcək. Prezident seçkisində isə Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyi qərara alacağıq”. Yanvarın 10-da Ərdoğanla Bahçelinin görüşü olacaq. Bu görüşdə onlar prezident seçkisi ilə bağlı məsələni də müzakirə edəcəklər. AKP-MHP əməkdaşlığı “Yerli və Milli İttifaq” adlanır. Tərəflər “2019+5” formulunu, yəni 2019-cu ildən sonra 5 il boyunca əməkdaşlıq edəcəklərini bildirəcəklər. Belə çıxır hakim partiya Abdullah Gülə “əlvida”, Bahçeliyə isə “salam” deyir.
Türkiyə milliətçilərinin tanınmış simalarından olan mərhum Möhsün Yazıçıoğlunun yaratdığı və uzun illər liderlik etdiyi milli-demokratik yönlü Böyük Birlik Partiyası da “Yerli və milli ittifaq” seçki blokuna qoşulacağını, prezident seçkisində Ərdoğanın namizədliyini dəstəkləyəcəyini açıqlayıb.
O zaman prezident seçkisi zamanı siyasi səhnə necə ola bilər? 2016-cı il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) 26-cı çağırış seçkilərinin rəsmi nəticələri belə olmuşdu: səsvermədə seçicilərin ümumi sayının 85,23 faizi iştirak etmişdi. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 49,6 faizini (parlamentdə 317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb. 2014-cü il avqustun 10-da keçirilmiş prezident seçkisində isə Rəcəb Tayyib Ərdoğan 21 milyon 871 səs (51,79 faiz), CHP və MHP-nin namizədi Ekmeleddin İhsanoğlu 15 milyon 588 min 58 səs (38,44 faiz), HDP sədri Selahattin Demirtaş 3 milyon 958 min 48 səs (9,7 faiz) səs toplamışdı. Onda Ərdoğanın namizədliyini Ana Vətən Partiyası dəstəkləmişdi. Ekmeleddin İhsanoğlunu isə CHP və MHP ilə yanaşı, Böyük Birlik, Demokrat, Demokratik Sol, Doğru Yol, Liberal Demokrat partiyaları və daha 6 siyasi təşkilat müdafiə edirdi. O zaman Rəcəb Tayyib Ərdoğana Türkiyənin Diyarbakır bölgəsində səsvermədə iştirak edən seçicilərin 33,48 faizi səs vermişdi. Bu əyalətdə onun əsas rəqibi sayılan Demirtaşa isə seçicilərin 64,17 faizi etimad etdiyini bildirmişdi.
2014-cü ildən Türkiyədə prezidentin səlahiyyət müddəti 7 ildən 5 ilə endirilib. Deməli, qarşıdan gələn daha iki ilə yaxın müddət ərzində dəyişikliklərin baş verəcəyi ehtimalı da az deyil. HDP siyasi partiya olaraq terrorçu PKK-nın ideyalarının sözdə ifadəçisi olduğunu, Türkiyəni parçalamaq istəyən separatçı mövqedən çıxış etdiyini gizlədə bilmədi. Onun başçısı S.Demirtaş isə bu kimi məsələləri dəstəklədiyi üçün həbs edilib. Düzdür, hələ onun barəsində məhkəmə hökm oxumayıb. Ancaq son ötən ilin sonlarında İraqın şimalındakı muxtariyyətin “müstəqilliklə bağlı keçirdiyi referendum” bu düşüncəni daşıyanların ideyasının həyata keçməsinin mümkünsüzlüyünü göstərdi. Bu isə Türkiyədə də HDP-nin nüfuzuna az zərbə vurmayıb. Son günlər bu partiya daxilində aparıcı fiqurların istefa verməsi və istefa verməsi tələbi HPD-nin zəifləyəcəyini ehtimal etməyə əsas verir. Belə bir halda həmin siyasi qüvvələrin namizədinin prezident seçkisində gücül rəqib olaması ehtimalını azaldır. Nəticədə həmin bölgədəki səslərin Rəcəb Tayyib Ərdoğanın lehinə olacağını proqnozlaşdırmağa əsas verir. Ona görə də ehtimal etmək olar ki, Rəcəb Tayyib Ərdoğan bu bölgədə səslərinin sayını 33,48 faizdən 40-50 faiz arası artıra bilər. Türkiyə prezidentinin son zamanlar bölgələrə səfərlərinin səslərə müsbət təsir edəcəyi də istisna olunmur.
İYİ Partiyanın sədri Meral Akşener
CHP isə hələlik namizədini tam açıqlamayıb. Ancaq sonuncu parlament seçkilərində topladığı səslər, partiyadaxili problemlər onun namizədinin prezident ola bilməyəcəyi ehtimalını azaltmır. Heç şübhəsiz, CHP-nin səslərinin azalmasına İYİ Partiyanın sədri Meral Akşenerin prezidentliyə namizədliyi də təsir göstərəcək. Ona görə də indiki şərtlər daxilində belə qənaətə gəlmək olar ki, HDP və CHP-nin itirəcəyi səslər, MHP-nin hazırkı səsləri AKP-nin liderinə veriləcək. Bu isə Ərdoğanın sonuncu seçkidə topladığından daha çox səs qazanacağı ehtimalını artırır. Bu məsələdə ona siyasi partiyalar deyil, keçmiş partiya yoldaşları və ya hökumət üzvləri, məsələn, Abdullah Gül, Ahmet Davudoğlu, Bülent Arınc kimi ciddi fiqurlar mane ola bilər. Hələlik isə onlardan yalnız biri - 11-ci prezident Abdulla Gül ölkənin siyasi həyatında baş verənlərə münasibət bildirəcəyini bəyan edib.Hazırda 2018-ci ilin əvvəlidir. İrəli sürdüyümüz proqnozun həyata keçməsinə təbii və faciəli hadisələr, bölgə və dünyadakı ciddi dəyişikliklər mənfi təsir göstərə bilər. Türkiyədə demokratiyanın inkişafı və həyata keçməsi həlledici amil olaraq qalır. Dövlətin inkişafı və gücü də ondan asılıdr. Çünki ən sadə çıxış yolunu demokratiya göstərir. Azad və ədalətli seçki isə onun prinsiplərindəndir.