Düşmənin ekoloji terroru - Almaniya şirkətinin ermənilərlə əməkdaşlığı - ŞƏRH

Düşmənin ekoloji terroru - Almaniya şirkətinin ermənilərlə əməkdaşlığı - ŞƏRH Azərbaycan öz torpaqlarını işğaldan təmizləməklə dostlarını və düşmənlərini bir də tanıdı.
Analitika
348
30 İyun , 2021 13:41
Düşmənin ekoloji terroru - Almaniya şirkətinin ermənilərlə əməkdaşlığı - ŞƏRH

Azərbaycan öz torpaqlarını işğaldan təmizləməklə dostlarını və düşmənlərini bir də tanıdı. Məlum oldu ki, işğal altındakı torpaqların minalardan təmizlədiklərini iddia edənlər Azərbaycan ərazilərini minalayanlara kömək göstərib və ermənilər üçün mühəndis-istehkam qurğularının tikintisində iştirak ediblər.

Deməli, üzdə ədalətdən danışıb vasitəçilik edənlərin maskası yırtıldı. Həmin dövlətlərə aid şirkətlər, iş adamları Azərbaycan torpaqlarının qanunsuz istismarı nəticəsində topladıqları var-dövlətdən öz ölkələrinin büdcəsinə vergi ödəyiblər. Həmin pulların mənbəyi barədə heç bir dövlət qurumu, vətəndaş cəmiyyəti onlardan hesab tələb etməyib. Sanki başqa dövlətlərin ərazilərində quldurluq etmək, yaxud işğalçı Ermənistanla birləşib Azərbaycan torpaqlarına ziyan vurmaqla milyonlara sahib olmaq həmin şirkətlərə tapşırıq kimi verilib. Əks halda, atdıqları qanunsuz əməllərə görə onlar öz dövlətlərində məsuliyyətə cəlb edilə, yaxud hesabat tələb olunardı.

Azərbaycan sərvətlərinin talan edilməsi

Azərbaycan torpaqları işğal altında olanda Kəlbəcər rayonunun təbii sərvətləri, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar edilən Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 22 il Ermənistan və havadarları ilə birlikdə talan edilib. 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan başqa, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın “İndian Sterlite Gold Ltd” şirkəti olub. ABŞ-a məxsus “Global Gold Armenian Ltd” şirkəti də bu istiqamətdə ermənilərin əsas həmkarlarından biri idi. ABŞ istehsalı olan yüzlərlə müxtəlif “Caterpillar” maşınları, ABŞ-ın “John Deere” və Almaniyanın “Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı texnikası, o cümlədən traktorlar, Belarusun “MT3-82,3” modelli traktorları, həmçinin digər texnikalar mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və infrastrukturun qurulmasında qeyri-qanuni istifadə olunub. İran bankı “Bank-e Mellat”ın Yerevan filialı da 2016-cı ilin aprelində separatçılara böyük məbləğdə maliyyə yardımı göndərmişdi.

Ermənilərin ekoloji terroru

Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadrat kilometrdir. Bu çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksik tullantıları, eyni zamanda həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa Oxçuçaya axıdılması çayda ağır metalların normadan dəfələrlə artıq qeydə alınmasına səbəb olur. Təəssüf ki, bu şirkətin fəaliyyəti nəticəsində Ermənistandan Azərbaycan ərazisinə axan Oxçuçay sənaye tullantıları ilə çirklənir. Əslində, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylara nisbətən daha yüksəkdir. Çayda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə, nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Martın əvvəllərində çayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb. Həmin günlərdə çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması aşkarlanıb. Oxçuçayın suyundan suvarmada da istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar zəhərlənib. Onun suyu ilə yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına tökülə bilər.

Qeyd edək ki, Oxçuçay Azərbaycan və Ermənistan ərazilərindən axır. O, Arazın sol qoludur. Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 83 km, hövzəsinin sahəsi 1 175 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Axımı qar (46 faiz), yağış (10 faiz) və yeraltı sulardan (44 faiz) əmələ gəlir, su sərfi 8,90 kub m/san-dir. İllik axımının 40 faizi yaz, 43 faizi yay, 10 faizi payız, 7 faizi isə qış fəslində keçir. Suvarma işlərində istifadə olunur. Ermənistan ərazisində çay Voxçi adlanır.

