Yuxarı

Ekspert: "Böyük Britaniyanın Avropa İttifaqından çıxması bu təşkilat üçün vaxtlı minadır" - RƏY

Britaniyanın bu təşkilatdan çıxması Aİ-nin digər ölkələri üçün zəncirvari reaksiyaya səbəb ola bilər

Bakı. 24 iyun. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması qurumun digər ölkələri üçün zəncirvari reaksiyaya səbəb ola bilər. Çünki Aİ-nin bəzi ölkələrində avrotənqidçilər bu ziddiyyətlərdən istifadə edə bilər." 

Bu fikirləri "Report"a açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçin Böyük Britaniyanın referdum nəticəsində Aİ-dən çıxmasının mümkün nəticələri barədə danışarkən bildirib.

"Böyük Britaniya Aİ-nin üzvlüyündən çıxmasının iki çox mühüm aspekti - siyasi və iqtisadi nəticələri var. Özü də siyasi nəticələr daha çox ideoloji xarakter daşıyır. Çünki, bu, dövlətin milli səviyyədə Avropa İttifaqından çıxmaq qərarına gəldiyi ilk haldır, daha əvvəl belə hadisə yaşanmayıb", - deyə S.Pritçin vurğulayıb.

Ekspertin sözlərinə görə, Aİ genişləndirilmə yolu ilə gedərkən digər ölkələrdən fərqli olaraq, təşkilatda xüsusi statusa, öz valyutasına, güzəştlərə malik Böyük Britaniyadan belə hərəkət gözlənilmirdi.

"Məntiqi cəhətdən Aİ-nin digər üzvlərinə britaniyalıların İttifaqa qarşı olan iradları tam aydın deyil", - deyə elmi əmkdaş sözlərinə əlavə edib.

Onun fikrincə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması təşkilatın digər ölkələri üçün zəncirvari reaksiyaya səbəb ola bilər: "Bu mövzu bir çox siyasi rejimlər, ilk növbədə, Aİ tənqidçilərinin çoxluq təşkil etdiyi Hollandiya üçün əsas ola bilər. Bu, sanki nə vaxt partlayacağı bilinməyən vaxtlı minadır".

O qeyd edib ki, konkret prosedur qaydaları olmadığından hələlik Böyük Britaniyanın Aİ-dən necə çıxacağı məsələsi aydın deyil.

"Xalq referendumda səs verərək qərar qəbul edib. Amma bunun necə rəsmiləşəcəyi, prosedurun nə qədər vaxt çəkəcəyi, Şengen zonasından yekun çıxışın necə həyata keçiriləcəyi hələlik aydın deyil. Avropa İttifaqının mövcudluğu dövründə 50 il ərzində çox sayda razılaşma kompleksi yığılıb. Böyük Britaniya hansı razılaşmalarda tərəf olaraq qalacaq, hansı razılaşmalardan çıxacaq? Bax, bu məsələlərdə tam qeyri-müəyyənlikdir", - deyə politoloq bildirib.

"Böyük Britaniya bütün danışıqlarda və imzalanmış sənədlərdə birbaşa iştirakçı olduğundan onların Aİ çərçivəsindəki bütün razılaşmalardam intina edəcəyinə inanmıram. Əslində, bu proses fəlakətlə nəticələnə bilər, elə ilk növbədə, Böyük Britaniya üçün", - deyə S.Pritçin sözlərinə əlavə edib.

Britaniyanın Aİ-dən çıxamasının iqtisadi nəticələrindən danışan ekspert diqqətə çatdırıb ki, çıxış prosedurunun və onun baş verəcəyi müddətin qeyri-müəyyənliyi qlobal maliyyə bazarlarına təsirini göstərəcək.

"Avropa və dünya şirkətlərinin fəal istifadə etdiyi, maliyyə cəlb edilməsi baxımından ən böyük birjalardan biri kimi Londonun bundan sonra Aİ və Avropa şirkətləri üçün nə dərəcədə cəlbedici olduğu da məlum deyil. Təsadüfi deyil ki, məhz maliyyə sektoru və sahibkarlar fəal şəkildə Aİ-dən çıxışın əleyhinə idi. Çünki onlar Aİ-nin ən nəhəg maliyyə meydanı olan Böyük Britaniyanın Aİ-dən çıxışından sonra ziyana düşəcəklərini gözəl bilirdi", - deyə S.Pritçin bildirib.

Aİ-nin gələcəyi haqqında danışan ekspert onun genişlənməsi məsələsinin də böyük sual altında olduğunu deyib: "Bu gün "Şərq Tərəfdaşlığı" çərçivəsində əldə olunmuş nailiyyətlər, assosiasiyalar barədə razılaşmalar saxlanacaq. Amma yaxın 5 ildə bu istiqamətdə hansısa fəal hərəkət olacağına ümid bəsləməyə dəyməz. Ola bilsin, viza rejimində müəyyən güzəştlər qalsın. Digər ölkələrin bu seçkilərə reaksiyasının necəliyindən asılı olaraq, Avropa İttifaqının öz inkişafının institusional böhranını və "Brexit"in təsirini necə aradan qaldıra biləcəyi haqqında danışmaq olar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi