Yuxarı
    Bağlamaq

    ​Dolların gələcəyi bu gün müəyyənləşəcək

    ABŞ valyutası uzunmüddətli artım trendinə daxil ola bilər

    Bakı. 17 may. REPORT.AZ/ Bu gün ABŞ-da açıqlanacaq istehlak qiymətləri indeksinin gözləntiləri üstələyəcəyi təqdirdə Federal Ehtiyat Sisteminin (FES) iyun ayının 13-14-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılması ilə bağlı ehtimalları xeyli gücləndirəcək. "Report" xəbər verir ki, mart ayında ABŞ-da inflyasiya 0,1% olub və investorlar apreldə bunun 0,2% olacağını proqnozlaşdırırlar. İnflyasiya göstəricisinin bu həddən yüksək, yəni 0,3% və ya daha artıq olması dolların qlobal valyuta bazarında sərt şəkildə möhkəmlənməsi və bu trendin davam etməsinə şərait yaradacaq. Xatırladaq ki, FES üzvləri daha öncəki bəyanatlarında uçot dərəcəsinin artırılması şərtlərini ABŞ-da inflyasiya və qlobal maliyyə bazarında sabitliyə bağlı olduğunu qeyd ediblər. Hazırda qlobal maliyyə və fond bazarlarında stabil və müsbət tendensiya yaranıb. Məhz bu səbəbdən digər şərt - inflyasiya investorların diqqət mərkəzindədir. Bu gün, həmçinin ABŞ-da aprel ayında tikintiyə verilən icazələrin say göstəricisi açıqlanacaq. Bu göstəricinin 1,13 mln. ədəd olacağı proqnozlaşdırılır.

    Qeyd etmək lazımdır ki, keçən həftə ABŞ-da müsbət iqtisadi göstəricilər açıqlanıb. Belə ki, apreldə pərakəndə satışın baza indeksi 0,5% artım proqnozuna qarşı 0,8%, pərakəndə satışın həcmi isə 0,8% proqnoza qarşı 1,3% artıb.

    "Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin 80%-ə yaxın artım göstərməsi ABŞ-da istehlak qiymətləri indeksinin artmasına səbəb olacaq. Dolların qlobal valyuta bazarında zəifləməsi də idxal inflyasiyasının yüksəlməsinə gətirib çıxaracaq. Hər iki amil bu gün ABŞ-da aprel inflyasiyası ilə bağlı rəqəmin gözləntilərdən yüksək olmasına, bunun da öz növbəsində əsas valyuta cütlüyü sayılan USD/EUR-u hazırkı 1,13 səviyyəsindən 1,11 səviyyəsinə qədər azalmasına səbəb ola bilər. Nəticədə, qızıl və neftin də kəskin ucuzlaşması ehtimal edilir. Xatırladaq ki, sabahdan etibarən, FES-in növbəti iclasına qədər ABŞ-da önəmli iqtisadi göstərici açıqlanmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi