Yuxarı
    Bağlamaq

    ​Düyünə düşən Suriya danışıqları - ŞƏRH

    Vəziyyətin uzun müddət belə davam etməsi proseslərin dünyanın başqa bölgələrində oxşar ssenari ilə təkrarlanacağı ehtimalını irəli sürməyə əsas verir

    Bakı. 2 fevral. REPORT.AZ/ Ötən ay dünyanın aparıcı gücləri və beynəlxalq təşkilatlar Suriyaya dair birgə müzakirə keçirə bilmədilər. Yanvarın 25-i və 29-na təyin edilən görüşlər ertələndi.

    Tərəflər bu toplantının fevralda keçiriləcəyinə ümid edirlər. Ancaq bu görüşdə nəticə əldə ediləcəyinə ümid azdır. Belə görüşlərdə tərəflər öz ev-eşiyindən qaçqın düşən, Avropaya sığınmaq üçün uzun məsafə qət edib, dənizlərdə batan insanların problemlərini həll etmək üçün iradə ortaya qoymaq əvəzinə, daha çox öz güclərini nümayiş etdirir, qarşısındakını istəklərinə tabe etdirməyə çalışırlar.

    Suriya üzrə danışıqlar ərəfəsində ölkədəki son vəziyyətə nəzər salaq.

    Suriyanın paytaxtı Dəməşqdə törədilən son terror aktları nəticəsində 76 nəfər ölüb, 110 nəfər yaralanıb. Partlayış ölkə paytaxtının Seyyidə Zeynəb məhəlləsində törədilib.

    Rusiya Suriyada bombardmanlara başlayandan sonra qanlı hadisələrin və qaçqınların sayı artmaqdadır. 2015-ci ilin sentyabrın 30-dan bu il yanvarın əvvələrinədək olan müddət ərzində Moskvanın əməliyyatları nəticəsində 135-i uşaq, 115-i qadın olmaqla, 1 730 dinc suriyalı həlak olub. Rusiyanın hava zərbələri nəticəsində onlarla məktəb, ibadət yeri, infrastruktur, 29 xəstəxana dağıdılıb.

    Məlumatda bildirilib ki, Kremlin qırıcıları 100 gün ərzində Suriyada 12 min dəfə hava həmləsi edib.

    Suriya Müxalifət və İnqilabçı Güclər Milli Şurasının məlumatına əsasən, terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirdiyini iddia edən Rusiyanın hava zərbələrinin 94 faizi mülki sakinlərin yaşadığı yerlərə endirilib. Şura vurğulayıb ki, Moskvanın keçirdiyi əməliyyatlar nəticəsində Suriyanın Lazkiya, Humus, Hama və Hələb şəhərlərindən 500 min suriyalı öz evindən qaçqın düşüb.

    Müxalifət Rusiya hərbçilərinin Suriyadan çıxmasını və ölkənin gələcəyinin müəyyənləşdirilməsini suriyalıların iradəsinə buraxılmasını tələb edib.

    Suriyanın mühasirədə olan Maday şəhərində yanvar ayında 16 nəfər aclıqdan ölüb. Hazırda bu şəhər Rusiyanın müdafiə etdiyi Bəşşar Əsəd, İran və "Hizbullah" silahlılarının mühasirəsindədir.

    Təşkilatın məlumatında bildirilib ki, Suriya ərazisində 1,5-2 milyon sakin Bəşşar Əsəd, İran, "Hizbullah" və başqa silahlıların mühasirəsində olan şəhərlərdə qalıb.

    Bu şəhərdə 20 min sakin çox ağır vəziyyətdədir, orada həkim yoxdur.

    BMT-nin Suriyada humanitar fəaliyyət üzrə əlaqələndiricisi Yakub Hellunun sözlərinə görə, Suriyada ucqar və çətin əlaqə qurulan ərazilərdə 4,5 milyon nəfər yaşayır ki, onlardan 400 mini mühasirədə olan 15 rayonun payına düşür.

    BMT-nin Suriyada humanitar fəaliyyət üzrə əlaqələndiriciləri Yakub Hellu və Kevin Kennedinin sözlərinə görə, Madayda hazırda 42 minə yaxın insan qalma

    qdadır, onlar aclıqdan ölürlər. BMT-nin etibarlı mənbədən əldə etdiyi məlumata əsasən, insanlar acından ölür, şəhəri tərk etmək istədikləri zaman isə onları öldürürlər.

    Suriyanın Humus şəhəri ətrafındakı 6 rayonun 50 mindən çox türkmən sakini aclıq təhlükəsi ilə üz-üzədir. Rusiya qırıcılarının bombardmanları, Bəşşar Əsəd rejimi, Livan "Hizbullah"ı və İran silahlılarının basqınları nəticəsində öz yurdlarından didərgin düşən türkmənlər Livandakı qaçqın düşərgələrinə yerləşdirilsələr də, sağ qalmaq uğrunda mübarizə aparırlar.

    Humusda 2011-ci ildə başlayan savaşdan öncə 400 min türkmən yaşayırdı.

    Suriya Türkmən Cəbhəsinin komandirlərindən Firas Paşa bildirib ki, ölkədəki 3,5 milyondan çox türkmən çətin vəziyyətdədir. Onun sözlərinə görə, türkmənlər Rusiya, Bəşşar Əsəd, "Hizbullah", İŞİD və kürd silahlıları tərəfindən soyqırıma məruz qalırlar.

