Yuxarı

Bu gün dolların məzənnəsinə təsir edəcək iki vacib xəbər açıqlanacaq

Nəticədə, dollar/avro cütlüyünün məzənnəsi 1,10 USD/EUR-a qədər enə bilər

Bakı. 27 may. REPORT.AZ/ Bu gün ABŞ dollarının qlobal valyuta bazarında məzənnəsinin hərəkətinə təsir edəcək iki mühüm xəbərin açıqlanması gözlənilir. "Report" xəbər verir ki, əsas xəbər Federal Ehtiyat Sisteminin (FES) sədri Janet Yellenin Harvard Universitetində çıxışı zamanı iyun ayındakı iclasda uçot dərəcəsinin mümkün artırılmasına dair fikirləri ilə bağlı olacaq. Belə ki, FES üzvlərinin əksər hissəsi iyun və ya iyul iclasında uçot dərəcəsinin artırılması fikrini dəstəkləyiblər. J.Yellenin bu gün ABŞ iqtisadiyyatı barədə müsbət rəy səsləndirməsi və yaxın iclaslarda faiz artımına etiraz etməməsi kimi fikirləri maliyyə bazarlarında dəqiq fikrin formalaşmasına yol aça bilər.

Dolların məzənnəsinin dəyişməsinə təsir edəcək ikinci önəmli xəbər isə 2016-cı ilin ilk rübündə ABŞ-da iqtisadi artım göstəricisinin yekun göstəricisinin açıqlanması olacaq. Belə ki, artıq açıqlanan ilkin göstəriciyə əsasən, ABŞ-da ilk rübdə iqtisadi artım 0,5% təşkil edib. Analitiklər bu gün ÜDM artımının son variantının 0,9% olacağını proqnozlaşdırırlar.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-da ilk rübdə ÜDM-in artım göstəricisinin proqnozlara yaxın açıqlanması FES rəhbərinin iyun və ya iyul ayında uçot dərəcəsinin artırılması barədə qərarına müsbət təsir edəcək və bu gün axşam J.Yellenin çıxışında bunu eşitmək mümkün olacaq. Nəticədə, dollar/avro cütlüyünün məzənnəsinin 1,10 USD/EUR səviyyəsinə qədər enməsi ehtimal edilir. Qeyd edək ki, ÜDM göstəricisi Bakı vaxtı ilə saat 16:30-a, J.Yellenin çıxışı isə 21:15-ə planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi