"Azərbaycanın dövlət büdcəsinin kəsirini azaltmalı olduğu qənaətində deyiləm".
Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov “Moodys” Beynəlxalq Reytinq Agentliyinin son hesabatına aydınlıq gətirərkən bildirib.
Onun sözlərinə görə, dünya təcrübəsi və aktual iqtisad elmi onu deməyə əsas verir ki, iqtisadi inkişaf üçün büdcələrin müəyyən çərçivədə olmaq şərti ilə kəsirə malik olması normaldır: "Büdcə kəsiri və daxili borclama iqtisadi inkişafa xidmət edirsə, pul-kredit siyasəti seqmentləri uğurla idarə olunursa, bu siyasət iqtisadi inkişafa xidmət etməlidir. Buna görə də bir çox beynəlxalq qurumların tövsiyyə etdikləri xərclərin azaldılması və pul siyasətinin kəskinləşməsi, əslində iqtisadi inkişafa xidmət etmir və ölkənin iqtisadi rəqabət qabiliyyətliyini azaldır”.
Ekspert hesab edir ki, Azərbaycan hökumətinin son aylar ərzində həm büdcənin ümumən həcminin artırılması, həm də büdcə xərclərinin çoxaldılması ilə bağlı addımları məqsədə müvafiqdir və bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir: “Biz büdcə və qeyri-büdcə xərclərimizi artırmalıyıq. Çünki iqtisadi inkişaf investisiyaların artımı ilə bağlıdır. Biz investisiyaların daxili resurs bazası olan dövlət xərcləri və bank kreditlərini sıxsaq, azaltsaq, investisiya artımından söhbət gedə bilməz”.
Xarici investisiyalara gəldikdə, E. Məmmədov deyir ki, onlar çox vaxt konkret seqmentlərə yönəlir: “Milli iqtisadiyyatın maraqlarına deyil, xarici investorların maraqlarına xidmət edir. Buna görə də daxili investisiya resurs bazasının genişləndirilməsi büdcə ve qeyri-büdcə xərclərinin artırılması son dərəcə lazımlı istiqamətlərdir. Amma burada da bir şərt ondan ibarət olmalıdır ki, bu xərclərdə şəffaflıq, xərclərin real sektora çatması ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi mütləq şəkildə olmalıdır. Bunun üçün də aidiyyatı qurumların əlində bütün səlahiyyətlə var. Hesab edirəm ki, həmin qurumlar öz vəzifə borclarını dövlət başçısı tərəfindən qoyulan məsələləri lazımi səviyyədə yerinə yetirərlərsə, o zaman bununla bağlı problem olmayacaq. Ancaq investisiyalın və xərclərin artımı Azərbaycan iqtisadiyyatı üçün son dərəcədə mühüm məsələlərdir, vacib və lazımlı istiqamətlərdir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov
"Beynəlxalq reytinq agentlikləri xarici investorların, kredit verən təşkilatların maraqlarına uyğun reytinqlər tərtib edirlər".
Elşad MəmmədovAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert
Professor bildirib ki, Azərbaycanda həyata keçirilən vergi islahatları alqışlanmalıdır: “Bu siyasət dövlətin iqtisadi qüdrətinin genişlənməsinə xidmət edir. Amma pul kredit siyasətində vergi siyasətinin məntiqi davamı olaraq deyərdim ki, pul kredit siyasəti iqtisadi inkişaf baxımından büdcə vergi siyasətindən də önəmlidir. Çünki, büdcə vergi siyasətinin daha dar çərçivələri var. Amma pul kredit siyasətinin genişlənməsi üçün potensial daha çoxdur. Buna görə də aparılan büdcə vergi siyasəti və islahatlar təqdirəlayiqdir”.
O hesab edir ki, bunlar alqışa layiqdir: “Amma biz pul kredit siyasətində də bu islahatlara getməliyik. Çünki bunsuz dayanıqlı qabaqlayıcı iqtisadi artım çətin olacaq. Hesab edirəm ki, pul kredit siyasəti yumşaldılmalı və real sektora yönəlik investisiyalar artırılmalıdır”.
“Moodys” Beynəlxalq Reytinq Agentliyinin proqnozlarına şərh verən E. Məmmədov bildirib ki, bu agentliyin Azərbaycan iqtisadiyyatına verdiyi reytinq göstəriciləri bizim iqtisadiyyatın potensialını əks etdirmir: “Bu agentliklərin böyük əksəriyyəti ABŞ-da yerləşir. Onlar xarici investorların, kredit verən təşkilatların maraqlarına uyğun reytinqlər tərtib edirlər. Bu agentlik Azərbaycan və Azərbaycan kimi inkişaf etməkdə olan iqtisadi sistemlərin daha yüksək kredit faizləri ilə maliyyə resursları cəlb edilməsinə xidmət göstərən beynəlxlaq reytinq agentlikləridir. Bu reytinq agentliyi bizim milli iqtisadiyyatları deyil, öz iqtisadi və digər maraqlarını üstün tutacaq”.
Xatırladaq ki, “Moodys” Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələrində aparılan islahatların gedişatı və təsiri ilə bağlı hesabatında qeyd olunub ki, neft gəlirlərinin davamlılığını nəzərə alaraq iqtisadi diversifikasiya məqsədilə Azərbaycan hökuməti təşəbbüsünü yeniləyib.
"2016-ci ildə Azərbaycandakı durğunluğa baxmayaraq, yaxın zamanlarda qəbul edilmiş büdcə qaydaları siyasətin proqnozlaşdırılmasını artıracaq, qeyri-neft budcə kəsirini azaldacaq", - deyə proqnozda qeyd edilib.