Düşmənlə birlikdə Azərbaycana zərər vuran şirkətlər

Zəngəzur kombinatı həm də Ermənistanın ən böyük vergi ödəyicisidir. Müəssisə dövlət büdcəsinə təkcə 2012-ci ildə 60,9 milyon dollar məbləğində vergi ödəyib. Ermənistanda fəaliyyət göstərən və Azərbaycana ziyan vuranlardan biri də Almaniyanın “Cronimet” şirkətidir. Bu şirkətin sahibi Almaniya vətəndaşı Hunter Pilarskidir. O, Zəngəzur mis-molibden kombinatının və Yerevan təmiz dəmir zavodunun səhmlərinin bir hissəsinin sahibidir. Şirkət 10 ildən çoxdur Ermənistan bazarında fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, “Cronimet” şirkəti Azərbaycan ekologiyasına qarşı terrorda iştirak edir. “Cronimet Holding” 1980-ci ildə Almaniyanın Karlsrue şəhərində qurulub. Faydalı qazıntıların, metalların hasilatı, emalı və satışı ilə məşğul olur. 2018-ci ildə illik dövriyyəsi 2,8 milyard dollar təşkil edib.83 yaşlı Hunter Pilarski 40 ildir şirkətə rəhbərlik edir. Onlar 1996-cı ildən Ermənistanda dağ-mədən sektorunda fəaliyyət göstərirlər. 2004-cü ildə Zəngəzur kombinatı özəlləşəndə “Cronimet” müəssisənin səhmlərinin 60 faizinə yiyələnib. Şirkət Afrika və Asiyanın onlarla ölkəsində də fəaliyyət göstərir. Hunter adı Ermənistan tərəfindən satın alınan erməni lobbiçiləri siyahısında da var. Bu barədə “The USA Tribune” jurnalında yazı dərc edilib. “Cronimet”in adı Ermənistanın rəhbərləri ilə müxtəlif qalmaqallarda hallanır. Şirkətin gizli sahiblərindən biri də Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, ölkəsinin Vatikandakı keçmiş səfiri Mikael Minasyandır. Serj Sarqsyan Hunterlərin yardımı ilə Qarabağı talan edərək milyardlara sahib olub. Başqa sözlə, Almaniyanın bu şirkəti Serj Sarqsyanın qanunsuz varlanmasına dəstək olub, onun törətdiyi cinayət əməllərində iştirak edib. 2018-ci ilin noyabrında Pilarski Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Hökumət başçısı ona və şirkətinə fəaliyyətində uğurlar arzulayıb. Deməli, o, Azərbaycan torpaqlarının çirklənməsində Paşinyanla da əməkdaşlıq edib.

Ekologiya bir dövlətin daxili işi deyil. Bu baxımdan Almaniya şirkətinin Azərbaycan torpaqlarında ekoloji terrorla məşğul olmasına hakimiyyətə gəlmək uğrunda mübarizə aparan Almaniyanın Yaşıllar Partiyasını da narahat etməli idi. Belə ehtimal edilir ki, bu ilin sentyabrında AFR-də keçiriləcək parlament seçkilərində bu partiyanın və onun lideri Annalena Berbokun hökuməti qurmaq, ona başçılıq etmək şansı var. Bir neçə ay əvvəl aparılan sorğuların nəticələrinə əsasən, onun partiyası hakim mühafizəkar Xristian Sosial Demokrat - Xristian Sosialist İttifaqından 3-5 faiz irəli idi. Ancaq bu günlərdə keçirilən sorğuların nəticələrinə əsasən, “Yaşıllar” geriləməyə başlayıb. Sonunucu soruğulara görə, hakim Xristian Demokratlar Partiyasının lideri Armin Laşetə seçicilərin 29 faizi, Sosial Demokratlar Partiyasının sədri Olaf Şoltsa respondentlərin 26 faizi səs verəcəklərini bildiriblər. “Yaşıllar” isə bu sorğuda 12 faiz geriləyərək 16 faiz səs toplayıb. Bununla belə, təşkilatın Cənubi Qafqazda ekologiyanın, ətraf mühitin qorunmasına diqqət ayıracağına ümid edilir. “Cronimet”in təkcə ekologiyanı çirkləndirməsinə deyil, həm də ətraf mühitə vurduğu ziyan nəticəsində Almaniyanın dövlət büdcəsinə köçürülən çirkli pullara da “Yaşıllar”ın diqqət ayıracağı istənilir. Hakim XDP/XSİ koalisiyasının “Cronimet”i indiyədək cəzalandırmaması təəccüb və təəssüf doğurur. Belə çıxır ki, Almaniyada çirkli pulların dövlət büdcəsinə axmasına göz yumulur. Nəzərə almaq lazımdır ki, bu pullar milyonlarla canlının məhv olması, ətraf mühitin çirklənməsi və insan həyatına təhlükənin yaranması hesabına əldə edilir. Görəsən, ATƏT-in Minsk qrupunun fəal üzvü olan Almaniya bu qədərmi ədalətsizdir?

Son xəbərlər

Orphus sistemi