    Türkmənlərin yaşadıqları bölgələri bombalayan Rusiyaya məxsus hərbi təyyarələr yenə Türkiyənin hava sərhədini pozub. Kreml isə yenə müxtəlif bəhanələr irəli sürür.

    Ona görə də Türkiyənin Hərbi Hava Qüvvələrinə sərhəd pozucuları ilə bağlı "narıncı" siqnal komandası verilib. Başqa sözlə, sərhədi pozan istənilən ölkəyə məxsus hərbi təyyarə vurulacaq. Məsələ ilə NATO da narahatlığını ifadə edib.

    Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanın apardığı siyasətin ilk növbədə Moskvanın özü üçün təhlükəli olduğunu vurğulayıb: "Moskvaya bir daha xəbərdarlıq edirik. Rusiya bütün ölkələrin, o cümlədən Türkiyənin hava sərhədlərinə hörmət etməlidir".

    Bu ərəfədə terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-yə ("Demokratik Birlik Partiyası") Rusiyanın "Strela" tipli raketlər verdiyi haqda da məlumat yayılıb.

    Qərb tərəfindən qəbul olunan müxalifət görüşünün keçirilməsi ilə bağlı Maday başda olmaqla, Bəşşar Əsəd rejiminə bağlı qüvvələrin nəzarəti altında olan ərazilərdə dinc əhalinin yerləşdiyi bölgələrə basqınların dayandırılması, siyasi məhbusların azad edilməsi kimi şərtləri irəli sürüb.

    Rusiya və Bəşşar Əsəd rejimi isə heç bir ön şərt irəli sürülmədən birgə toplantı keçirilməsini vurğulayırlar.

    ABŞ prezidenti Barak Obamanın səlahiyyətli nümayəndəsi Brett Mak Kurk Suriyanın Ayn əl-Ərəb (Kobani) şəhərində "PYD"nin tərkib hissəsi sayılan "YPG"nin ("Xalq Müdafiə Birliyi") başçılıq etdiyi Demokratik Suriya Birliklərinin üzvləri ilə görüşərək, ölkədəki vəziyyəti və İŞİD-ə qarşı mübarizənin gedişini müzakirə edib.

    Belə bir vəziyyətdə Suriyadakı vəziyyətin müzakirə olunması və ondan çıxış yollarının aranması isə hələlik mümkünsüz görünür.

    Tərəflər irəli sürdükləri iddiadan geri çəkilmir. Rusiya və İran Bəşşar Əsəd rejiminin mövqeyini ötən illərlə müqayisədə bir az da gücləndirib. İŞİD-ə qarşı deyil, daha çox müxalifətə qarşı mübarizə aparılır. Rusiya yaranmış vəziyyətdən sui-istifadə edərək, bölgədəki Türkiyəyə qarşı silahlılarla əməkdaşlığı genişləndirməkdədir. Bununla həmin silahlılara yardım məsələsində Qərblə yarışa da girib.

    Odur ki, ölkədəki mövcud vəziyyəti belə xarakterizə etmək olar:

    - Rusiya və İran üzdə Bəşşar Əsədi göstərərək, bunu bəhanə edərək Suriyada güclənmək niyyətindədir və bu istiqamətdən geri çəkilmirlər;

    - Moskva və Tehran Türkiyəyə qarşı olan silahlı qruplaşmaları dəstəkləməklə perspektivdə Suriyada yaranması ehtimal olunan hakimiyyətə qarşı yeni problemlər yaratmaq niyyətindədir;

    - İqtisadi vəziyyəti gündən-günə ağırlaşan, zamanına görə, I Dünya savaşı vəziyyətini yaşayan Rusiya Suriyada öz gücünü göstərməklə onunla hesablaşılmasına cəhd göstərir;

    - Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən İran da müəyyən mənada post-Əsəd dövrünə hazırlaşır;

    - Tehran İsraillə həmsərhəd olan Suriyada qalmaq və orada möhkəmlənmək niyyətindədir;

    - ABŞ başda olmaqla, Qərb dövlətləri də hələlik birlik nümayiş etdirə bilmir, bir sıra hallarda ya Türkiyə, ya da Rusiyanı qınayırlar;

    - Qərbin Suriya və İraqla bağlı hazır və əhatəli proqramının olmadığı görünür;

    - Uzun illərdir İraq və Suriya ərazisindən Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi təhdid edilir. Bunun qarşısını almaq üçün Ankara bölgədə baş verənlərə beynəlxalq ictimaiyyətin daha obyektiv yanaşmasını istəyir;

    - Ərəb dövlətləri isə Suriya və İraq məsələsində İran və Rusiyaya qarşı kəskin addımlar atmaqda çətinlik çəkirlər və s.

    Beləliklə, Suriya məsələsində hərə öz əlinə oynayır. Böyük güclərin öz maraqlarını güdməsi nəticəsində ölkə ilə bağlı danışıqlar düyünə düşüb. Ona görə də belə vəziyyətin uzun müddət davam etməsi proseslərin dünyanın başqa bölgələrində oxşar ssenari ilə təkrarlanacağı ehtimalını irəli sürməyə əsas verir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi