Əmlak bazarında tələbat artımı bahalaşmağa təkan verib

Əmlak bazarında tələbat artımı bahalaşmağa təkan verib Bu vəziyyət təkcə ölkəmizə xas deyil, bütün dünyada pandemiya dövründə gözlənildiyi kimi kəskin qiymət azalmasının baş vermədiyi qeyd edilir
Analitika
227
16 Mart , 2021 14:05
Əmlak bazarında tələbat artımı bahalaşmağa təkan verib

Daşınmaz əmlak bazarında pandemiyanın səbəb olduğu ətalətin tədricən sovuşmasını ekspertlər həm karantin məhdudiyyətlərinin bir qədər yumşaldılması ilə yanaşı ipoteka kreditlərinin də geniş vüsət alması ilə əlaqələndirirlər. Bununla belə qəribə vəziyyət yaranıb: bazar həcmi tutalım, iki il əvvəlkindən xeyli az olsa da, mənzil qiymətləri yüksəkdir və artmağa davam edir.

Bu vəziyyət təkcə ölkəmizə xas deyil, bütün dünyada pandemiya dövründə gözlənildiyi kimi kəskin qiymət azalmasının baş vermədiyi qeyd edilir. Əksinə, bazar əvvəlki iqtisadi böhranlara nisbətən daha dayanıqlı çıxıb. Ekspertlərin qənaətincə, bunun səbəbi məcburi təcrid üzündən bir çoxlarının mənzillərinə təkcə gecə qalmaq məkanı kimi yox, gündəlik həyatın keçdiyi həm yaşamalı, həm də işləməli məkan olaraq görməyə başlamalarıdır.

Bu amil nəticəsində Bakıda daha çox şəhər kənarında, yaxud Abşeron kəndlərində fərdi evlər və bağ evləri bahalaşıb. İl ərzində sözügedən seqmentdə qiymət artımı orta hesabla 11 faizdir. Belə ki, karantin üzündən səyahətə çıxmaq, sərt lokdaunlar vaxtı isə şəhərdəki parklarda istirahət etməkdən məhrum olmuş paytaxt sakinləri çarəni şəhər kənarına köçməkdə gördülər ki, nəticədə sözügedən evlərə tələbat artdı. Bu meyl cari ildə də davam edir.

Hərçənd əmlak satıcılarının fikrincə, bazardakı qiymətlərin kəlləçarxa çıxmasının daha bir səbəbi də daha əvvəl karantin məhdudiyyətləri üzündən mənzil almaq planlarını təxirə salmış alıcıların bazara çıxmasıdır.

Həmçinin ipoteka kreditlərinin artması da bu məsələdə təsirli amildir. Belə ki, AMB-nin məlumatına görə, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun agent bankları təkcə cari ilin yanvar ayında 16,9 milyon manat həcmində ipoteka kreditləri veriblər ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə çoxdur. 2020-ci il ərzində isə 257,5 milyon manat həcmində, yəni 2019-cu ildəkindən 49 faiz çox ipoteka kreditləri ayrılıb. Həm də fond tərəfindən yeni ipoteka limitlərinin əksər hissəsi banklara yanvar ayının ortalarından çatdırıldığına görə, bazarda ən yüksək aktivliyin mart – aprel aylarında baş verəcəyini güman etmək olar. Hazırda həm köhnə, həm də yeni binalarda təmirli mənzillər daha çox bahalaşır.

Əmlak bazarındakı işgüzar fəallığın artmasının daha bir ənənəvi amili də neftin bahalaşmasıdır. Burada birbaşa asılılıq olmasa da, neft bahalaşdıqca işgüzar fəaliyyət artımına dair gözləntilər də artır ki, bu da əhalinin gəlirlərinin artmasına təkan verir. Daşınmaz əmlakın isə həm pulları yatırmaq, həm də (icarə yolu ilə) gəlir əldə etməyin ən etibarlı olmasa da, çox sabit vasitə olduğunu hamımız bilirik.

Hərçənd daşınmaz əmlak bazarında tələbat səngiməsə də, təklifi azalır ki, bunun da səbəbi koronavirus epidemiyası ilə yanaşı tikintiyə dair yeni qaydaların tətbiqidir. Belə ki, bir ha sahədə tikintisinə icazə verilən daşınmaz əmlakın sahəsi əvvəlki 40-50 min kvadratmetrdən 25-30 minədək azaldılıb. Odur ki, tikinti şirkətləri çəkdikləri ziyanı hazır binaların qiymətini artırmaqla doldurmağa çalışır. Üstəlik son illər maliyyə sənədlərinə dair nəzarətin sərtləşməsi nəticəsində gizli mühasibatlıqdan əl çəkmələri də əvvəllər çəkilməyən məsrəflər ortaya çıxardı. Nəticədə yeni tikinti layihələrilə bağlı məsrəflər 10-15 faiz artıb.

Sadalananlara əsaslanan ekspertlər tam olaraq obyektiv amillərlə bağlı olan bu qiymət artımının davam edəcəyinə şübhə etmirlər.

“Qarabağa sakinlərin qayıtmasına dair irimiqyaslı proqramların tətbiqilə əmlak bazarında fəallıq gözləyirik”.

Ramil Osmanlı

Daşınmaz əmlak eksperti

“Qiymət artımı həm də qarşıdakı mövsümi amillərin də yardımı ilə bundan sonra da davam edəcək. Üstəlik Qarabağın azad olunmuş ərazilərinə sakinlərin qayıtmasına dair irimiqyaslı proqramların tətbiqilə əmlak bazarında da gözlədiyimiz xeyli fəallıq səbəbindən qiymət artımı proqnozunu uzaq perspektivə də şamil etmək olar” – deyə daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib.

Tikinti işlərinin daha çox Qarabağda aparılması nəticəsində Bakıda təklif həcmi azalmaqla yanaşı tələbatda da müəyyən dəyişiklik yarana bilər. Belə ki, bir çox qarabağlılar ölkəmizin bu dilbər bölgəsində inşa olunacaq müasir, o cümlədən “ağıllı” şəhər və kəndlərdə ev almağa maraq göstərəcəyini yüksək ehtimalla gözləmək olar.

Nuru Quluyev - ekspert

Son xəbərlər

Orphus sistemi