Dünya iqtisadiyyatında növbəti böhranın əlamətləri müşahidə edilir - ANALİTİKA

Dünya iqtisadiyyatında növbəti böhranın əlamətləri müşahidə edilir - ANALİTİKA ABŞ iqtisadiyyatının əsas göstəricilərindən biri sayılan “S&P 500” indeksi ötən ay 7%-ə yaxın azalıb.
Analitika
3 İyun , 2019 13:15
Dünya iqtisadiyyatında növbəti böhranın əlamətləri müşahidə edilir - ANALİTİKA

ABŞ iqtisadiyyatının əsas göstəricilərindən biri sayılan “S&P 500” indeksi ötən ay 7%-ə yaxın azalıb.

İlk baxışdan bunu ABŞ-Çin ticarət müharibəsi ilə əlaqələndirmək mümkündür, lakin məsələ bir o qədər də sadə deyil.

Bir çox iqtisadi göstəricilər növbəti iqtisadi böhran dövrünə yaxınlaşdığımız qənaəti yaradır. Onun siqnalları isə həm ABŞ və Avropadan, həm də Çindən gəlir. Gəlin həmin göstəricilərə nəzər salaq:

1) Uzunmüddətli faiz dərəcələri qısamüddətli faiz dərəcələrindən azdır - Normal iqtisadi inkişaf dövründə uzunmüddətli (5-30 illik) dövlət istiqrazlarının illik faiz dərəcələri qısamüddətli (1-12 aylıq) dövlət istiqrazlarının illik faiz dərəcələrindən yüksək olur. Yəni, uzunmüddətli investisiya daha riskli sayıldığından gəlirlik də yüksək olmalıdır. Mərkəzi Bankların uçot dərəcələri ilə tənzimlənən qısamüddətli faiz dərəcələri isə nisbətən aşağı olmalıdır. Biznes dövrünün sonuna doğru inflasiyanı nəzarətdən buraxmamaq üçün tənsimləyici qurumlar faizləri artırırlar. Digər tərəfdən, bazarın tənzimlədiyi və iqtisadiyyatın gücünü göstərən uzunmüddətli faizlər azalmağa başlayır. Paralel gedən bu iki proses uzunmüddətli faizlərin qısamüddətli faizlərdən az olmasına gətirib çıxarır. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) məlumatlarına görə, 10 illik və 3 aylıq faiz dərəcələri arasındakı fərq artıq mənfidir (3 aylıq faiz dərəcəsi 10 illikdən daha çoxdur). Boz xəttlər ABŞ-da böhran dövrünü göstərir və hər bir böhrandan əvvəl bu fərq mənfi olub. 

  • Mənbə: FED

2) Zəif işsizlik və istehlakçı optimizmi - Adətən iqtisadi böhrandan əvvəl insanlarda optimizm yüksək səviyyədə olur, onu zəif işşizlik göstəriciləri dəstəkləyir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığl rəqəmlərə görə, hazırda dünyada istehlakçı optimizmi indeksi 2000-ci və 2008-ci ildəki iqtisadi böhranlardan əvvəl qeydə alınmış göstəriciləri üstələyir. 

  • Mənbə: OECD

Məsələn, hazırda ABŞ-da əmək qabiliyyətli əhalinin cəmi 3,6%-i işsizdir və bu rəqəm getdikcə azalmaqdadır. Məşğulluqla bağlı vəziyyət yüksək iqtisadi inkişafdan və inflyasiyanın sürətləcəyindən xəbər verir. Odur ki, FED-in uçot dərəcəsini artıracağını gözləməliyik. Bununla belə, qurumun Açıq Bazar Əməliyyatları Komitəsinin son iclasında faizlərin artırılmayacağı barədə siqnal verilib. İnvestorlar isə faizlərin ilin sonuna qədər azaldılacağı ehtimalının 94% olduğunu bildirirlər. Bu paradoks iqtisadi böhran gözləntiləri ilə bağlı ola bilər.

3) Rekord borclanma – ABŞ-ın özəl sektorunun borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti rekord səviyyədədir. Adətən bu göstərici artanda korporativ iflaslar çoxalır və bu domino effekti yaradaraq maliyyə təşkilatlarına da təsir edir. 

Çində isə vəziyyət bir qədər fərqlidir. Bu ölkənin dövlət borcunun ÜDM-ə nisbəti 50% ətrafında olsa da, bu göstəricinin qeyri-rəsmi olaraq 300%-ə çatdığı bildirilir. Çinin iqtisadi inkişafı borc hesabına ixrac üzərində qurulduğu üçün bu rəqəmlər təhlükəlidir. Çünki bu ölkədə iqtisadiyyat əlavə götürdüyü borcu qaytarmağa qadir deyil. Korporativ iflasların artacağı təqdirdə Çin iqtisadiyyatı çökə bilər və bu proses gedir. “Bloomberg” agentliyinin məlumatına görə, 2018-ci ildə Çində korporativ iflasın dəyəri 4 dəfə artaraq 120 milyard yuana - rekord həddə çatıb və bu tendensiya 2019-cu ilin I rübündə də davam edir. 

Onu da nəzərə almaq lazımdır ki, Çinə kapital axını dayanıqlı deyil, həm yerli, həm də xarici investorlar çətinlik hiss etdikdə vəsaitlərini ölkədən çıxarırlar. Bu isə Çinin milli valyutasının dəyərdən salır və ölkənin iqtisadi problemlərini bir az da dərinləşdirir.

FED-in rəhbəri Cerom Paulein fikrincə isə, hazırkı korporativ borc maliyyə sabitliyi üçün təhlükə deyil. Baxmayaraq ki, 2007-2008-ci illərin iqtisadi bohranından əvvəl FED—in o vaxtkı rəhbəri Ben Bernanke də nikbin açıqlamalar verərək ölkənin maliyyə sisteminin güclü kapitallaşmaya və infrastruktura malik olduğunu demişdi.

Qeyd olunanlar göstərir ki, hazırda baş verən ticarət müharibələri böhrana aparan prosesləri sürətləndirə bilər. Dünya, o cümlədən ABŞ iqtisadiyyatının inkişaf tempinin indiki səviyyədə qalması getdikcə çətinləşir. 

Nəriman Yaqubov

Son xəbərlər

Orphus sistemi