Ekspert: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşündən ciddi nəticə gözləməyə dəyməz" - RƏY

Ekspert: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşündən ciddi nəticə gözləməyə dəyməz" - RƏY "Ermənistanın mövqeyi substantiv danışıqların həyata keçirilməsinə imkan vermir"
Analitika
26 Aprel , 2017 17:51
Ekspert: Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşündən ciddi nəticə gözləməyə dəyməz - RƏY

Bakı. 26 aprel. REPORT.AZ/ Ermənistan Moskvada keçiriləcək Dağlıq Qarabağ üzrə danışıqlarda ölkədəki parlament seçkilərinin nəticələrinə istinad edəcək. 

Bu barədə "Report"a azərbaycanlı politoloq İlqar Vəlizadə aprelin 28-də baş tutacaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin danışıqlarını şərh edərkən bildirib.

"İş ondadır ki, bu görüş dekabrın sonlarına planlaşdırılmışdı, amma Ermənistanda parlament seçkiləri keçirildiyindən onu təxirə saldılar. Görüşü maraqlı edən cəhət onun Ermənistandakı seçkilərdən sonra ilk olmasıdır", - İ.Vəlizadə vurğulayıb.

Onun fikrincə, seçkilərin nəticələri yığıncaqda birbaşa əksini tapacaq. "Belə ki, Ermənistanın XİN başçısı ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinə və mövqeyi ilə bağlı ictimai ab-havaya istinad edəcək. Çünki Qarabağ məsələsi bu seçkilərdə xüsusi rol oynayıb", - ekspert əlavə edib.

Politoloqun sözlərinə görə, tərəflər tutduqları mövqelərdən uzaqlaşmaq istəmədiyindən bu görüşdən ciddi nəticələr gözləmək lazım deyil.

"Həmçinin Azərbaycan tərəfi Sankt-Peterburqdan sonra danışıqlar prosesinin gedişi ilə tamamilə razı deyil. Bizi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qaçqınların qaytarılması məsələlərinin prosesdən faktiki olaraq çıxarılması və ya ona dolayı yanaşılması razı salmır. Qarşı tərəf isə ATƏT-in Minsk qrupunun dəstəyini alaraq atəşkəs rejiminin gücləndirilməsi məsələsini müzakirə edir", - İ.Vəlizadə deyib.

Politoloq qeyd edib ki, danışıqlar prosesi təhlükəsizlik və qoşunların təmas xəttində monitorinq aparılması mövzusu ətrafında olarsa, proses mənasını itirəcək, çünki o, Vyana və Sankt-Peterburqda işlənib hazırlanan xətdən kənara çıxacaq.

"Digər tərəfdən, proses bütün istiqamətlərdə irəliləməli və sənədlərdə əksini tapmalı olduğu halda, elə hey substantiv danışıqlardan söhbət gedir. Ermənistanın mövqeyi - paket planı substantiv danışıqların aparılmasına imkan vermir, paket yanaşmanın dominantlığı şəraitində isə substantiv danışıqlar barədə danışmaq mənasızdır. Hesab edirəm ki, belə vəziyyətdə tərəflər danışıqlarda necə irəliləmək lazım olduğuna dair müzakirələr aparacaqlar", - ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi