Dünya bazarlarında pambığa tələbat kəskin artır - ANALİTİKA

Dünya bazarlarında pambığa tələbat kəskin artır - ANALİTİKA Son dövrlərdə neftin qiymətinin artımı pambığa tələbat baxımından pozitiv siqnal hesab olunur
Analitika
137
24 İyul , 2018 15:26
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Dünya bazarında pambığın qiyməti uzun müddətdir artım trendi nümayiş etdirir. 2017-ci ilin sonunda olan qiymət durğunluğu nəzərə alınmasa demək olar ki, artıq iki ildir pambığın qiyməti artım trendindədir. 

"Report" Analitik Qrupu qeyd edir ki, may ayından başlayaraq pambıq fyuçers müqavilələri Nyu-York Fond Birjasında 4 illik ən yüksək həddə - 1 funt üçün 90 centə qədər ticarət olunur (1 kq - 1.91 USD və ya 3.25 manat). Təxmini hesablamalara görə, Azərbaycan fermerləri tərəfindən yetişdirilən və bir kiloqramı 60 qəpiyə pambıq zavodlarına təhvil verilən məhsul, dünya bazarlarında 1 manatdan artıq qiymətə satıla bilər.

Hazırda "Cotlook A" indeksi (pambıq qiymətlərinin indeksi) 2.083 səviyyəsində dayanır, bu da keçən ilin sonunda olan 1.8 göstəricisindən xeyli çoxdur.

ABŞ bazarında pambığın qiymətini dəstəkləyən səbəb Texasda havanın həddindən artlıq isti və quru keçməsidir. ABŞ pambıq bazarının 12-13 faizini təmin edən Texas istilərin davam edəcəyi təqdirdə gözlənilən məhsulu verməyəcək. Digər tərəfdən, daha bir pambıq istehsal edən ştat - Georgia tropikal qasırğa və şiddətli yağışlar səbəbi ilə məhsul gözləntilərini aşağı salır. Bu isə ABŞ daxili bazarında təklifin aşağıya düşəcəyi gözləntilərini artırır.

Digər tərəfdən, Çinin Xinjiang bölgəsində havaların soyuq keçməsi məhsuldarlığı aşağı salır. Avstraliyanın məhsuldarlığı isə Kuinsland bölgəsindəki suvarma problemləri ilə bağlı aşağı düşə bilər. Eyni zamanda, dünyanın ən böyük pambıq istehsalçısı olan Hindistanda da təklif aşağı düşməyə başlayıb. Təklif azalması fonunda isə tələbin artması müşahidə edilir. Son dövrlərdə neftin qiymətinin artımı, pambığa tələbat baxımından pozitiv siqnal hesab olunur. Bu isə neftlə istehsal edilən naylon və polyester kimi sintetik liflərin qiymətlərinin bahalaşması ilə bağlıdır. Eyni zamanda, dünya iqtisadiyyatında illik böyümə imkanlarının artması pambığa olan tələbi də dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, cari ildə Azərbaycanda 140 min hektarda pambıq əkilib. İyul ayının əvvəlində havaların həddindən artıq isti keçməsi, elektrik enerjisində olan problemlərə görə suvarmanın geçikməsinin məhsuldarlığa mənfi təsir edəcəyi gözlənilsə də, bu il ortalama olaraq hər hektar üçün 2017-ci ildən (ortalama 1450 kq) daha çox məhsul əldə olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi