Yuxarı

​Doha anlaşılmazlığı: hələlik Rusiya İrandan incimir - ŞƏRH

Kremlə görə isə Tehran təkcə müttəfiq deyil, həm də Yaxın və Orta Şərqə nəzarət üçün bir meydandır

Bakı. 19 aprel. REPORT.AZ/ Qətərin paytaxtı Dohada aprelin 17-də Neft İstehsal edən Ölkələr Təşkilatına (OPEK) üzv olan və qurumda təmsil olunmayan hasilatçı dövlətlərin iştirakı ilə keçirilən toplantının nəticəsiz başa çatmasından daha çox, Rusiyanın məyus olduğu sirr deyil.

Görüşdə 17 ölkə, o cümlədən OPEK-ə daxil olmayan Rusiya, Azərbaycan, Meksika, Qazaxıstan və Oman iştirak edib.

Dohadakı toplantıdan əvvəl Rusiya bazarın tarazlaşması üçün neftin bir barelinin 45-50 dollar olmasını məqbul saydığını açıqlamışdı.

Bu görüşdə Kreml neftin ixracı deyil, yalnız "qara qızıl"ın hasilatının dondurulması ilə bağlı razılaşma sənədinin imzalanmasını istəyirdi.

Xatırladaq ki, növbəti danışıqların bu ilin iyununda keçiriləcəyi gözlənilir.

Aprelin 19-21-də isə Moskvada milli neft-qaz forumu keçiriləcək. Həmin tədbirə OPEC-in baş katibi Abdullah Səlim əl-Bədri və Səudiyyə Ərəbistanının neft sənayesi naziri Əli əl-Naimi də dəvət olunublar. Görüşün Doha sammiti sonrasına təsadüf etməsi onun əhəmiyyətini daha da artırır.

Əslində, neftin hasilatının azaldılması, yaxud dondurulması iqtisadiyyatı əsasən "qara qızıl"dan asılı olan istehsalçı ölkələrin hamısının marağındadır. Ancaq rəqabət bu sahədə də özünü göstərir.

Rəqabət əsasən OPEK-ə üzv Səudiyyə Ərəbistanı, İran və üzv olmayan Rusiya arasında gedir.

Səudiyyə Ərəbistanı rəsmiləri hasilatın həcminin dondurulması məsələsi gündəliyə çıxandan bəyan edirlər ki, İran bu məsələ ilə bağlı sazişi imzalayarsa, rəsmi ər-Riyad da bu addımı atacaq.

Onu da qeyd edək ki, ötən ilin iyulunda atom-nüvə problemi üzrə "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) ilə İran arasında razılaşma imzalanmazdan əvvəl neft bazarında belə bir vəziyyətin yaranacağı proqnozlaşdırılırdı. Heç şübhəsiz, bu ilin yanvarında İslam Respublikasına qarşı tətbiq edilən iqtisadi, o cümlədən neftlə bağlı sanksiyaların ləğvi həyata keçirilməyə başlandıqdan sonra mənzərə indiki halı almağa başladı.

Burada bir məsələyə də toxunmaq lazımdır. "Qara qızıl" bazarında qiymətin düşməsinə təsir edən başlıca səbəblərdən biri də Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsidir.

İranla Rusiya rəsmiləri bir-birini "dost, qardaş, strateji müttəfiq" kimi ifadələrlə tərifləyir. Bölgədə, özəlliklə Yəmən, Suriya, İraq məsələsində, hətta Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana münasibətdə belə mövqeləri ya üst-üstə düşür, ya da çox yaxındır. İran tərəfi hələ ayətullah Ruhullah Xomeyninin sağlığından Səudiyyə Ərəbistanını özünə düşmən, yumşaq desək, rəqib görməkdədir.

Krallıq dəfələrlə bəyan edib ki, İslam Respublikası ərəb dövlətlərinin, o cümlədən Bəhreyn,Yəmən, Küveyt, İraq və Suriyanın daxili işlərinə müdaxilə edir.

Başqa bir tərəfdən isə İrana qarşı sanksiyalar tətbiq edilən müddət ərzində Səudiyyə Ərəbistanı bazara neft ixracında xəsislik etməyib. Krallıq İranın bazara çıxardığı neftin hamısının qarşılaya biləcəyini gizlətmirdi.

Səudiyyə Ərəbistanında İranın müdafiə etdiyi Nimr əl-Nimrin bu il yanvarın 2-də "terror ittihamı" ilə edam edilməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.

Bu baxımdan indiki şəraitdə Səudiyyə Ərəbistanı kimi dövlətlərdən intiqam almaq növbəsi indi İrana keçib, yaxud qarşıdurma elə tənzimlənib ki, vəziyyət belə alınıb. Ər-Riyadla Tehranın ortaq məxrəcə gəlməsi həm də siyasi amillərdən asılıdır.

İslam Respublikası ilə Rusiya müttəfiq sayıldığından, Kremlin krallığa münasibətində də elə ciddi fərqli yanaşma müşahidə edilmir. Sadəcə olaraq, Moskva ər-Riyadı düşmən elan etməyib və s.

Odur ki, əsas problem iki "dostun, müttəfiqin" İranla Rusiyanın neft məsələsində bir-birinin marağına qarşı getməsidir.

Hər iki tərəf bunu büruzə vermək istəmir, Səudiyyə Ərəbistanını ittiham etməklə vəziyyətdən çıxmağa çalışır.

İranın OPEK-dəki daimi nümayəndəsi Mehdi Əsali təşkilata üzvləri və quruma daxil olmayan neft istehsal edən ölkələrdən bazarın sabitləşməsi üçün neft danışıqlarının davam etdirilməsini istəyib. O bildirib ki, OPEK üzvü olan və olmayan neft hasilatçılarının əksəriyyəti İranın mövqeyini dəstəkləyir: "Neft hasilatının səviyyəsini dondurmağı təklif edənlər İranın bu variantı qəbul etməkdən başqa seçiminin olmadığını düşünməklə səhvə yol verib".

İranın neft naziri Bijən Namdar Zəngənə bu günlərdə ölkə televiziyasındakı çıxışında bir ildə neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə – günə 4 milyon barelə çatdıracaqlarını deyib. Onun sözlərinə görə, İranın neft ixracatı artıq 2 milyon bareli keçib. Hasilat isə sutkada 3,5 milyon barelə çatıb.

Rusiyanın energetika naziri Aleksandr Novak Doha uğursuzluğunun məsuliyyətini İranın deyil, başqa dövlətlərin üzərinə yıxmaqla sanki müttəfiqlərinin müdafiə etməyə səy göstərib: "OPEK-ə üzv ölkələr, Səudiyyə Ərəbistanı və bəzi körfəz ölkələri iclas başlamazdan az əvvəl mövqelərini dəyişdi".

A.Novak deyib ki, onlar neft hasilatının dondurulması ilə bağlı fikri iclasda iştirak etməyən digər ölkələrin də dəstəkləməsinin zəruriliyini təklif ediblər: "Həmin iştirak etməyən ölkələr isə İran və Liviya kimi OPEK-ə üzv dövlətlər və təşkilata üzv olmayan nəhəng ixracatçılardır".

Göründüyü kimi, iqtisadi sanksiyalar götürüldükdən sonra avropalılar İranla əməkdaşlığa daha çox maraq göstərirlər. Heç şübhəsiz, İslam Respublikası ilə əməkdaşlığın bu istiqamətdə genişlənməsi həm də perspektivdə İranın Rusiyadan uzaqlaşması ilə də müşahidə edilə bilər. Mövcud siyasi-iqtisadi təzyiqlər fonunda Kremlin arzulamadığı başlıca məsələlərdən biri də bəlkə budur. Çünki İranın Qərbə meyillənməsi həm də özünə Moskvaya qarşı olan yeni müttəfiqlərin tapması ilə də müşahidə oluna bilər.

Kremlə görə isə Tehran təkcə müttəfiq deyil, həm də  Yaxın və Orta Şərqə nəzarət üçün bir meydandır. Bu baxımdan Rusiya İrandan belə görüşlərin nəticəsinə görə çətin inciyə...

Odur ki, iqtisadi və siyasi maraqlar toqquşduğundan, yaxın zamanlarda uzun illərin dostları (azından 35 il), Rusiya ilə İranın bir-birinə qarşı ciddi rəqibə də çevrilməsi mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi