Əfqanıstanda qeyri-müəyyənlik - güclənən “Taliban” - ŞƏRH

Əfqanıstanda qeyri-müəyyənlik - güclənən “Taliban” - ŞƏRH Son iki ayda “Taliban” silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsinə nəzarəti ələ keçirib
Analitika
12 İyul , 2021 14:11
Əfqanıstanda qeyri-müəyyənlik - güclənən “Taliban” - ŞƏRH

Son iki ayda “Taliban” silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsinə nəzarəti ələ keçirib. Bəs qruplaşmanın belə uğur əldə etməsi nə ilə əlaqədardır? ABŞ, Rusiya, İran və başqa dövlətlərin, BMT-nin terrorçu kimi tanıdğı bir təşkikata belə hörmət və etibar haradan yaranıb? “Taliban”ı Əfqanıstanda yenidən hakimiyyətə gətirirlər? ABŞ başda olmaqla NATO ilə onlara qarşı fəaliyyət göstərmiş Əfqanıstan vətəndaşları və ya hökumət adamlarının aqibəti necə olacaq? “Taliban“ Əfqanıstandakı milli məsələni həll edəcək? Bu qruplaşma ölkədə narkotik maddələrin becərilməsinin qarşısını ala biləcək? Əfqanıstanı düşdüyü bataqlıqdan xilas edəcək? “Taliban” vətəndaş həmrəyliyi və vətəndaş birliyi yaradacaq? və s. suallar yaranıb.

Xatırladaq ki, bu qruplaşma İslam dininə əsaslanan siyasi-ideoloji xətt yürütdüyünü iddia edir. Təşkilatın liderləri xaricdəki İslam dini liderlərinin fətva və məsləhətlərini qəbul etmədiklərini, “özlərinin dini üləmaları"nın olduğunu və onların hökm, qərar və məsləhətləri ilə fəaliyyət göstərdiklərini bildirirlər. Onların qənaətincə, xaricdəki İslam xadimləri “siyasətə qulluq edir”, “kənar qüvvələrə bağlıdırlar”. Bu baxımdan onların İslamının təcrid edilmiş vəziyyətdə olduğu qənaətinə gəlmək olar. Bu hal da perspektivdə Əfqanıstan üçün problem yarada bilər.

Yeri gəlmişkən, bu İslam hərəkatı 1994-cü ildə Əfqanıstanda yaradılıb. Puştuca “Taliban”ın mənası “tələbələr” deməkdir. 1996-2001-ci ildə Əfqanıstanı “Əfqanıstan İslam Əmirliyi” və 2004-cü ildən Pakistanın şimalındakı Vəziristan bölgəsində “Vəziristan İslam Dövləti” adı altında idarə edib. "Əfqanıstan İslam Əmirliyi"ni diplomatik olaraq Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Səudiyyə Ərəbistanı tanımışdı. Əgər 2001-ci il sentyabrın 11-dəki məlum terror hadisəsi baş verməsəydi, ABŞ da onu tanıya bilərdi. Ancaq həmin hadisədən sonra “Taliban” terrorçu təşkilat elan edildi. Bunun ardınca onun terrorçu “əl-Qaidə” və İŞİD-lə əlaqələrinə dair xəbərlər yayıldı. Düzdür, ara-sıra “Taliban”ın onlara qarşı olduğu, yaxud “tələbələr”lə onlar arasında silahlı münaqişələrin olduöuna dair xəbərlər də yayılırdı.

“Taliban” hakimiyyətdən gedən vaxtdan onunla danışıqlara ara verilməyib. Hətta qruplaşmanın Qətərin paytaxtı Dohada nümayəndəliyi belə fəaliyyət göstərib. ABŞ prezidenti Dolnald Tramp hakimiyyətə gələndən sonra Əfqanıstan məsələsi Ştatların gündəliyinin əsas mövzularından olub. Suriyadan çıxacaqlarını elan edən Tramp Əfqanıstanda da qalmayacaqlarını bildirmişdi. Cozef Bayden prezident seçiləndən sonra qoşunlarını Əfqanıstandan çıxarmağa başladı. Bununla belə, ABŞ minə yaxın hərbçisini bu ölkədə saxlayacağını da bildirir. Bayden Əfqanıstan prezidentinə yardım edəcəklərini də vəd edib. Bununla belə, “əfqan xalqı öz taleyini özü həll etməlidir” ismarışını da çatdırıb.

Son günlər isə İran və Rusiya terrorçu olaraq tanıdıqları qruplaşma ilə siyasi məsələləri də müzakirə ediblər. Hətta “Taliban”ın onlara vədlər verdiyi də gizli deyil. Deməli, regional və beynəlxalq güclər “Taliban”ın yenidən dirçəlməsinə razılıq veriblər. Başqa sözlə, ABŞ-la başlayan danışıqları Rusya və İran davam etdirib. Bu həm də perspektivdə vədlərinə əməl etməyəcəyi halda “Taliban”a qarşı daha genişmiqyaslı aksiyanın başlaya biləcəyini ehtimal etməyə əsas verir.

“Tələbələr” Əfqanıstana qonşu dövlətlərə təhlükə yaratmayacaqlarını bildirirlər. İŞİD-in ölkədə fəaliyyətinə imkan verməyəcəklərini vəd edirlər. Görünür, beynəlxalq ictimaiyyətə yeni və daha humanist "Taliban" təqdim edilir. Ancaq bu qruplaşmanın hakimiyyətdə olduğu illərdə Əfqanıstandakı vəziyyətlə bağlı yayılan xəbərlər buna şübhə ilə yanaşmağa vadar edir. “Taliban” Əfqanıstan hakimiyyətinə toxunmayacağını vəd edir. Bununla belə, ölkənin dövlət quruluşu barədə müzakirələr aparacağını bildirir. Belə ehtimal edilir ki, ABŞ ölkədən çıxandan 6 ay - 2 il ərzində Əfqanıstandakı hakimiyyət çökəcək. Yaxud perspektivdə ölkədə vətəndaş müharibəsinin davam edəcəyi istisna olunmur.

“Taliban” hakimiyyətdə olanda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan neft-qaz kəmərinin tikintisinə mane olurdu. Bu layihə ilə bağlı qruplaşma hələ ki fikir bildirməyib. “Taliban” hakimiyyətdə olduğu illərdə ölkənin puştun olmayan əhalisinə qarşı qəddar davranıb. Söhbət daha çox türklərə, yaxud türkdillilərə edilən təzyiqlərdən gedir. Özbəklər (4 milyon nəfər), hezarilər (xəzərilər) (3 milyon), türkmənlər (1 milyon) və başqa türklər Əfqanıstanın Bəlx, Cauzcan, Kunduz, Fəraib, Sari-Pol, Samanqan, Qor, Uruzqan, Bamian əyalətlərində, o cümlədən Xəzərəcat vilayətlərində, habelə şimal və şimal-qərb bölgələrində kompakt yaşayırlar. Türklərin lideri Rəşid Dostum sayılır. Yayılan məlumatlara görə, “Taliban” hücum edərsə, türklər Əfqanıstanın “özbək bölgəsini” “Cənubi Türküstan dövləti”ni elan edəcəklərini bildiriblər. Deməli, Əfqanıstanın əsas problemi sayılan milli məsələdə də “Taliban”ın əli boşdur. Bu isə hakimiyyətə gələcəkləri halda milli zülmün davam edəcəyini ehtimal etməyə əsas verir.

“Taliban”ın belə sürətlə irəliləməsinin səbəblərindən biri də çox güman vətəndaşların hakimiyyətə inamsızlığıdır. Ehtimal etmək olar ki, başqa alternativ olmadığına görə “tələbələr"ə üstünlük verirlər. Başqa sözlə, ölkədə hakimiyyət dəyişikliyinə “kim gəlir gəlsin, bunlar getsin” yanaşması qruplaşmanın güclənməsinə, yenidən hakimiyyətə gəlməsinə təkan verən amillərdəndir.

Beləliklə, Əfqanıstanı qarışdıranlar indi ya kənara çəkilir, ya da əvvəllər terrorçu olaraq tanıdıqları “Taliban”ın hakimiyyətə gəlməsinə "yaşıl işıq" yandırmaqla ölkəni yeni problemlər, böhranlarla üz-üzə qoyurlar. O zaman belə bir sual yaranır: Əfqanıstana əmin-amanlıq, rifah və sülh gətirə bilməyəcəkdinizsə, insanları bir-birinə niyə qırdırırsınız?

Yeri gəlmişkən, ABŞ Vyetnamda da 20 ilə yaxın qalıb, 2001-ci ilin sentyabrından da Əfqanıstandadır. Həmin tarixdə də Ştatların bu ölkədə qalmasının 20 ili tamam olacaq.

Əfqanıstan uzun illərdir ziddiyyətlərin toqquşduğu, problemlərin həll olunmadığı dövlət olaraq qalır. Dünyanın 652 min 860 kv. km-lik sahəsi, 38,04 mln nəfər əhalisi olan ölkədə qeyri-müəyyənlik hökm sürür. Bu şərait yeni siyasi hadisələrə başlanğıc, regiondakı dəyişikliklər üçün təkan, aparıcı güclərin yeni oyunu da ola bilər. Bütün hallarda Əfqanıstan yenidən çalxalanmağa başlayır.

Son xəbərlər

Orphus sistemi