Ekspert: "Pakistan hökuməti Azərbaycanla əməkdaşlığı yeni səviyyəyə çatdıracaq"

Ekspert: "Pakistan hökuməti Azərbaycanla əməkdaşlığı yeni səviyyəyə çatdıracaq" “Pakistandakı yeni hökumətin Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldıracağına inanıram”.
Analitika
125
14 Aprel , 2022 19:16
Ekspert: Pakistan hökuməti Azərbaycanla əməkdaşlığı yeni səviyyəyə çatdıracaq

“Pakistandakı yeni hökumətin Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldıracağına inanıram”.

Bunu “Report”a Pakistanın Dayanıqlı İnkişaf Qlobal Strategiya İnstitutunun (GSISD) banisi və icraçı direktoru Qeysər Nəvvab Pakistan Müsəlman Liqası Partiyasının lideri Şahbaz Şərifin baş nazir seçilməsinə münasibət bildirərkən deyib.

“Hazırda Pakistandakı siyasi vəziyyət qütbləşib. Ancaq yeni baş nazirin seçilməsi ilə siyasətdə və Konstitusiya ilə bağlı qeyri-müəyyənlik aradan qaldırıldı. Yeni hökumət sabitlik, yetkinlik, uzaqgörənlik göstərəcək. Yeni hökumətin başında ona yol göstərəcək təcrübəli siyasətçilərin olduğu nüfuzlu siyasi partiya var”, -  ekspert bildirib.

Ekspertin fikrincə, yeni hökumətin xarici siyasəti etimada söykənəcək: “Azərbaycanla, habelə Türkiyə ilə münasibətlərimizə gəlincə, artıq onillərdir bu münasibətlər “Üç qardaş” şüarı ilə qardaşlıq və mehribanlıq səciyyəsi daşıdığı üçün hökumət dəyişikliyi həmin ölkələrlə əməkdaşlıq əlaqələrimizə təsir etməz”.

Gənc Diplomatiya Forumunun (Young Diplomacy Forum) banisi və baş direktoru Müsəvvər Həmid Tənoli də baş nazir dəyişikliyinin Azərbaycanla əməkdaşlığa elə bir təsir göstərməyəcəyi qənaətindədir: “Pakistan-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək. Aramızda möhkəm tarixi tellər, xalqlarımızın təmasları unudulmamalıdır. Türkləri də, azərbaycanlıları da qardaş bilirik”.

Qlobal Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm də bildirib ki, yeni baş nazir və hökumət Azərbaycanı dost və müttəfiq ölkə hesab edirlər: “Hazırkı hökumət müxtəlif sahələrdə daha geniş əməkdaşlıq qurmağa çalışır. Belə ki, Pakistan region ölkələri ilə əlaqələri gücləndirməklə bağlı nikbindir. Bu da gələcəkdə Azərbaycanla ikitərəfli tərəfdaşlığımıza təkan verməklə birgə müəssisələrimiz üçün də yeni perspektivlər açacaq”.

Son xəbərlər

Orphus sistemi