Yuxarı

Ekspert: "Bu il Aİ-nin bütövlüyünün taleyi baxımından həlledici olacaq" - RƏY

Pavel Klaçkov: Şengen zonası son nəfəslərini alır

Bakı. 1 mart. REPORT.AZ/ "Avropa İttifaqının dağılma təhlükəsinin olmasının səbəbləri miqrantların nəzarətsiz axını və Avropada millətçilərin görünməmiş artımıdır". Bunu "Report"a açıqlamasında siyasi analitik Pavel Klaçkov Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı qarşıdan gələn referendum və avrotərəfdaşlığın mümkün dağılmasıyla bağlı məsələyə aydınlıq gətirərkən deyib.

"Aİ-nin dağılma ehtimalı barədə rəsmi tədbirlərdə, ictimai olaraq danışılır. Hər keçən gün daha çox siyasətçi Aİ-nin mövcudluğu məsələsini gündəmə çıxarır. Özü də əgər onların son bəyanatlarını təhlil etsək, demək olar, hamısı təşkilatın mövcudluğunu saxlaması üçün mübarizə aparmaq, səy göstərmək lazım gəldiyini qeyd edir. Əgər Aİ-nin mövcudluğunu qorumaq üçün mübarizə aparmaq, səy göstərmək lazım gəlirsə, deməli, təşkilat qeyri-sabitdir", - deyə P.Klaçkov bildirib.

Onun sözlərinə görə, bu gün Aİ ətrafında vəziyyət çox qeyri-sabitdir: "Avropada millətçilərin görünməmiş artımı müşahidə olunur. Bəzi ölkələrdə millətçi hisslər daha çox populyarlaşır".

O qeyd edib ki, millətçiliyin yüksəlişi qondarma qaçqın problemini daha da alovlandırıb: "Qaçqınların kütləvi axını, Avropa mədəniyyət ənənlərinə etnik və dini baxımdan yadların gəlişi həyəcanlı vəziyyət yaradır. Bunun nəticəsində Aİ-nin mövcudluğunun sual altında olduğundan, hakimiyyətə yeni millətçi qüvvələrin gələcəyindən danışırıq. Hətta elə görünür ki, 2016-cı il Aİ-nin bütövlüyünün taleyi baxımından həlledici olacaq, təşkilatın sonrakı illər, onilliklər üçün taleyini müəyyənləşdirəcək".

Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı qarşıdan gələn referendum barədə danışan politoloq bunun fundamental, həlledici önəm kəsb etdiyini vurğulayıb. Ekspert bu məsələnin tədqiqi ilə məşğul olduğunu bildirib: "İndi Britaniyada siyasi təşviqatda bir sıra maraqlı tapıntılar var. Məsələn, London dünyanın maliyyə paytaxtıdır, London güc deməkdir və Aİ-siz də keçinə bilər. Orada bu fikirdə olan şəxslərin sayı kifayət qədərdir".

Onun sözlərinə görə, referendumun yekunlarına əsasən Böyük Britaniyanın avroməkandan çıxacağı təqdirdə, Aİ-nin dağılması prosesi başlayacaq.

Politoloq hazırda Avropada miqrantların sayının milyona yaxınlaşdığını bildirib.

"Bu miqrasiya axınını tənzimləyən Dublin razılaşması artıq bu gün birmənalı qarşılanmır. Ona görə də onun yenidən işlənməsi, islahatlar barədə müzakirələr gedir. Amma bu işdə də onun rəqibi Böyük Britaniyadır. Bu baxımdan müqavilədə islahatlar aparılarsa, bu, britaniyalı baş naziri Devid Kemerona ciddi siyasi zərbə ola bilər", - deyə ekspert qeyd edib.

Şengen zonasının qorunması məsələsinə münasibət bildirən politoloq onun hazırda böyük təhlükə altında olduğunu bildirib.

"Bildiyim qədər, İsveç pasport nəzarəti olacağını elan edib, rəsmi Berlin bunu edəcəyiylə hədələyir, bir neçə ölkə isə bu fikri götür-qoy edir. Şengensiz, Avropada sərbəst hərəkət etmədən hər şey domino daşları kimi dağılacaq. Şengensiz Avropa İttifaqının mövcudluğunun mənası qalmayacaq. Şengen zonası son nəfəslərini alır, ümumiyyətlə, güclə nəfəs alır", - deyə ekspert vurğulayıb.

Ekspert Aİ-nin dağılması Avropa ölkələri arasında, əsasən də Şərqi və Mərkəzi Avropada təzadların güclənməsinə gətirib çıxaracaq. "Avropa İttifaqının süqutu dünya güc balansını çox dəyişəcək" - deyə P.Klaçkov fikrini yekunlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi